Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Artıq 100 yaşını qeyd etdiyimiz bu şanlı bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratiyanı, yaşıl rəng isə, islamçılığı tərənnüm edir.
Bundan əvvəlki bayrağımızın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının ömrü qısa olub: 21 iyun 1918-ci il – 9 noyabr 1918-ci il. araztv.com Trend-ə istinadən bildirir ki, ağ aypara və səkkizguşəli ulduzdan ibarət həmin al bayraq, 9 noyabr 1918-ci ildən müasir bayrağımızla əvəzlənib.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edildi. Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalayıb. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.
Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb.
Hörmət və ehtiramla,
“Araz” Media Qrupunun və araztv.com xəbər portalının kollektivi.
araz.az xəbər portalı.