Qabil Hüseynli: “Vardanyan bir az da orada qalandan sonra Qarabağı tərk edəcək”
Rusiyadan Azərbaycanın Qarabağ iqtisadi zonasında rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına göndərilən və 2022-ci ilin 4 noyabrında separatçı tör-tökütnülərinin “dövlət naziri” vəzifəsinə təyin edilən rusiyalı milyarder Ruben Vardanyan cəmi 112 gün “davam gətirə” bildi. Azərbaycanın təzyiqi ilə “vəzifəsindən” azad edilən Ruben Vardanyan “istefaya göndərilməsi mərasimində” çıxış da edib.
araztv.com xəbər verir ki, baş separatçı-terrorçu Araik Arutyunyanın qərarı elan etməsindən sonra danışan Ruben Vardanyan böyük çıxışında patriotluqdan, mübarizədən, “sinə gərməkdən” danışıb.
Ən maraqlısı isə onun pafoslu, yalançı vətənpərvərliyə bürünən çıxışında etdiyi etiraflar və mesajlardır.
O, bundan sonra da Qarabağda qalacağı, burda işləyəcəyini deyib, həmçinin Araiklə ziddiyyətləri olduğunu da etiraf edib. Bildirib ki, həqiqətən də müxtəlif yanaşmalarda ziddiyyətləri var, ancaq buna baxmayaraq, “bizdə heç kimin keçməməli olduğu “qırmızı xətlər” mövcuddur”.
Vardanyanın çıxışında diqqət çəkən məqamlardan biri isə onun xarici təzyiqin nəticəsinfə “vəzifədən” getməsinə dair etirafıdır. Bəllidir ki, ona ilk gündən sərt formada etiraz edən rəsmi Bakı olub. Deməli, Vardanyanın özü Azərbaycanın Qarabağdakı ermənilərə ciddi təsir gücünün olduğunu etiraf edir.
Vardanyan son çıxışında həm də özünün faşist mahiyyətini Qaregin Njdedən sitatlar gətirməklə ortaya qoymuş olub. Çox maraqlıdır, “vəzifədə” nəsə etməyi bacarmayan Vardanyanın Qarabağda qalmasının Azərbayczna hansısa formada təsiri olacaqmı?
Ruben Vardanyanı Qurgen Nersisyan əvəzləyəcək.
Nersisyan 1985-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsil alan Nersisyan 2021-ci ildən bugünə qədər separatçıların “baş prokuroru vəzifəsində” işləyib.
Xankəndi separatçıları arasında “Sorosun adamı” kimi tanınan Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilir. Vardanyanın yerinə Nersisyanın gətirilməsi onun “Sorosun adamı” olması ilə əlaqələndirilir.
Hazırda Qarabağdakı ermənilərə hərə bir bucaqdan yanaşır. Maraqlıdır, Vardanyanı əvəz edən şəxsə Moskva, Brüssel və İrəvandan hansı təlimatlar veriləcək?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bundan sonra oradakı prosesləri ayrı-ayrı şəxslər həll etmir: “Onların hansısa formada təsiri olsa da, ümumi nəticə dəyişməz qalacaq. Çünki bundan sonrakı prosesi sülh müqaviləsi tənzimləyəcək. Hazırda gizli sövdələşməyə aid bir sənəd ortaya çıxıb. Orada da göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü tanınacaq və biz bütün ərazilərimizdə suveren hüquqlarımızı bərqərar edəcəyik. Onda nəinki Vardanyanın, heç “qondarma respublikanın” da proseslərə təsiri qalmayacaq. Ora da Azərbaycanın digər əraziləri kimi idarə ediləcək və heç bir üstün mövqeyə sahib olmayacaqlar. Qabaqcadan həmin özəllikləri sadalamaq düz olmazdı. Oradakı icma ilə müəyyən təmaslar olacaq. Azərbaycan orada yaşayan ermənilərlə bağlı insan haqlarının təminatına və təhlükəsizlik məsələlərinə zəmanət verəcək. Ölkəmiz öz suverenliyini tam təmin edəcək. Yalnız ola bilsin ki, ATƏT deyilən təşkilatın bu məsələlərə nəzarət mexanizmi tanınsın. Vardanyanın yerinə təyin olunan şəxs Qarabağ doğumludur. Bir daha sübut olundu ki, Prezidentin tələbi düzdür və belə də olmalıdır. Biri Fransadan, biri İrandan, böyük hissəsi Ermənistandan gəlib. Qarabağda olan 18-20 min erməninin içərisində minimum 5mini kənardan gəlmədir. Kənardan gəlib erməninin təkidilə Azərbaycan torpağına yiyələnə bilməzlər. Orada doğulmaq, orada böyümək Prezidentin qoyduğu əsas şərtlərdən biridir. Görünür, ermənilər yavaş-yavaş həqiqətləri anlamağa başlayıblar. Vardanyan bir az da orada qalandan sonra Qarabağı tərk edəcək. Gedib öz alverilə məşğul olacaq”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.