Mirkazım SEYİDOV,
Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ictimai-siyasi xadim, “Tərəqqi “ medalı, “3- cü dərəcəli Vətənə Xidmətə görə” ordeni və digər Dövlət mükafatları laueratı.
2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı, Prezident İlham Əliyevin verdiyi Fərman üzərində düşünərkən
Müasir müstəqil və demokratik Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin irsinin tədqiqi həmişə aktuallığını saxlayacaqdır. Çünki bu irs müasir Azərbaycanın varlığının “can damarı”dır, ruhudur və daim ondan qidalanması lazımdır. Ümummilli Liderin fəaliyyəti çox geniş, əhatəli və rəngarəngdir, ancaq həmişə dövlətçiliklə bağlı olmuşdur.
Keçən əsrin 90-cı illərində Azərbaycan cəmiyyəti və dövləti üçün çox çətin olan bir mərhələdə xalq öz xilaskarını dəqiq müəyyən edərək Heydər Əliyevi hakimiyyətə gətirdi. İndi araşdırmaçılar məhz xalqın Ulu Öndəri yenidən hakimiyyətə dəvət etməsinin fəlsəfi, siyasi və mənəvi-əxlaqi tərəflərini araşdırmağa çalışırlar. Bu, doğurdan da aktual və analizi vacib olan bir məsələdir. Çünki Azərbaycan xalqının müdrikliyi, uzaqgörənliyi ən çətin dönəmlərdə belə, toplum olaraq düzgün qərar qəbul etməyə imkan yaradır. Digər tərəfdən isə xalqına çox bağlı olan, Vətəni varlığı qədər sevən bir böyük siyasi liderin xarizmatik xilaskar rolunu üzərinə götürməsi həmin dövr üçün cəsarətli addım idi. Bu iki məqamın sintezində Heydər Əliyevin Azərbaycanın Uğurlu Ümummilli Lider kimi təcəssümündə xüsusi yer tutur. Burada iki əhəmiyyətli məqamı vurğulamaq lazımdır: Birincisi, Heydər Əliyev 1993-cü ilin iyununda faktiki olaraq hər tərəfdən təzyiqlərə və erməni təcavüzünə məruz qalmış bir ölkəyə rəhbərlik etməli idi. İkincisi, rəhbərliyin uğurlu olması üçün, Ulu Öndər nəzəri tezisləri birbaşa praktiki fəaliyyətində həm təcrübədən keçirməli, həm də nəticə əldə etməli idi.
Yəni başqa siyasi liderlərdən fərqli olaraq, əldə olan siyasi-nəzəri bilikləri rahat və geniş bir vaxtda tətbiq etmək imkanı yox idi. Müəyyən mənada Heydər Əliyev liderliyini “eksklüziv” həyata keçirməli idi.
Bununla yanaşı, Ulu Öndər dövlət başçısı olmaqla, liderliyin vəhdətinə nail olmalıydı. Dövlətə rəhbərliklə xalqın lideri olmağın müstəqillik mərhələsində ilk olaraq əsas parametrlərini, uğur gətirəcək siyasi mexanizmlərini müəyyən etməli və eyni zamanda həyata keçirməli idi. Əlbəttə, bununüçün bütövlükdə düzgün, zamanın tələblərinə cavab verən, Azərbaycanı böhran vəziyyətindən çıxaracaq dövlətçilik fəlsəfəsi hazırlamaq gərəkdi. Heydər Əliyevin dühası özünü burada parlaq surətdə göstərdi. Qısa bir müddətdə uğurlu dövlətçilik fəlsəfəsi əsasında hazırlanmış konkret müstəqil dövlət quruculuğu prosesi ölkəni iki çətin vəziyyətdən xilas etdi: Birincisi, cəmiyyətdə birlik yarandı.
İkincisi, Azərbaycan dövlət olaraq sabitliyə nail oldu və paralel qaydada bütün sosial-iqtisadi, mədəni, mənəvi-ideoloji istiqamətlərdə islahatlara başladı.
Onu nəzərə almaq lazımdır ki, həmin dönəmdə cəmiyyəti toparlamaq olduqca mürəkkəb bir iş idi. Çünki Heydər Əliyevdən öncəki səriştəsiz ölkə rəhbərləri cəmiyyətdə o qədər ziddiyyətli situasiyalar yaratmışdılar ki, insanları bir ideya ətrafnda birləşdirmək böyük siyasi məharət tələb edirdi. Heydər Əliyev azərbaycançılıq ideologiyasına yeni siyasi məzmun verməklə bu çətinliyi aradan qaldırdı. Artıq, 1993-cü ilin oktyabrın 3-də keçirilən Prezident seçkisində xalqın böyük əksəriyyəti Heydər Əliyevə səs verməklə, ona inandığını nümayiş etdirdi. Bu hadisənin fonunda xarici tədqiqatçılar Əbülfəz Elçibəyə etimadın sürətlə itməsi fövqündə Heydər Əliyevə olan etimad və inamın sürətlə artmasını Ulu Öndərin dövlət başçısı və lider kimi xarizması ilə əlaqələndirirlər və onu nadir siyasi faktlardan biri hesab edirlər. Təcrübə göstərdi ki, Azərbaycan xalqı yanılmamışdır və ölkədə dövlət quruculuğu kursunu düzgün müəyyən edən güclü və böyük siyasi liderə etibar etmişdir. Belə ki, Heydər Əliyev qısa müddətdə – 1994-cü il və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin qarşısını qətiyyətlə almışdır. Paralel olaraq Heydər Əliyev dünyanın böyük neft şirkətləri ilə “Əsrin Müqaviləsi”ni imzalamışdır. Bununla Azərbaycanda enerji strategiyasına start verilmişdir.
Heydər Əliyev bunlarla yanaşı, sosial-iqtisadi, mədəni, ideoloji və mənəvi-əxlaqi sferalarda ciddi yenilikləri həyata keçirməyə başlamışdır. Artıq 1995-ci ildə Azərbaycanda sabitlik təmin edilmişdir. Həmin dövrü dünyanın tanınmış siyasi xadimləri Azərbaycan üçün çox vacib nailiyyət kimi qiymətləndirmişlər. Məsələn, Süleyman Dəmirəl Bakıda olarkən küçələrdəki rahatlığa işarə edərək: “Heydər Əliyevin ən böyük xidməti, bax, bundan ibarətdir”, — demişdir. Bu mərhələdə siyasi cəhətdən əhəmiyyətli olan məqam ondan ibarətdir ki, Heydər Əliyev yuxarıda qeyd etdiyimiz bütün nailiyyətləri müstəqil güclü və demokratik Azərbaycan Respublikasını qurmaq kursu kontekstində həyata keçirmişdir. Həmin dönəmdə Ulu Öndər dövlət başçısı-lider kimi iki vacib özəlliyi dövlət quruculuğu fəlsəfəsi kontekstində sintez edə bilmişdir. Onlardan biri xilaskarlıq, digəri isə dövlət quruculuğunu hüquqi əsasa gətirməklə sabit inkişaf xəttinə çıxarmaqdır.
Xilaskarlığın başlıca əlamətləri cəmiyyətdə qarşıdurmalara son verməklə, erməni təcavüzünü dayandırmaq və konkret strategiya əsasında cəmiyyətdə sabitliyi təmin etməklə əlaqəlidir. Dövlət quruculuğunu hüquqi əsasa gətirmək aspekti isə, Azərbaycan Respublikasının Yeni Konstitusiyasını (1995-ci ildə) qəbul, Prezident üsul-idarəsini hüquqi təsbit və hakimiyyətin qolları arasında müasir demokratik qaydalara uyğun münasibətləri müəyyən etməklə bağlıdır. Bunları ümumiləşdirsək, belə qənaətə gələrik ki, Heydər Əliyev müstəqil dövlət quruculuğunun ilk mərhələsində siyasi lider kimi xilaskarlıqla sabitliyi birləşdirə bilmişdir!
Bunlar, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu kursunun ilkin mərhələsini uğurla başa çatdırdığını və sonrakı inkişaf mərhələsi üçün real baza hazırladığını göstərir. Doğurdan da Azərbaycan 1996-cı ildən başlayaraq daha geniş miqyas və dərinlikdə dövlət quruculuğu kursuna sürət verdi. 1998-ci ilin əvvəllərində hətta xarici siyasi analitiklər və tarixçilər Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin baş tutduğunu və onun memarının Heydər Əliyev olduğunu etiraf edirdilər. Bu barədə onlar yazırdılar. Elmi konfranslarda məruzə edirdilər.
Dövlət quruculuğunun sonrakı mərhələsi daha məsuliyyətli və dövlətçilik baxımından böyük strateji əhəmiyyəti olan faktlarla zəngin olmuşdur. Ulu Öndər həmin dönəmdə (1996-2003-cü illər) müstəqil dövlətin siyasi institutlaşmasını, idarəetmənin təkmilləşməsini, beynəlxalq enerji layihələrinin reallaşmasını, cəmiyyətin daha da birləşməsini, iqtisadiyyatın yeni infrasturkturunun yaradılmasını və ordu quruculuğunu təmin etmişdir.
Bunları siyasətçilər və müxtəlif sahələr üzrə tədqiqatçılar vurğulayırlar. Bizim üçün vurğulanan məqamlarla yanaşı, Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin çox əhəmiyyətli bəhrəsi olan siyasi varislik əsasında Yeni Uğurlu Liderin yetişməsidir! Dünya tarixində nadir hallarda siyasi liderlər özlərindən sonra tam uğurlu ola bilən Yeni Lider yetişdirə bilirlər! Postsovet məkanında isə Heydər Əliyevdən başqa bu vəzifənin öhdəsindən gələ bilən ikinci dövlət başçısı yoxdur. Azərbaycan Liderinin bu nailiyyətinin iki səbəbini vurğulaya bilərik:
Birincisi, Heydər Əliyevin şəxsiyyət və siyasi xadim kimi yüksək keyfiyyətlərə, yüksək zəkaya sahib olması həlledici rol oynamışdır! Hər şeyi dəqiq ölçüb-biçən, düzgün strategiya müəyyənləşdirən Ulu Öndər, dövlətin və xalqın gələcəyini yüksək səviyyəli Yeni Liderə etibar etmişdir. İkincisi, Ulu Öndər siyasi varislik prinsipinə tam əməl edə biləcək Yeni Lideri uğurla seçmişdir. Yeni Liderin İlham Əliyev olacağına Ümummilli Lider tamamilə əmin idi. Çünki uzun müddət Heydər Əliyev İlham Əliyevi siyasi lider kimi yetişdirmişdir. O, 2003-cü ildə Azərbaycan xalqına etdiyi müraciətdə İlham Əliyevə etibar etdiyini, özü kimi inandığını və müstəqil dövlət quruculuğunda uğur qazanacağını böyük bir səmimiyyətlə Azərbaycan xalqına çatdırmışdır. İlham Əliyevin dövlət başçısı-lider kimi fəaliyyəti Ulu Öndərin tam haqlı olduğunu sübut etməkdədir.
Bununla 2003-cü ildən başlayaraq Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinə əsaslanan müstəqil, güclü və demokratik Respublika quruculuğu kursunun yeni mərhələsinə start verilmişdir. Ulu Öndərin dövlət quruculuğu fəlsəfəsi XXI əsrin gətirdiyi yeni reallıqlar şəraitində öz səmərəliliyini göstərməli idi. Bu tarixi missiya İlham Əliyevin üzərinə düşürdü. Bəs XXI əsrin reallıqlarında dediyimiz faktorlar nələrdən ibarətdir?
Burada, qısaca həmin məsələnin üzərində dayan bilərik. Hər şeydən öncə, XXI əsrdə geosiyasi, siyasi, hərbi, iqtisadi və başqa xarakterli proseslər həm intensivləşdi, həm də yeni ziddiyyətlərlə xarakterizə olunmağa başladı. Dünya miqyasında geosiyasi, iqtisadi, hərbi və siyasi turbulentlik artdı. 2008-ci ildə isə qlobal miqyasda maliyyə böhranı meydana gəldi. Bunlardan başqa, postsovet məkanı ölkələrinə qarşı dünyanın böyük güclərinin siyasəti birtərəfli, bir sıra hallarda qərəzli və ancaq öz maraqlarını təmin etməklə seçilirdi. Ayrıca, Azərbaycana qarşı təcavüz etmiş Ermənistanı açıq və ya gizli yollarla himayə edir, ədaləti tapdalayırdılar. Belə bir mürəkkəb şəraitdə Prezident İlham Əliyev faktiki olaraq bir neçə istiqamətdə Ulu Öndərin dövlət quruculuğu kursunu inkişaf etdirməli, onun yeni şərtlər altında uğurlu olmasını təmin etməli idi. Təcrübə göstərdi ki, İlham Əliyev bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Bir neçə fakta baxaq.
Azərbaycan Prezidenti İham Əliyev hər şeydən öncə Ulu Öndərin dövlət quruculuğu konsepsiyasından qaynaqlanan siyasi varislik prinsipinə tam əməl etmişdir. Bu bağlılıqda ölkənin daxili və xarici siyasətinin prioritetlərini XXI əsrin tələblərinə daha da uyğunlaşdırmışdır. Daxili siysətdə azərbaycançılıq və multikulturalizmin sintezi əsasında toplumun birliyini yeni səviyyəyə yüksəltmişdir. Bu məqam İlham Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi yüksək töhfələrdən birini təşkil edir. Cəmiyyətdə “Lider – Xalq!”, “Hakimiyyət – Toplum!” birliyi təmin edildikdə, bütün sferalarda uğurlu islahatlar aparmaq, demokratik təsisatları inkişaf etdirmək üçün geniş imkanlar yaranır. Məhz buna görədir ki, İlham Əliyev tarixi baxımdan qısa müddətdə cəmiyyətin bütün əhəmiyyətli sahələri üzrə geniş islahatlar proqramları həyata keçirə bildi. Bu da dövlət quruculuğu kursunun mühüm faktorlarından biridir. Nəticədə Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdı və adambaşına gəlirlər çoxaldı. Sosial təminat sahəsində ciddi irəliləyişlər oldu. İqtisadi, mədəni, təhsil sahəsində uğurlu proqramlar həyata keçirildi.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Milli Ordu quruculuğuna İlham Əliyev xüsusi diqqət yetirdi. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusu səviyyəsinə yüksəldi. Ordu və müdafiəyə ayırılan vəsaitlərin daim artırılmasında başlıca məqsəd, Ulu Öndərin vəsiyyətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə nail olmaqla əlaqədar idi. Məsələnin bu tərəfi birbaşa xarici siyasət kursunun inkişaf etdirilməsi ilə bağlıdır.
Prezident İlham Əliyev daxili siyasətdəki uğurları xarici siyasətdə də inkişaf etdirməyə nail oldu. Burada Prezidentin fəaliyyəti həm çoxşaxəli, həm də mürəkkəb şəraitdə özünü göstərirdi. Ərazi bütövlüyünün bərpası xarici siyasətin prioriteti kimi çoxlu sayda faktoru nəzərə almağı tələb edirdi.
İlham Əliyev bununla bağlı həm beynəlxalq təşkilatlarda daha fəal diplomatik səviyyəyə keçidi təmin etdi, həm beynəlxalq təşikatlarda məsələni davamlı olaraq gündəmə gətirdi və Ermənistanın təcavüzkarlığını təsdiq edən sənədlərin qəbul edilməsinə nail oldi, həm vacib enerji layihələrinin təşəbbüskarı kimi çıxış edərək onların reallaşmasınaı təmin etdi, həm də dünya miqyasında təsiri olan yeni geosiyasi dəyərlər yaratdı. Məsələn, “Bakı prosesi” adlanan layihəni reallaşdırdı, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoq mexanizmləri kimi müxtəlif mötəbər tədbirlər həyata keçirdi. Və bütün bunlar Azərbaycanın böyük dövlətlərlə əməkdaşlığı yeni səviyyəyə yüksəltməsi ilə müşaiyət olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin özünün də dəfələrlə vurğuladığı kimi, bütün bunlar qlobal güclərin regiondakı maraqlarının Azərbaycanın milli dövlət maraqlarına xidmət müstəvisində balanslaşdırılması kimi mürəkkəb siyasi kurs sayəsində mümkün oldu. Həmin kurs Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin yeni reallıqlar şəraitində inkişaf etdirilməsinin olduqca əhəmiyyətli məqamlarından biridir.
Dövlət başçısı-lider İlham Əliyevin apardığı siyasət öz bəhrəsini bütün sahələrdə vermişdir və o proses indi də davam edir. Ən böyük nailiyyətlərdən biri isə 2020-ci il 44 günlük Zəfər Savaşı oldu. Zəfər Savaşı dövlət quruculuğu konsepsiyasına Zəfər Fəlsəfəsini gətirdi. Zəfər Fəlsəfəsinin mühüm faktorlarından biri “Şuşa Bəyannaməsi” oldu. Bu əsasda bütövlükdə Azərbaycanın postmünaqişə və postmüharibə mərhələsində yeritdiyi daxili və xarici siyasət dövlət quruculuğu prosesində yeni mərhələni başlatdı.
Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi ciddi təsir imkanlarına malikdir. Türkiyə-Azərbaycan müttəfiqliyi regional geosiyasi dinamikanı müəyyən edir və sabitləşdirici rol oynayır.
Azərbaycan beynəlxalq layihələrdə iştirakını yeni səviyyəyə yüksəldir. Eyni zamanda, müxtəlif beynəlxalq və regional təşkilatlarda fəaliyyətini daha da gücləndirir. Onların sırasında Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatını vurğulaya bilərik. Azərbaycan Prezidentinin BMT ilə yanaşı həmin təşkilatlarda irəlisürdüyü təkliflər, tezislər, ideyalar böyük maraqla qarşılanmışdır.
Bununla Prezident İlham Əliyev müstəqil dövlət quruculuğu strategiyasında mərkəzi yer tutan “Bir millət, iki dövlət” formulunun reallaşması üçün olduqca səmərəli addımlar atmışdır. Bu fakt da Ulu Öndərin müstəqil güclü dövlət quruculuğu konsepsiyasının XXI əsrin reallıqları kontekstində mühüm parametrlərindən biridir!
Beləliklə, Heydər Əliyevin müstəqil güclü dövlət quruculuğu fəlsəfəsi XXI əsrdə İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilir. Müasir dünyanın keşməkeşli vəziyyəti Azərbaycan adlı “gəmi”ni götürdüyü kursundan döndərə bilmir! Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya Günəş kimi doğur!
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.