Ya hamılıqla xoşbəxt, ya hamılıqla bədbəxt olacağıq

Baheddin heziKoronavirus sanki yeni bir qlobal… “din”dir. Normal bildiyimiz dünyəvi dinlərdən fərqləri var. O, insanın ruhunu deyil, bədənini istər. Bu üzdəndir ki, biz bu günlərdə qlobal ölçüdə – düşündüyümüzdən də çox-çox böyük ipoxondriya burulğanında fırlanırıq; hamını xəstələnmək qorxusu sarıb. Bu ruh halımızıın səbəbi mənə bir yerdən tanış gəldi; məşhur Amerika yazıçısı Sol Bellounun “Hersoq”undakı Mozes “yaşamağa borclu” olduğunu düşünür. Biz xəstələnməkdən, ölümdən qorxsaq da, qorxmasaq da, yaşamağa borclu olduğumuzu da bir an belə unutmuruq və buna da hər birimizin öz haqlı səbəbi var…

***
“Yaşamaq borcumuz” bizə xəstələnməməyi əmr edir. Bunun üçün edəcəyimiz ilk şey ipoxondriyadan qurtulmaqdır. “Nosebo effekti” adlanan bu sindroma yenik düşənlər hətta obyektiv bir səbəb olmadan da, xəstəliyə tutulurlar – elm sübut edib; istənilən xəstəliyin rişələri insan psixolojisindədir. Onu qidalandırdınsa, psixoloji irreallıqdan fizioloji reallığa, sonunda patologiyaya keçəcək. Yaşamaq borcumuz varsa, deməli, bizi yaşadacaq qaydalara da uyğunlaşmaq zorundayıq; təbiətdə hər gün eyni hava olmur – mülayim də olur, isti də, qızmar da, soyuq da. Yağış yağanda, qar düşəndə, buzlaşmada yol gedirsiniz. O zaman sizə: “Yollarda sürəti azaldın” xəbərdarlığı ediləcək. Hətta: “Xüsusi zərurət olmadıqda, avtomobildən istifadə etməyin” deyəcəklər. Bu qaydalara boyun əyməyənlərin öz boynunu “könüllü olaraq” taleyin edam kötüyünə qoyduğunu da çox görmüşük.

***
İnsan həyatını qorumağın qaydaları qanla yazılıb; əgər hansısa yolda sürət həddi, tutaq ki, saatda 60 kilometrdirsə, deməli, o rəqəmə gəlib çatana kimi nə qədər insan itirilib. Bu günlərdə içində yaşadığımız və uzanmasından tıncıxdığımız karantin rejiminin də belə bir emprik, məntiqi-psixoloji kökü, əsası var – insanı bəzən elə onun özündən qorumaq lazım gəlir. Bu, həm də Nosebo effektini – xəstələnmək qorxusundan yaranan xəstələnmələri azaltmaq üçün lazımdır. Koronavirus tipli epidemiyalar, pandemiyalar birinci dəfə deyil ki, insanın qapısını döyür; antik dövrlərdən bəri bəşəriyyət bu bəlaları görə-görə gəlib. Və bunun elmi də yaranıb. Əgər belə bir dönəmdə hansısa yasaqlar, qısıtlamalar varsa, bunun göydəndüşmə, volyuntarist qərarlar olduğunu düşünmək yersiz, hətta təhlükəlidir.

***
Biz bu karantin rejiminə nə qədər az əməl etsək, o, bir o qədər uzanacaq. Bu qədər sadə. Ancaq burda Servantesin də sadə, lakin çox anlamlı frazasını xatırlamamaq olmur: “Bütün ağrılara dözmək olar, yetər ki çörəyin olsun”. İnsanı içində yaşadığımız pandemiya dönəmində ipoxondriyaya yuvarlayan ən əsas səbəblərdən biri də, təbii ki, normal qidalana bilməmək fobisidir. 870 milyon insanın normal şərtlərdə aclıq çəkdiyi dünyada üstəlik pandemiyanın durdurduğu iqtisadiyyatlar var. Bax, bu zaman səhnəyə dövlət çıxır…

***
…Hələ antik dövrdə Epikür deyirdi ki, xoşbəxtlik axtarışı fərdi təşəbbüsdür, hər kəs ayrılıqda xoşbəxt olur. Ancaq on doqquzuncu əsrdə məşhur ingilis filosofu Ceremi Bentam dedi ki, yox, yalnız hamılıqla xoşbəxt olmaq mümkündür (“Vicdanlı adamsansa və ətrafında bədbəxtlər varsa, necə xoşbəxt ola bilərsən?!” mənasında). Özəlliklə bu pandemiya dövründə tək-tək xoşbəxt olmaq mümkün deyil; ya hamılıqla xoşbəxt olacağıq, ya hamılıqla bədbəxt olacağıq. Biz nədən birincini seçməyək ki?!

Bahəddin Həziyev

 

 

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir