Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Alibala Ağayevin barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.
araztv.com Pravda.az-a istinadən bildirir ki, hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protest qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.
Belə ki, ona təyin olunmuş 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və Alibala Ağayev məhkəmə iclası zalından həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksəcək.
İttihama görə, Alibala Ağayev 5 nəfərə qarşı dələduzluq edib. O, Şamilov Əlixan Təhməz oğlu, Mahmudova Adilə Xurşud qızı, Hacıyev Məhyəddin Abdulla oğlu, Qurbanov Seymur Pənah oğlu və Abdullayev Tofiq Şakir oğlunun ümumilikdə 81 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Alibala Ağayev həmin şəxslərin yaxınlarının təhsil məsələsi və məhkəmə işlərini həll edəcəyi vədini verib. Lakin sonradan vədinə əməl etməyib.
Daha sonra o, zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Alibala Ağayev 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya şikayəti verib.
Qeyd: Əlibala Eldar oğlu Ağayev AMEA Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş rəisi vəzifəsində çalışıb.
O, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinib və 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Alibala Ağayev həbs olunana qədər həmin cəzasını çəkib qurtarmışdı.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.