Azərbaycanda rəsmən elan olunan “2023-cü il — Heydər Əliyev İli” çərçivəsində, YAP-ın Nəsimi Rayon Təşkilatının, paytaxt Bakıdakı Bülbül prospekti, 89 ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Bu barədə, adı çəkilən rayon təşkilatından araztv.com-a daxil olan məlumata görə, bu münasibətlə, ərazi təşkilatının təsis iclası keçirilib.
Həmin tədbirdə, öncə, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanovun çıxışı olub. Sədr öz çıxışında, xüsusi olaraq onu vurğulayıb ki, Yeni Azərbaycan Partiyası, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə, ölkəmizdə olduqca çətin və gərgin keçən bir vaxtda, zamanın tələblərinə uyğun bir zərurətdən yaradılıb. Elə, yarandığı gündən də, əsas Məramnamə məqsədi, xalqımızın mənafeyinə xidmət etməkdən, ölkəmiz qarşısında duran problemli məsələlərin tez bir zamanda həllinə nail olmaqdan ibarət olub. Və Ümummilli Liderin rəhbərliyi altında, tez bir zamanda, öz Məramnamə məqsədlərinə çatan bir siyasi partiya olaraq, YAP, nəinki Azərbaycan Respublikasında, hətta beynəlxalq səviyyədə də, öz siyasi tanınma statusunu qazana bilib. Elə, buna görədir ki, yaşından asılı olmayaraq, Azərbaycanın əksər vətəndaşları, Heydər Əliyevin adıyla bağlı olan bu siyasi qurumun üzvü olmaq üçün, əllərindən gələni edirlər və bu ülvi istəklərinə nail olduqda, bununla fəxr edirlər.
Məlumatda qeyd olunur ki, bu çıxışdan sonra tribuna önünə keçən partiya üzvü, “5 nömrəli Uşaq — Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Elza Orucova isə öz çıxışında qeyd edib ki, ölkə daxilində mövqeləri çox möhkəm olan Yeni Azərbaycan Partiyasının, eyni zamanda, xarici əlaqələri belə çox genişdir və bu əlaqələr gündən-günə daha da genişlənir. Onun sözlərinə görə, partiya, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını özündə birləşdirir. Bir sözlə, Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Məlumatın sonunda isə bildirilir ki, tədbirdəki çıxışlardan sonra, səsvermə keçirilib və YAP-ın, paytaxtın Nəsimi rayonundakı “Bülbül prospekti, 89” ünvanı üzrə, yeni bir ərazi partiya təşkilatı da təsis edilib. Elza Orucova yekdilliklə bu ərazi partiya təşkilatının sədri, Gülbəniz Şahbazova isə, sədrin müavini seçiliblər. Ərazi partiya təşkilatının yeni seçilən sədri və onun müavini, onlara göstərilən bu böyük etimada görə, öz təşəkkürlərini çatdırıblar.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.