Ərdoğan və Türkiyə deyən oldu

Erdogan-625201801.jpg

Türkiyədə nəfəskəsici tarixi seçkilər arxada qaldı. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan, parlament seçkilərində isə AKP-MHP koalisiyası qalib gəldi. Nəticə bir elə təəccüb doğurmadı – bəzi nüanslar nəzərə alınmazsa. Məsələn, ikinci turla bağlı təxminlər düz çıxmadı.

Əsas odur ki, kritik seçkilər artıq arxadadır və qardaş məmləkət öz inkişaf yoluna daha rahat şəkildə davam edə bilər. Türkiyə toplumun yarıdan bir az çoxu (52.5) bu yolu yenə Ərdoğan və partiyası ilə getməyə qərar verdi. Yerdə qalan kəsim – hardasa 48%-lik elektorat da şəksiz ki, böyük bir toplumdu və yeni-köhnə prezident onların da prezidenti olmağa borcludur, bunu bacarmalıdır.

Söhbət ölkədə seçkisonrası milli barışın təmin edilməsi və qisasçılıq ab-havasına yol verilməməsi üçün prezidentin atmalı olduğu addımlardan gedir. Bizcə, cənab Ərdoğan bunları edəcək. Qardaş ölkənin yerləşdiyi mürəkkəb regionun ağır geosiyasi şərtləri də bunu diktə edir. Artıq Ankaradakı “balkon çıxışı”nda Ərdoğan bu yöndə bəzi mesajlarını verib. “Bu seçkinin qalibi demokratiyadır. Bu seçkinin qalibi 81 milyon vətəndaşımızın hər biridir” deyib. Davamı da olar, İnşallah.
Daha bir mühüm məqam: müxalifət seçkilərin nəticələrini tanıyıb. Ərdoğanın əsas rəqibi – 31% səs alan Məhərrəm İncə məğlubiyyətini etiraf eləyib. Hərçənd o, seçkilərin çox da ədalətli keçmədiyini deyib. Müəyyən mənada haqlıdır. Hakimiyyət seçkilərdə inzibati resurslardan qismən istifadə eləmiş kimi göründü. Ancaq insaf naminə, bu, yekun nəticəyə həlledici təsir gücündə olan amil deyil.

İncənin Türkiyə dövlətçiliyi naminə Ərdoğana zəng edib təbrik eləməsi də seçkilərin legitimliyi baxımından məntiqli gediş olardı. Ümumiyyətlə, müxalifətə təşəkkür və təbrik düşür ki, xaricin, Qərbin müəyyən dairələrinin şirnikləndirici, məkrli oyunlarına uymadı, tələyə düşmədi və yalnızca Türkiyə xalqının və dövlətinin maraqlarını göz önünə alaraq seçki kampaniyası apardı. Bununla da hər iki seçkinin demokratikliyinə misilsiz töhfə verdi.

Qalır indi Qərbin seçkinin legitimliyini qəbul eləməsi. Yəqin ki, Avropa və ABŞ-dan da təbriklər gələcək. Hər halda, bu, Ərdoğanın yox, Türkiyə xalqının əksərinin demokratik seçimidir. Kiminsə kimdən xoşu gəlməyə bilər, amma Türkiyə xalqının iradəsi yüksək hörmətə layiqdir…

(musavat.com)

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir