Hərbi xidmətlə bağlı yaş həddinin artırılması nə ilə əlaqədardır? – AÇIQLAMA

“Hərbi xidmətlə bağlı yaş həddinin artırılması məsələsi bu günə deyil, gələcəyə hesablanıb. Çünki yaşadığımız regionda gərginliklər qaçılmazdır. Azərbaycan dövləti gələcəkdə hansısa təhlükənin olacağını indidən gördüyü üçün belə addımlar atır”.

araztv.com   bildirir ki\, bunu KONKRET.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Səxavət Məmməd bildirib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu bundan sonra peşəkar ordu sisteminə keçməlidir. “Yəni çağırışçılar müxtəlif formalarda və adlarda formalaşmalıdır. Amma dövlətimiz bu istiqamətdə bir çox maraqlı addımlar atdı. Bunlardan biri də hərbi çağırışdan yayınma ilə bağlıdır. Misal üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində komissiyalar yaradıldı. Nəticədə saxta yollarla hərbi xidmətdən yayınma demək olar ki, mümkünsüz oldu. Hətta vaxtilə müxtəlif yollarla hərbi xidmətdən yayınanlar da hərbi xidmətə çağırıldılar”.

Ekspert zabitlərin hərbi xidmət müddətinin artırılmasına da diqqət çəkib. Bildirib ki, əvvəllər 20 il xidmət edən şəxs istənilən vaxt ordu sıralarından xaric ola bilərdisə, artıq bu müddət 25 ilə qaldırılıb. “Buna əsas səbəblərdən biri də kadr çatışmazlığı idi. Həmçinin, 20 il hərbi xidmətdə olanlara heç bir əlavə maddi təminat da yox idi. Buna görə də bir çox hərbçilər ordudan tərxis olmağa qərar verirdilər”. Səxavət Məmmədin qənaətinə görə, hərbi xidmətlə bağlı yaş həddinin artırılması məsələsi bu günə deyil, gələcəyə hesablanıb. “Çünki yaşadığımız regionda gərginliklər qaçılmazdır. Azərbaycan dövləti gələcəkdə hansısa təhlükənin olacağını indidən gördüyü üçün belə addımlar atır”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, qanundakı bu dəyişiklik möhlət hüququ alan şəxslərin orduya cəlb olunmasına münbit şərait yaradacaq: “Digər tərəfdən, peşəkar xidmətdə olanların da xidmətdə son yaş həddi artırılıb. Bu qərar qəbul edilən günə qədər 17 illik xidməti olan heyətə aid edilmir. Lakin 17 ildən az xidməti olanlar daha uzun müddətdə – 25 il ərzində orduda xidmət edəcəklər. Bu isə onların pensiya təminatına 15 faiz əlavə maliyyə vəsaitinin hesablanması ilə nəticələnəcəkdir”.

Ekspertin fikrincə, istənilən halda qəbul edilən bu qərar Azərbaycan Ordusunun şəxsi heyətlə komplektləşdirilməsinə kifayət qədər müsbət təsir göstərəcək.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir