Şokolad istehsalının əsas tərkib hissəsi olan kakao paxlasının bahalaşması rekordlar qırmaqda davam edir, lakin qlobal tələbata hələ də təsir etməyib.
araztv.com xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Nəşrin sorğusunda iştirak edən analitiklər hesab edirlər ki, kakaonun qiyməti daha da arta bilər. Qlobal istehsalın təxminən 75%-ni təşkil edən Qərbi Afrikadan kakao tədarükü ilə bağlı narahatlıqlar son aylarda bazarı gücləndirib. Nyu-York birjasında kakao paxlasının fyuçersləri çərşənbə günü bir metrik tonu 6,549 dollara satılıb. Qiymət bu günə qədər 57%-dən çox artaraq keçən ay ilk dəfə 6,000 dolları keçib.
“Adətən kənd təsərrüfatı məhsulları üçün belə astronomik yüksək qiymətlərlə tələbin azalacağını gözləyərdiniz, lakin kakao vəziyyətində bunu görmürük”, deyə “Rabobank” analitiki Paul Yoles bildirb.
Onun sözlərinə görə, səbəblərdən biri şokoladın istehlakçılar üçün “olmazsa olmaz” olaraq qalmasıdır. Bundan əlavə, bir çox istehsalçılar əvvəlcədən bağlanmış müqavilələr əsasında kakao alırlar.
Paul Yoles ilin ikinci yarısında çox sıx tələb və təklif vəziyyəti fonunda tələbin bir qədər yumşalacağını gözləyir.
“Əsas sual, tələbin əhəmiyyətli dərəcədə azalmasına və bazarı yenidən balanslaşdırmaq üçün kakao qiymətlərinin nə qədər yüksələ biləcəyidir”, deyə ING analitiki Uarren Patterson bildirib
Əsas problem əlverişsiz hava şəraiti ilə əlaqədar Qərbi Afrikadan tədarükün azalmasıdır. Kot-d’İvuar dünya istehsalının 44%-ni, Qana isə 14%-ni təşkil edir. 2023-cü ildə yağıntıların çox olması xəstəliyin yayılmasına və logistik çətinliklərə səbəb olub, quraqlıq və güclü küləklər isə bu il yeni narahatlıqlar yaradır.
araz.az xəbər portalı.