Azərbaycanın tanınmış və vicdanlı tarixçi alimlərindən biri kimi tanınan Kərəm Məmmədli vəfat edib.
Bu barədə araztv.com-a onun yaxınları məlumat veriblər.
Onlar açıqlamalarında bildiriblər ki, gecə saatlarında tarixçi alimin vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib.
Ürəktutmadan vəfat etdiyi ehtimal olunan Kərəm Məmmədli Gürcüstanın Gəyliyən kəndində, 1965-ci ilin fevral ayının 22-də dünyaya gəlib. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra, o vaxt Azərbaycan Dövlət Universiteti kimi tanıdığımız indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub.
1983–1985-ci illərdə Əfqanıstanda hərbi xidmət keçib, əsgərlikdən qayıtdıqdan sonra isə, təhsilini davam etdirib. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün, Leninqrad Dövlət Universitetinin Tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilib. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib.
1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş laborant kimi işə başlayıb, eyni zamanda, əyani aspiranturada təhsil alıb. 1995-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışıb, Azərbaycan və rus bölmələrində “Antropologiya”, “Qafqaz xalqlarının antropologiyası”, “Qafqaz xalqlarının etnoqrafiyası”, “Etnoqrafiya”, “Ermənilərin tarixi”, “Gürcüstan tarixi”, “Antropometriya” fənlərini tədris edib.
“Antropologiyanın əsasları” və “Qafqaz xalqlarının etnoqrafiyası” dərsliklərinin müəllifidir. 1996-cı ildə “İslamaqədərki Azərbaycanda dini inanclar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapıb.
1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olub, 1998-ci ilin fevral ayında Beynəlxalq Altayşünaslıq konfransında “Altay xalqlarında şamançılıq” mövzusunda elmi məruzə ilə çıxış edib. 2004-cü ilin iyul ayında Bakı Dövlət Universitetinin “Arxeologiya ve Etnoqrafiya” kafedrasının dosenti vəzifəsinə seçilib.
2009-cu ilin fevralında nümayiş etdirilən “Borçalı” filminin ssenari həmmüəlliflərindən biridir. 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib.
Azərbaycan, türk və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə, orta səviyyədə bilən tarixçi alim 3 övladı atası olub.
“Araz” Media Qrupunun və araztv.com xəbər portalının kollektivi olaraq, bizim üçün çox ağır olan bu acı xəbərdən təəssüfləndiyimizi bildiririk! Doğma və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik! Biz də, inana bilmirik Vətən üçün çox ağır və təəssüfləndirici olan bu itkiyə. Kaş, bu xəbəri duymaz olaydıq! Doğrudan da, millətimizin dəyərlərindən biridir, Kərəm müəllim! Heyf, çox heyf!
Allah rəhmət eləsin, qəbri nurla dolsun, ruhu şad, məkanı cənnət olsun!
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.