Azad rayonların işğaldan əvvəl və sonrakı kənd sayları uyğun gəlmir – Yazıçı məsələ qaldırdı…

Bunu feysbuk sosial şəbəkə hesabında zəngilanlı yazar, AYB üzvü, yazıçı-publisist, Birinci Qarabağ Müharibəsi veteranı, ehtyatda olan zabit Əli bəy Azəri yazıb.

Diqqət

“Hökumətin işinə qarışmırıq. Onsuz da, necə istəyir elə də edəcək. Ancaq “məsləhətli don gen olar” deyiblər.

1949-cu ildə Zəngilan rayonunda belə bir hadisə baş verib. Mehri rayonu ilə (Ermənistan SSR) həmsərhəd olan 3 kəndin əhalisini Həkəri çayı sahilində yerləşən kəndlərə köçürüblər, pambıq yığımına cəlb ediblər. Bir kəndin üç qoca sakini köçməyib, qalıb kənddə. Az miqdarda qoyun, mal saxlayıblar. 4 il həmin kənddə yaşayıblar. Stalin öləndən sonra kənd camaatı 1953-cü ildə geri qayıdıb. Həmin qocalara (Cəfərqulu, Alməmməd, Məhərrəm) Allah rəhmət eləsin, babalarının ocağını sönməyə qoymayıblar”. Bunu feysbuk sosial şəbəkə hesabında zəngilanlı yazar, AYB üzvü, yazıçı-publisist, Birinci Qarabağ Müharibəsi veteranı, ehtyatda olan zabit Əli bəy Azəri yazıb.

Doğurudanmış işğaldan əvvəl kəndlərin sayı ilə işğaldan azad olunduqdan sonra kəndlərin sayında uyğynsuzluq var? Bu uyğunsuzluq nə ilə bağlıdır? Bunu aradan qaldırmaq üçün nə edilməlidir? Ümumiyyətlə, Zəngilanda kəndlərin sayı nə qədərdir, əvvəl nə qədər olub?

Bu suallara cavab almaq üçün Əli bəy Azəri ilə əlaqə saxladıq. Əli bəy qeyd etdi ki, Zəngilan rayonu Ermənistanın Megri və qafan rayonları ilə, eyni zamanda İran İslam Respublikası ilə həmsərhəddir. “Ona görə də işğaldan azad edilmiş kəndlərin bərpasında Zəngilan rayonu xüsusi əhəmiyyət kəsb edir. Buna ölkə başçısının bir neçə dəfə o bölgəyə  səfəri bariz nümunədir. Ölkəmizdə ilk pilot layihə – “ağıllı kənd” layihəsinin Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşdirilməsi də fikrimizi əsaslandırmağa imkan verir. Hesab edirəm ki, hökumət Zəngilan rayonuna qayıdışı, bu rayonun bərpasına xüsusi diqqətlə yanaşmalıdır. İkincisi, o statusu yazıb o fikri qabartmaqda məqsədim nədir? Barəsində danışdığım üçün kənd, yəni Ermənistanın Megri rayonu ilə həmsərhəd olan Vejnəli, Ağbənd və Əmirxanlı kəndləri Hacalı sovetliyinə ( Həkəri, Muğanlı və Hacallı kəndlərinə) köçürülmüşdü. O camaatı Həkəri çayının sahilinə pambıq yığımına kömək üçün o kəndlərə gətirmişdilər. O zaman üç qoca kişi Vejnəli kəndində qalıb 4 il yaşamışdı, ocağı sönməyə qoymamışdılar. Stalin öləndən sonra həmin kəndin əhalisinin qayıtmasına imkan yaranmışdı və onlar geri qayıtmışdı. O kəndlərdən söhbət gedir. Bilmirəm, hökumətin qərarında bu üç kəndin bərpası var, yoxsa yoxdur. Mən hökumətə bəzi təkliflər vermək istəyirəm”.

  • “…Sərhəd boyu kəndləri birləşdirmək olmaz”

Zəngilan rayonun 20-yə yaxın kəndinin Ermənistan Respublikasının Megri və Qafan rayonları ilə həmsərhədd olduğunu deyən Əli bəy Azəri təklif edir ki, bərpa prosesinə ilk növbədə həmin kəndlərdən başlanılmalıdır, birinci onlar bərpa edilməlidir.

Ə.Azəri qeyd etdi ki, söhbət  Ağbənd, Vejnəli, Vartaz, Sobu, Kollu Qışlaq, Razdərə, Şatanıs, Keçikli, Yusiflər, Nəcəflər, Gün Qışlaq, Aşağı Gəyəli, Canbar, Pirveys, Qazançı, Seyidlər, Ağkənd, Yuxarı Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Ağbiş və Ağakişilər kəndlərindən gedir. “Düşünürəm ki, biz ilk növbədə sərhəd kəndlərini bərpa etməliyik. Bu kəndlər işğala qədər fəaliyyət göstərib və  hər birində də ən azından 8 illik məktəb olub. Bu kəndlərdə evlərin sayı 20-dən çox olub. Ola bilsin, bu kəndlərdə uşaq bağçası, poçt, tibb məntəqsi yox idi, amma bu o demək deyildi ki, kənddə əhali yaşamırdı. Kənd mövcud idi və orada məktəb vardı. Bu baxımdan, birinci sərhədd kəndləri bərpa olunmalıdır.  İkincisi, İran İslam Respublikasının sərhəddi boyunca Zəngəzur dəhlizinin də bir hissəsi hesab olunan (Şərqi Zəngəzur) beş dəmiryolu dayanacağı var. Bu beş dəmiryolu dayanacağı da bərpa olunmalıdır. Hökumətin qərarında barəsində danışdığım bu yaşayış kəndləri olarsa yaxşı olar. Mən diqqəti ona çəkmək istəmişəm ki, Ermənistanla sərhəd kəndlərinin bərpasına xüsusi diqqət yetirilməlidir, onlar daha da möhkəmləndirilməlidir.

O ki qaldı kəndlərin birləşdirilməsinə, bəli, elə kəndlər var ki, onları birləşdirmək olar. Deyək ki, Zəngilan şəhəri ilə Mincivan qəsəbəsi arasında 10-a yaxın kənd var ki, o kəndləri beş-beş birləşdirib böyük kəndlər etmək mümkündür. Amma sərhəd boyu kəndləri birləşdirmək olmaz, biz sərhədboyu kəndlərimizi daha da möhkəmləndirməliyik, kommunikasiya xəttlərimizi gücləndirməliyik ki, insanlar orada yaşayışa cəlb olunsunlar. Bir də burada bir məsələ var: kənddə yaşayan insanların kənd təsərrüfatı ilə məşğulluğu. Deyək ki, Ağalı kəndi dünyaya nümunə ola biləcək bir pilot layihədir, “ağıllı kənd” qurulub. Dünyada belə təcrübə var. Amma Ağalıda insanların kənd təsərrüfatı ilə məşğul olmaq imkanları yoxdur, onlar heyvan, toyuq-cücə saxlaya, əkin-biçinlə məşğul ola  bilmirlər.  Hesab edirəm ki, bu başqa kəndlərə şamil olunmamalıdır. O bir kəndlər bərpa olunarkən kənd sakinlərinə kənd təsərrüfatı, heyvandarlıqla, əkin-biçinlə məşğul olmaları üçün şərait yaradılmalıdır, çünki insanları kəndə bağlayan təsərrüfatdır…

Zəngilanın tarixinə baxanda burada ləğv olunmuş kəndlər var. Məsələn, 1930-35-ci illərdə kollektivləşmə dövründə  Vejnəli kəndi ətrafında yerləşən Sürtün və Abuseyid kənləri Vejnəliyə birləşirlib. 12 ev Sürtündə, 7 ev isə Abuseyiddə olub. Onlar Vejnəli kəndinə birləşib. İndi həmin kəndlərin bərpasından söhbət getmir. Biz o məsələni qaldırmırıq ki, təzədən Sürtün kəndi, yaxud Abuseyid kəndi bərpa olunsun. Əsas təklifimiz odur ki, əsasən sərhəd kəndlərinin bərpasına ciddi önəm verilməlidir, çünki o kəndlərin bizim üçün strateji əhəmiyyəti böyükdür. Siz zəng vurub məni müsahibəyə dəvət edəndən sonra interetdə Vikipediyaya girdim ki, Zəngilanın kəndlərinə baxım. Amma Zəngilanın kəndləri arasında Ağbənd kəndinin adına rast gəlmədim. Təsəvvür edin ki, Ağbənd kəndinin adı ölkə başçısının dilindən bir neçə dəfə səsləndirilib. Ağbənd kəndi Zəngəzur dəhlizinin Şərqi Zəngəzur hissəsinin sonuncu dayaq məntəqəsi kimi qeyd olunur. Amma görün Vikipediyada Zəngilanla bağlı məqaləyə o kəndin adı salınmayıb. Ölkə başçısı özü orada təməlqoyma mərasimi keçirib. Bilirsiz ki, İran İslam Respublikası ilə bizim aramızda saziş imzalanıb, Ağbənd kəndindən Araz çayı üzərindən həm dəmiryolu xətti, həm də şosse yol adlayacaq və İranın müəyyən bir hissəsindən keçərək Təbriz-Culfa yoluna birləşəcək. Belə bir kəndin adı Vikipediyaya salınmayıb. Bu da bizim ziyalıların diqqətsizliyi ilə bağlıdır.

Qafan rayonu ilə sərhəddə Zəngilanın Ağkənd deyilən bir kəndi var, dəmiryolu dayanacağıdır. O kəndi necə bərpa etməmək olar? Yaxud Qazançı kəndini götürək. Qazançı kəndi mütləq bərpa olunmalıdır. Çünki 80-ci illərdə Qafan rayonun yeddi kəndinə yol çəkiləndə o yol məhz Qzançı kəndinin ərazisindən çəkilib. Bu çox strateji kənddir. Deməli, Qafanı kənd təsərrüfatı məhsulları ilə təmin edən (Qafan sənaye şəhəri) kəndlərin yolu Qazançı kəndinin ərazisindən gedir. Ola bilər ki, ora yaxın Yuxarı Gəyəli, Dərəli kəndləri birləşdirilsin. Amma ora strateji yüksəklikdir, onun bərpası mütləqdir. Təklif edərdim ki, Canbar və Pirveys kəndləri də birləşdirmək olar”.

Bir daha sərhəd kəndlərinin bərpasına xüsusi diqqət yetirilməli oldugunu deyən müsahibimiz qeyd etdi ki, burada əhalinin yaşayışı üçün bütün imkanlar yaradılmalıdır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir