Bu günlərdə hər yerdə Zəngəzurdan, daha doğrusu Zəngəzur dəhlizidən danışılır. Bu iki sözdən ibarət ifadənin daşıdığı geoplotik yükün ağırlığını hər keçən gün daha çox hiss etməyə başlayırıq. Bu ağırlıqdan kimin hansı hisslər keçirdiyini, kimin Zəngəzur dəhlizi haqqında nələr düşündüyünü bilmirəm.
Ola bilsin ki, kimsə İranla Azərbaycan arasında müharibə səviyyəsinə qədər gəlib çatan bu gərginliyin səbəbi kimi Zəngəzur dəhlizini görür. Bəlkə də, son zamanlar Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistana etdiyi bəzi təzyiqlərin səbəbini də Zəngəzur dəhlizində görənlər var. Ola da bilsin ki, məsələyə daha geniş prizmadan baxanlar Zəngəzur dəhlizini Şərqlə Qərbin qovuşduğu və düyünə düşdüyü geosiyasi və geoiqtisadi mərkəz kimi qəbul edirlər.
Amma, mən bu sadalananların heç birini nə görə, nə də qəbul edə bilirəm. Zəngəzur dəhlizi ifadəsini eşidəndə onun haqqında düşünə bildiklərim insan faciələrindən, qaçqınlıqdan, qandan, qətliamdan o tərəfə keçmir.
Təkcə ona görə yox ki, Zəngəzur dəhlizi son 30-40 ildə şəxsən mənə 2 dəfə qaçqınlıq həyatı yaşadıb. Zəngəzur dəhlizi üzərində yaşanan insan faciələrinin yanında mənim yaşadığım qaçqınlıq dəryada damla qədər əhəmiyyət daşımır.
105 il əvvəl baş verən bir faciə haqqında yenicə məlumatım olub. Təəssüf ki, haqqında bəhs edəcəyim bu hadisə bu günə kimi heç bir yazılı mənbədə qeyd olunmayıb.
1918-ci ilin iyun ayında Culfa rayonunun Yaycı kəndində Andranikin quldur dəstələrinin törətdiyi qətliam haqqında geniş məlumat var. Yaycıda baş verən qətliam haqqında ən dolğun məlumatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, yazıçı-publisist Fərəc Fərəcovun qələmə aldığı “Yaycı soyqırımı” kitabında yer alıb.
(Fotoda Naxçıvan Ali Məclisinin deputatı, yazıçı-publisist Fərəc Fərəcov)
Bu yazını yazmazdan əvvəl kitabın müəllifi ilə – Fərəc Fərəcovla danışdım. Fərəc müəllim deyir ki, 1918-ci ildə Yaycı kəndində baş verən soyqırımın sağ qalan şahidləriylə danışıb və onların dediklərini olduğu kimi kitaba köçürüb. 1902-ci ildə anadan olan və Yaycı soyqrımı zamanı 16 yaşı olan Hüseyn Kazım oğlu Cəfərov (Kazım oğlu Hüseyn) baş verən qətliamın canlı şahidi olub. Kazım oğlu Hüseyn danışıb ki, Andranikin dəstəsi kənd sakinlərinin 70-80 faizini uşaq, qadın demədən öldürüb. Deyilənə görə, həmin vaxt Naxçıvanın ən böyük 3 kəndindən biri olan Yaycının 4 minə yaxın sakini olub. Kazım oğlu Hüseyn danışıb ki, qətliamdan qaçaraq Cənubi Azərbaycana keçmək istəyən yüzlərlə uşaq və qadını ermənilər öldürərək Araz çayına atıblar. Bəziləri isə Araz çayını keçərkən boğularaq ölüblər. O dövr şahidlərinin dediyinə görə, həftələrlə Araz çayından meyit toplayıblar.
Qeyd etdiyim kimi, bütün bunlar haqqında Fərəc Fərəcov “Yaycı soyqırımı” kitabında geniş məlumat verib.
Lakin, Zəngəzurun Nüvədi kəndinin sakini Balakişi Həsənovun danışdıqları və mənim sizə çatdırmaq istədiyim hadisə barədə bu günə kimi heç bir yazılı mənbədə məlumat olmayıb.
(Fotoda Zəngəzurun Nüvədi kəndinin sakini Balakişi Həsənov)
Balakişi Həsənov özündən yaşlı kənd sakinlərinin gördükləri və eştdiklərinə istinadən deyir ki, 1918-ci ilin yay aylarında Nüvədi sakinləri Araz çayının kənarında 10 nəfər qadın meyitinə rast gəliblər. Qadın meyitlərinin müsəlmanlara məxsus olduğunu düşünüb, onları kəfənləyərək, elə tapıldıqları yerdə – Araz çayının kənarında dəfn ediblər. Bundan qısa müddət sonra Andranikin quldur dəstəsi Nüvədiyə də hücum edir və kənd sakinlərinin bəziləri öldürülür, sağ qalanlar isə Arazı keçərək qonşu kəndlərə sığınırlar. Yalnız 2 ildən sonra – 1920-ci ildə kəndə geri qayıda bilirlər və bundan sonra bilirlər ki, 1918-ci ildə Araz çayından taplan qadın meyitləri Yaycı kəndinin sakinləri olub. Andranikin törətdiyi qətliamdan qaçmaq, erməni quldurların əlinə düşmək istəməyən yaycılı qadınlar Araz çayında batıblar və onların meyiti çayın axını ilə on kilometrlərlə məsafə keçərək Nüvədi kəndinə kimi gəlib.
Qadınların dəfn olunduğu yerə Nüvədi sakinləri “Yaycı qəbristanlığı” adını veriblər.
Həmin qəbirlər 1940-cı illərdə Mincivan-Culfa dəmiryolu xəttinin tikilməsi ilə əlaqədar dağıdılıb. Lakin, kənd sakinləri sümükləri toplayaraq yenidən yaxınlıqda dəfn ediblər.
Bu hadisənin üstündən 105 il keçib. Bu gün Zəngəzur dəhlizinin açılmasından danışırıq. Azərbaycanı Naxçıvana birləşdirəcək Mincivan-Culfa dəmir yolunun yenidən – 2-ci dəfə çəkilməsindən danışırıq. Lap geniş düşünənlər Şərq-Qərb nəqliyyat dəhlizinin istifadəyə verilməsindən danışır.
Amma, məlumatlı olmadığımız üçün 105 il əvvəl Zəngəzur dəhlizində dəfn olunan və adlarını belə bilmədiyimiz 10 qadından danışmaq imkanımz olmayıb.
Mistikaya inanmasam da, sentimentallıqdan uzaq biri olsam da, mənə elə gəlir ki, Zəngzəur dəhlizində uyuyan 10 qadının narahat ruhu bizim yolumuzu gözləyir.
Daha geniş düşünsək, o qadınların ruhu Zəngzəur dəhlizindən Şərqdə və Qərbdə yaşayan bütün insanların yolunu gözləyir…
Allahverdi AYDIN.
araz.az xəbər portalı.