
Əvvəllər də qeyd etdiyim kimi, 44 günlük Vətən Müharibəsindən sonra, Rusiya Azərbaycana, Ermənistana (elə, ermənilərin özlərinə də) və ümumiyyətlə, Cənubi Qafqaza təsir imkanlarını qorumaq və artırmaq üçün, birmənalı olaraq, “stavkanı” rus sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərinə — Qarabağa edib.
Xankəndidə rus icmasının yaradılması, rus dilinin ikinci “dövlət dili” kimi tətbiqi, yerli əhaliyə rus pasportunun verilməsi, qeyd etdiyim, Rusiya “stavka”sının tərkib elementidir. Daha dəqiq desək, bu bir prosesdir və elə, Vardanyanın, Kremlin tapşırığı ilə, Xankəndinə ezam olunması da, bu prosesin davamıdır.
Dediklərim olmasaydı, Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan, könüllü olaraq, Qarabağa gələ bilməzdi. Sözsüz ki, onun Qarabağa göndərilməsində, hansısa razılaşmasının səbəbləri əsas rol oynayıb. Çünki məsələ ondadır ki, Rusiya — Ukrayna müharibəsi, o cümlədən, Kremlə yaxın biznesmenlərə qarşı dünyanın tətbiq etdiyi sanksiyalar və xaricdəki aktivlərin dondurulması, biznesmenləri də iki tərəfə bölüb. Bu, hər bir beynəlxalq səviyyəli ciddi məsələdə, əsas güc dövlətlərinin tələbidir. Yəni, oliqarxlar publik şəkildə ya Putin siyasətinə qarşı çıxmalıdırlar ki, xaricdəki bizneslərini, qiymətli aktivlərini qoruya bilsinlər, ya da ki, Rusiya prezidentini dəstəkləməklə, xaricdəki bizneslərindən, həmin aktivlərindən məhrum olunmaqla, ancaq buradakı aktivləri ilə kifayətlənməlidirlər.
Onu da qeyd edim ki, belə bir durum isə, Putini dəstəkləyən oliqarxları Kremldən, Putindən daha asılı vəziyyətə salıb. Məlumdur ki, Rusiya oliqarxlarının mütləq əksəriyyəti, cinayət yolu ilə, indiki varidatı qazanıblar. Elə, buna görə də, onların Kremlin, Putinin iradəsindən necə asılı olduqlarını görmək, elə də çətin deyil. Oliqarxlar Brizovski, Xodorkovski, Çuqaşvili və İsmayılovla bağlı və sair faktlar da, qeyd edilənlər sarıdan Putin “iradəsinə sübutlardır”.
Çoxlarının bildikləri kimi, Ruben Vardanyan da, öz adına olan bütün varıdatını cinayət yolu ilə əldə edib. Hətta bütün bunlarla bağlı, ortada çoxlu cinayət işləri də var. Bu fakt və eləcə də, Vardanyanın “məcburi Putin seçiminin” nəticələri, onu, Kremlin tam sözəbaxan icraçısına çevirib. Bu isə o deməkdir ki, Ruben Vardanyan öz varidatının əsiridir və bu, Kreml seçimində əsas şərtdir. Odur ki, Vardanyan Xankəndində ən son məqama kimi, Rusiyanın bütün planlarını reallaşdırmağa çalışacaq. Sözsüz ki, Rusiya Vardanyan fiqurundan, “Ermənistan taxtası”nda da, sərfəli şəkildə istifadə etmək fikrindədir. Ancaq bu da onun Qarabağda oynaya biləcəyi roldan asılıdır.
Azərbaycanın vətəndaş cəmiyyətlərinin, aktivistlərin Laçın yolunda keçirdikləri aksiyanın yaratdığı reallıqları Vardanyan klassik siyasi səhnələrlə, əhəmiyyətsiz “qərarlarla” gizlətməyə cəhd edir. Bu günə gözlənilən mitinqin əsas məqsədi də, elə, budur. Ancaq ermənilərin özlərinin gözlənilən mitinqdə, elə, onların özlərinə qarşı şüarlar səsləndirəcəkləri labüd və şübhəsizdir.

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.
politoloq, hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.