Nüfuzlu beynəlxalq qurumun rəhbər Baş katibi Aleksandr Şapiro — Suliman, söküntü zamanı yaranan qalmaqalda baş verən özbaşınalıqları əsl vandalizm adlandırdı
Bir müddətdir, paytaxt Bakının Səbail rayonu ərazisində başlayan söküntü dalğasının fəsadları da, ölkə ictimaiyyətinə xoş olmayan təsirli anlar yaşadır. Artıq, söküntü dalğasının fəsadları, beynəlxalq ictimaiyyətin də, ciddi narahatlığına səbəb olub. Son iki-üç gündür ki, Səbail Rayon Bələdiyyəsinin sədri Hacı Əliyevin təhriki ilə, icra başçısı Vüqar Zeynalovun “qoçu dəstəsinin”, rayon ərazisindəki Salyan şosesi, 32 deyilən ünvanda, 5 nəfər doğma-yaxını Qarabağ uğrunda gedən savaşlarda şəhid olan imkansız qadının — yalnız uzun zamandır Yeni Azərbaycan Partiyasının üzvü olmağıyla daha çox öyünən Zəkiyyə Həziyevanın çoxdan yaşadığı evini başına uçurtması ilə bağlı, ölkə mətbuatı ilə bərabər, “Araz” Media Qrupundakı araztv.com xəbər portalı da, təəssüf və məyusedici epizodlarla zəngin yazılar dərc edir. Sayt və Facebook linkləri bunlar olan ( https://araztv.com/?p=49157,
https://www.facebook.com/100063733453502/posts/pfbid0Jw47a1Wp7Lqiv9uxKM7aQR4rZxoivrusVdMSaGVTjmmerUqHMM9NEiY4Vd6ktQV7l/?sfnsn=mo ) araztv.com-ın son yazısında xüsusi olaraq qeyd olunanlar isə, necə deyərlər, artıq, insan azadlıqlarının, onların hüquq və haqlarının müdafiəçisi kimi, beynəlxalq aləmdə yüksək nüfuz qazanan İsraildəki Dünya Xalqları Alyansını da, “ayağa qalmağa məcbur edib”.
Baş verənlərə bu ciddi reaksiya barədə, etibarlı mənbələrimiz tərəfindən, araztv.com-a daxil olan məlumatda deyilir ki, rəhbər Baş katibi tanınmış ictimai-siyasi xadim, Beynəlxalq İnsan Hüquqları Komitəsinin komissarı,
Sülh Səfiri, İsrailin Xaricdə Yaşayan Həmvətənləri Federasiyasının Prezidenti, fəlsəfə və humanitar elmlər doktoru Aleksandr Şapiro — Suliman olan və ölkəmizdə də yaxşı tanınan bu nüfuzlu qurum adından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili — ombudsman Səbinə xanım Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, digər əlaqədar dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, nüfuz sahibi insan azadlıqları, onların hüquq və haqları müdafiəçiləri təşkilat və qurumların başçılarına, eləcə də, bu biabırçı özbaşınalığı törədən harın vəzifə sahiblərinin özlərinə, etiraz, ittiham və çağırış xarakterli Müraciət ünvanlanıb.
Mənbənin sözlərinə görə, bu Müraciətdə də, başçını vətəndaşa qarşı belə hörmətsizlik etməyə, “Moduleks”in rəhbər şəxsləri ilə əlbir olan rayon bələdiyyəsinin sədri Hacı Əliyevin təhrik etməsi xüsusi vurğulanıb. Ciddi çağırış kimi, xüsusi olaraq o da qeyd edilib ki, Dünya Xalqları Alyansı, zərərçəkmiş həmin imkansız xanımın çoxdan yaşadığı evinin bu cür vəhşicəsinə dağıdılmasını, əsl vandalizm əməli olaraq qiymətləndirir. Bu səbəbdən, zərərçəkmişin çoxdan yaşadığı bu ev, günahkarlar tərəfindən təcili bərpa olunmalı, ona dəyən maddi-mənəvi ziyan dərhal ödənilməli, üstəlik, bu qatı cinayət əməlini törədənlər, kimliyindən asılı olmayaraq, məsuliyyətə cəlb olunmalıdırlar.
Müraciət məsələsinə tam aydınlıq gətirilməsi ilə bağlı, araztv.com-ın əməkdaşları olaraq, Alyansın Baş katibinin özü ilə əlaqə yaratmaq cəhdimiz, bir-neçə zəngdən sonra baş tutdu. Telefon zəngimizə cavab verən Aleksandr Şapiro — Suliman yalnız bunları deməklə kifayətləndi:
— Doğrudan da, bu, dəhşət doğuran bir vandalizm nümunəsidir. Dəhşət, həm də ondadır ki, möhtərəm Prezident, artıq, erməni əsilli Azərbaycan vətəndaşlarına qarşı, Ermənistanın cinayətkar hökumət başçılarının təhrik və şirin vədlərinə uyaraq, daşnak tör-töküntülərinin Qarabağda törətdikləri vandalizm əməllərindən danışır, onların haqq və hüquqlarının bərpasını önə çəkərək, bağışlanmaz günahları ucbatından, onlara vurulan külli miqdarda maddi-mənəvi ziyanı təcili ödəmələri və yaşayış yerlərini bərpa etmələri üçün, Ermənistanın cinayətkar hökumət başçılarına ciddi çağırışlar edib, qarşılarında daha vacib tələblər qoyur. Bu dediklərim belə, paytaxt Bakıda bu cür vandalizm əməlləri törədən harın məmurların veclərinə deyil.
Bəli, zərərçəkmiş xanım da düz deyir və siz də düz yazırsınız ki, mövcud Azərbaycan qanunvericiliyinə əsasən, hazır tikilini sökmək səlahiyyəti yalnız, məhkəmələrə aiddir. Məhkəmə müvafiq qərar çixardıqdan sonra, Ədliyyə Nazirliyinə tabe olan rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə, söküntü həyata keçirilə bilər. Bu olmadan, bu xanımın evi necə başına uçurdula bilər?!
Facebook üzərindən qazandığım virtual dostlarımın səhifələrindən oxudum sizin yazınızı. Yazılanlar və inkarolunmaz fakt və sübutlarla dopdolu video-görüntülər, fotolar məni dəhşətə gətirdi. Bir Ana Fəryadı eşitdim: Evi başına uçurulan Zəkiyyə Həziyeva Səbailin başçısı Vüqar Zeynalovu və bələdiyyə sədri Hacı Əliyevi “ağ yuyub, qara sərib” öz müsahibə və səsli mesajlarında. Belə bir hal, həm başçı, həm də bələdiyyə sədri üçün ölümə bərabər olmalı idi!
Bu gün xəbər tutdum ki, zərərçəkmiş həmin imkansız xanım, qalmağa yeri olmadığı səbəbindən, dünən gecə, yenə yaxşı dostların köməyi ilə, uçurdulan evinin yanında palatka qurub. Bunu eşidən icra başçısı və bələdiyyə sədri daha da aqressivləşiblər. Bu dəfə, əraziyə yeridilən traktor-buldozerlərin köməyi ilə, “qoçu dəstəsi”, buradakı tikinti görüntülü qalan hər şeyi darmadağın edib. Bu azmış kimi,
icra başçısı həmin ərazini hasarlatdırır da. Bütün bunların, adamı dəhşətə gətirən video-çəkilişləri də, artıq, əlimdədir. Ürək dözmədi və təşkilatımız adından, bu Müraciəti imzalamağa məcbur olduq.
Onu da qeyd etmək istəyirəm ki, Həmin yazılarda xüsusi olaraq o vurğulanıb ki, “Moduleks” şirkətinin tamahkar rəhbər şəxsləri, bir vaxtlar, ölkədə tanınan və nüfuzlu “Arqon” şirkətinin, bu qalmaqallı ərazinin qonşuluğunda yerləşən böyük torpaq sahəsini də, tamah salaraq, qanunsuz zəbt etmək istəyirlər. Deməli, həmin ərazidəki torpaq sahibləri də, tezliklə, belə bir utancverici aqibət yaşayacaqlar.
Halbuki, onlara da, bu bələdiyyə torpağı, qanun çərçivəsində, indi söküntüsü gedən ərazidə Osman Tanrıverdiyev, Zəkiyyə Həziyeva, Rövşən Feyziyev, Üzeyir Allahverdiyev, Zinyət Tanrıverdiyeva… ad və soyadlı vətəndaşlara verildiyi kimi, verilib. Onlar, hətta bu torpaq sahələrinin bələdiyyənin alqı-satqı aktlarındakı rüsum vəsaitlərini də, o vaxtlar, bələdiyyə hesabına tam olaraq ödəyiblər…
…Bu — vandalizmdir! Daha nə deyə bilərəm?!. Müraciətimizin tam mətninin surətini, iki-üç günə, redaksiyanıza da göndərə bilərik. Oxuyun, qiymətini özünüz verin!
Bu yazımızı, elə, burada nöqtələyirik. Dəyərli oxucularımıza məsləhət görürük ki, araztv.com-ı izləsinlər. Alyansın hamı üçün maraqlı olacaq Müraciətini, tam mətni ilə, araztv.com-da dərc etməyi, hətta qurum Baş katibinin belə barəsində söz açdığı tükürpədici həmin video-görüntüləri, foto-şəkilləri və səsli mesajları, həmin yazımızda verməyi planlaşdırmışıq.
Malik MİRZƏ,
Məhi ELSEVƏR,
araztv.com xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.