Bu gün Azərbaycan Mətbuat Şurasında bu mətbu qurumun və “Dünyagöz” klinikasının təşəbbüsü ilə, media nümayəndələri üçün göz müayinəsi başlandı.
Milli mətbuatımızın yaranmasının 149 illiyi münasibəti ilə keçirilən bu önəmli aksiyada “Araz” Media Qrupunun əməkdaşları da iştirak etdilər. Klinikanın təcrübəli həkim heyəti tərəfindən aparılan müayinə zamanı, onlar öz sifət xoşluqları və həlim danışıqları ilə, nəinki bizim qələm sahiblərini, həmçinin yoxlanışa gələn digər media vasitələrinin nümayəndələrini belə işıqlı sabahlara ruhlandırdılar. Onların tibbi məsləhətlərinin və tövsiyyələrinin isə, bizim üçün daha faydalı olacağına şübhə yeri qalmadı. Məhz bunlara görə də, onlara dərin təşəkkürümüzü və minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik.
Yeri gəlmişkən, araztv.com onu da bildirir ki, bu gün saat 15.00-dək davam edəcək bu aksiyada iştirak edənlərin əksəriyyəti müayinənin cavablarını yerində alırlar. Bəzi iştirakçılara isə, cavablar, müvafiq tibbi prosedurlar yerinə yetirildikdən sonra, “Dünyagöz” klinikası tərəfindən fərdi qaydada çatdırılacaq. Müayinə ilə bağlı əlavə məlumat almaq istəyənlər, hətta “Dünyagöz” klinikasının *4469 şəhər telefonuna və ya [email protected] elektron ünvanına belə müraciət edə biləcəklər.
Fərhad MƏMMƏDOV,
araztv.com xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.