CƏLİLABADLI AĞBİRÇƏK ANA YUXARI İNSTANSİYA RƏHBƏRLƏRİNDƏN İMDAD DİLƏYİR…

WhatsApp Image04112018011.jpg

…O, oğlunu şərləyərək həbsə atdıran rayon polis və hərbi komissarlıq əməkdaşlarının əlindən “qan ağlayır”
“Araz” Media Qrupunun və araztv.com xəbər portalının redaksiyalarına Cəlilabad rayon sakinlərindən şikayət xarakterli çoxsaylı müraciətlər daxil olub. Şikayətçilərdən biri Cəlilabad şəhəri, Vüqar Niftullayev küçəsi, ev, 42 ünvanında yaşayan Quşvər Xanlar qızı Əliyevadır. Ağbirçək ananın ölkə başçısı İlham Əliyev cənablarına, respublikanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, həmçinin bir sıra yuxarı instansiya rəhbərlərinə və media vasitələrinə də ünvanladığı bu şikayət ərizəsində, o, oğlunun – iki azyaşlı uşaq atası olan Fikrət Məhərrəm oğlu Əliyevin xeyli vaxtdır şərlənərək, qurama ittihamlar əsasında rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında qanunsuz saxlanmasından hədsiz narahatlığını ifadə edir. Şikayətçi ana müraciətinin əvvəlində və sonunda Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindəki müraciət etmə hüququndan istifadə edərək, hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarının müdafiəsinə borclu olan yuxarı instansiya rəhbərlərindən imdad dilədiyini dönə-dönə dilə gətirir. Yazdıqlarının əsas məğzindən isə, tam aydın olur ki, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin rəisi Asəf Əhmədovun, onun şöbədəki “sağ əli” kimi ad çıxaran Elsevər adlı işçisinin, eləcə də hərbi komissarın sifarişi əsasında oğlu Fikrəti səbəbsiz həbsə atmaqdan çəkinməyən rayon Polis Şöbəsinin İlqar adlı müstəntiqinin heç bir qanun və vicdan çərçivəsinə sığmayan bəd əməlləri vaxt ötdükcə narahat anaya daha məyus günlər gətirir:

“Müharibə şəraitində və torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin böyük bir bölgəsinin Hərbi Xidmətə Çağırış qurumunu bir vaxtlar Həsrət İsmayılov hər addımında qanunsuzluqlar hökm sürən arzuolunmaz bir məkana, doğrusunu desək, əsl “ticarət mərkəzinə” çevirmişdi. İndi də, bu vəzifəsindən gedərkən, sabiq komissarın hədsiz təkidi hesabına onun kreslosunda oturdulan Asəf Əhmədov, öz bədəməl sələfi kimi, onun çirkin əməllərini bu məsul vəzifədə davam etdirməkdən əsla qorxub-çəkinmir. Rayonun sağlam gənclərinin valideynlərindən aldığı külli miqdarda rüşvət müqabilində, onları qeyri-qanuni sənədlərlə “xəstə çıxaran” hərbi komissarın, müharibə şəraitində narahat günlər keçirən Vətənin taleyi sanki vecinə deyil. Bir sözlə, iyrənc üsullarla cəlilabadlı cavanları hərbi xidmətdən yayındırmağı bacaran Asəf Əhmədov, özü kimi, onları da müqəddəs Vətən sevgisindən məhrum edir.
Möhtərəm Prezident!
Çox hörmətli xanımlar və cənablar!
Maddi cəhətdən imkanı yaxşı olan valideynlərdən 3000 – 3500 manat rüşvət almaqla, onların sapsağlam övladlarına hərbi xidmətə yararsızlıq sənədi düzəldən, belə saxta sənədlər hesabına onları hərbi xidmətdən yayındıran Asəf Əhmədovun bu cür bəd əməlləri bölgədə çoxlarını narazı salır. Belə xösagəlməz fakltarla bağlı tutulmamışdan əvvəl oğlum Fikrət də bizə xeyli sənəd vermişdi. Elə, onda deyirdi ki, hərbi komissar və onun əlaltıları onu gözümçıxdıya salıb, başına oyun açmaq istəyirlər. Oğlumun öncədən dediyi kimi də oldu. Onu həbs etdirə bildilər. Hərbi xidmətdən qeyri-qanuni yolla yayındırılan sağlam gənclərin siyahısı isə, sübut olaraq bizdə qaldı. İndi onların siyahısını sizə də təqdim edirəm:
– Rayonunun Şiləvəngə kəndindən olan 1990-cı il təvəllüdlü Taleh Xanlar oğlu Sücəddinov;
– Xənəgə kəndində yaşayan 2000-ci il təvəllüdlü Elmin Həmid oğlu İsmayılov;
– Xəlilabad kəndində yaşayan 1999-cu il təvəllüdlü Nicat Faiq oğlu Qəhrəmanov;
– Cəlayır kəndində yaşayan 2000-ci il təvəllüdlü Şamo Eyvaz oğlu Mirişov;
– Təzəkənd kəndində yaşayan Röyal Mahir oğlu Zeynalov;
– Alar kəndində qeydiyyatda olan və 1999-cu il təvəllüdlü Rəşad Hikmət oğlu Quliyev;
– Cəlilabad şəhərində yaşayanlar — 1995-ci il təvəllüdlü Hüseyin Məhəmməd oğlu Kərimov, 2000-ci il təvəllüdlü Famil Balaxan oğlu Süleymanov, 1994-cü il təvəllüdlü Ceyhun Fikrət oğlu Abdullayev və s., və i.
Bəli, yuxarıda qeyd etdiyim həmin gənclər, sapsağlam olsalar da, 3500 manat rüşvət qarşılığında hərbi xidmətə yararsız hesab ediliblər. Asəf Əhmədovun bağışlanmaz günahı ucbatından, onlar kimi bədbəxt edilmiş gənclərimiz çoxdur. Hətta, bir faktı da qeyd edim ki, Vətənini canından çox sevən oğlum Fikrət Əliyev bu biabırçılıqlara dözməyərək, 20.05.2018-ci il və 15.06.2018-ci il tarixlərində yuxarı təşkilatlara şikayət məktubları yazaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin rəisi Asəf Əhmədovun rüşvətxorluğunu tam çılpaqlığı ilə ortaya qoyub. O, həmin şikayət məktublarında Cəlilabad şəhərində yaşayan Əmrah Vahid oğlu və Orxan Mürsəl oğlu Sərifovların, Nahid Sabir oğlu Zəkiyevin sağlam olduqlarını danılmaz sübutlarla ortaya qoyduğu halda, bu ciddi və qanqaraldıcı faktlara lazımi təşkilatlarda fikir verən tapılmadı. Elə, həmin şəxslər də, başqaları kimi, qeyri-qanuni sənədlər üzərində xəstə hesab edilərək, hərbi xidmətə yararsız hesab olundular.
Ümumiyyətlə, Asəf Əhmədovun bütün qanunsuz əməlləri ilə bağlı oğlum Fikrət Əliyevin yazdığı şikayət məktubları məndədir və sürətlərini indi yazdığım ərizələrə tikərək, lazımi ünvanlarına göndərirəm.
Bu yerdə, onu da qeyd etməyi vacib bilirəm ki, oğlumun həbsindən təxminən bir ay əvvəl Asəf Əhmədov adlarını az öncə çəkdiyim Vahid və Mürsəl Sərifovları, eləcə də Sabir Zəkiyevi öyrədərək, gecə vaxtlarında bizim evə göndərmişdi. Həmin adamlar həyat yoldaşım Məhərrəm Əliyevi həyətə çağıraraq, oğlum Fikrəti soruşmuşdular. Atası oğlumun bizimlə yaşamadığını bildirdi və gecə olduğundan, həyətimizə gələnləri səhər açılanda işlətdiyi qəssab dükanımıza dəvət etdi ki, orada söhbət etsinlər. Onlar isə, həyat yoldaşım Məhərrəmin sözünə məhəl qoymayaraq, həyətimizdən birbaşa həmin andaca oğlum Fikrətin evinə basqın etdilər. Gəlinimiz həyətə çıxıb, Fikrətin evdə olmadığını bildirdi. Onlar isə, deyilənlərə məhəl qoymayaraq, oğlumun həyət darvazasını, eləcə də evini daşa basıblar. Bu həngamə oğlumun həyat yoldaşını və azyaşlı uşaqlarını olduqca qorxudaraq, hətta ikinci sinifdə oxuyan azyaşlı qız nəvəmin qorxudan dili tutuldu. Bir faktı da qeyd edim ki, oğlum evinə basqın olunması ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə şikayət etdi. Hələ indiyədək onun şikayətinə rayon polisi baxmayıb. Lakin oğlumun özü qurama ittihamlarla indiyədək şöbənin müvəqqəti saxlama kamerasında həbsdə saxlanır. Bu da onu tam sübut edir ki, Asəf Əhmədovun verdiyi rüşvət, onunla yaxından əlbir olmaq Cəlilabad rayon Polis Şöbəsinin İlqar kimi əməkdaşlarını çoxdan susdurub. Buna daha bir sübut olaraq, onu da qeyd edim ki, təxminən 25 gün bundan əvvəl, oğlum Hacı Zaur adlı bir şəxsin Cəlilabad şəhərindəki “İki əlli” kafesində yemək yeyərkən, komissarlığın Elsevər adlı adını yuxarıda çəkdiyim işçisi bilərəkdən onu acı sözlərlə təhqir etmiş, orada Fikrətlə mübahisə üçün münbit şərait yaratmağa cəhd etmişdir. Bu zaman Cəlilabad rayon Polis Şöbəsinin müstəntiqi İlqar “İki əlli” kafesinə gələrək, Fikrətə: “Səni həbs edəcəm!” – deyib, hədələmişdir. Fikrət müstəntiq İlqara: “Burada cinayət baş verməyib, bura niyə gəlibsən?! Elsevər mənimlə mübahisə etməyə cəhd göstərir. Günah ondadır. Əgər Elsevər şikayət edibsə, qoy, məni təhqiqatçı şöbəyə çağırsın…” – deyə, narazılığını ona çatdırıb. Beləcə, oğluma kələk gələrək, onu şərə salıblar.
İndi Cəlilabadda hamı bilir ki, oğlum Fikrətin günahı ondan ibarətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin rəisi Asəf Əhmədova acı şəkildə etirazını bildirib ki, sağlam gəncləri rüşvət alıb, başlarına oyun açaraq, hərbi xidmətdən yayındırmaqla, onların Vətən sevgisini öldürməsin. Bəyəm, pullu adamların oğlanları və pulları Prezidentimiz İlham Əliyevin oğlundan artıqdır?!.
Onu da, Cəlilabadda hamı yaxşı bilir ki, Asəf Əhmədovun arxasında onun havadarı – SHXÇDX-nin təhqiqat rəisi Həsrət İsmayılov dayanır. Onu belə biabırçı əməllər törətməyə “ruhlandıran” da Həsrət İsmayılovdur. Hətta, o, oğlum Fikrəti 13.06.2018-ci il tarixdə öz xidməti otağına dəvət edərək, söhbət əsnasında ondan xahiş edib ki, onun və SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun şikayət məktublarından adını çıxarsın. Fikrət Həsrət İsmayılovun təklifini israrla rədd edib. Elə, bu zaman 3 nəfər şəxs otağa daxil olub. Fikrətin üstünə hücum edərək, 2 nəfər onun qollarını tutub, 1 nəfər isə, onun ağzını əli ilə tutaraq, səsinin çıxmasına imkan verməyib. Bu zaman Həsrət İsmayılov zor tətbiq edərək, zorla Fikrətə qabaqcadan hazırlatdığı izahata imza atdırıb.
Bütün bu faktlar oğlum Fikrətin tutulmamışdan xeyli öncə yazdığı şikayət ərizəsinin surətində göstərilib.
Bu ana kimi, məni, oğlumun oktyabr ayının ortalarındanl rayon Polis Şöbəsində saxlanılması olduqca narahat edir. Gecəm-gündüzüm belə yoxdur; Necə deyərlər, “günüm göy əskiyə bükülüb”. Onu şərləyib, haqqında CM-nin ağlagəlməz müxtəlif ağır maddələri ilə cinayət işi açdıqlarını eşitmişik. Bizim onunla görüşməyimizə belə imkan verilmir. Bu səbəbdən ki, ona verdikləri fiziki işgəncələri görməyək. Eşitdiyimizə görə, hətta bu faktları özlərisayaq “sığortalayıb” ört-basdır etmək üçün, müstəntiq İlqar və Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Şöbəsinin rəisi Vüqar öz əllərini kəsərək, qanlarını töküblər. Guya, Fikrətin onlara xəsarət yetirdiyini “aləmə car çəkiblər”. Bir sözlə, oğlum böhtanla şərlənib.
Onu da qeyd edim ki, Asəf Əhmədov, hətta bir nəfəri öyrədərək, Cəlilabad rayon Polis Şöbəsinə göndərib. Həmin adam orada şikayət ərizəsi yazıb. Bildirib ki, guya, Fikrət ondan 3150 manat pul alıb, lakin qabaqcadan söz verdiyi kimi, onun oğluna hərbi bilet düzəltməyib. Sonradan həmin adam yazdığı şikayət ərizəsini zorla geri alıb. Bir sözlə, Fikrət haqqında öyrədilib, şikayət edən adamlar öz şikayətlərini geri götürüblər, Lakin Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları ilə əlbir olan Asəf Əhmədov, nə yolla olursa-olsun, Fikrətin tutulmasına çalışırlar.
Cənab Prezident!
Azərbaycan vətəndaşı, başı yaylıqlı bir qadın olaraq, Sizi özümə hərtərəfli mənəvi dayaq bilib, qarşınızda diz çökür, göz yaşları içində Sizə yalvarıram: Himayəsində iki azyaşlı övladı olan, “Hepatit — C” xəstəlikli əlil oğlum Fikrət Əliyevə kömək göstərməyinizi Sizdən xahiş edirəm.
Yuxarıda adını qeyd etdiyim rüşvətxor, dövlətin qanunlarına zidd gedən harın kreslo sahiblərinin isə, məsuliyyətə cəlb olunmaları haqqında öz ciddi göstərişlərinizi verməyinizi də Sizdən rica edirəm!”.
Şikayətçi ananın ərizəsindəki bəzi faktları dəqiqləşdirmək və qaranlıq məqamlara aydınlıq gətirmək üçün, Cəlilabaddan redaksiyamıza ötürülən məlumatlarının dəqiqliyinə şübhəmiz olmayan etibarlı mənbəmizə müraciət etdik. Mənbəmiz də, ərizədə göstərilən faktların dəqiqliyini sübut etdi. Onu da, xüsusi vurğuladı ki, 2-ci qrup əlil, “Hepatit – C” qaraciyər serrozu xəstəsi olan Fikrət Əliyev rayonda fəal ictimaiyyətçi kimi tanınıb:
“O, ictimai fəal olaraq, bölgənin ictimai mühitindəki belə neqativ hallara qarşı daim barışmaz olub. Elə, bu fəallığı və neqativliklərlə barışmazlığı da, çox vaxt onu bəlaya salıb. Hazırda danılmaz bir fakt da göz qabağındadır ki, o, yenə şərlənərək, həbs edilib, Eşitdiyimə görə, haqqında Cinayət Məcəlləsinin 221.1, 221.3 və 315-ci maddələri ilə cinayət işi açıblar. Səbəbi isə, ondan ibarətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin rəisi Asəf Əhmədovun və həmin şöbənin Elsevər adlı işçisinin burada yaratdıqları qanunsuzluq mühitinə Fikrət Əliyev daim kəskin etirazını bildirib. Ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsini istər keçmiş, istər indiki rəhbərlik qorxub-çəkinmədən həmişə ticarət mərkəzinə çeviriblər. Onların qanunlarımıza zidd belə əməlləri yalnız Fikrət Əliyev kimi fəalları deyil, bütün rayon ictimaiyyətini narahat edib. Bu etirazlardan doğan xoşagəlməz nəticələr isə, göz qabağındadır – əzab-əziyyətinin ağrısını fəallar çəkirlər. Onları müdafiə edən hansısa dövlət qurumu tapılmır ki, tapılmır!..”
Redaksiyamız mövzunu diqqətdə saxlayır. Bu istiqamətdə araşdırmalarımızı da davam etdiririk.
Məhi ELSEVƏR,
Malik MİRZƏ,
araztv.com xəbər portalının xüsusi müxbirləri.

0411201801101.jpg

0411201801102_Page_1.jpg

 

0411201801102_Page_2.jpg

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir