“Bizi, anti-Azərbaycan mövqeli İran molla rejimi əleyhinə, qınaq xarakterli dediklərimizə görə, yüksək çinli məmurlar, hətta həbslə də hədələyiblər!” — İSMAYIL AĞAYEV

 

İndi isə, bunun, hədsiz təəssüf doğuran və hədsiz narahatçılıq yaradan, yanğı və ağrı dolu ağır nəticələri göz qabağındadır 

        “İran hakimiyyətini illərdi əlində cəmləyən fars molla rejiminin, Azərbaycanın dövlət maraqları əleyhinə çəkinmədən təbliğat apardığı həmişə göz qabağında olub. Ölkəmizin öz fəallıqları ilə seçilən ictimai-siyasi qurumlarında birləşən Vətən sevgili mübarizələrimiz isə, buna dözməyərək, bu riyakar rejimi provokasiya xarakterli belə iyrənc bəd əməllərinə görə, həmişə sərt şəkildə qınayaraq, vaxtında layiqli cavabını vermək istəyi ilə, müxtəlif tədbirlər təşkil ediblər. Çox təəssüflər ki, bu təşkilatların heç birinə, bu yöndən təşkil etdikləri lazımi vacib tədbirlərini keçirməyə, hakimiyyətin yuxarı qatında, məsul vəzifə kreslolarında əyləşən yüksək çinli məmurlar tərəfindən əngəl yaradılıb, çox vaxt buna imkan verilməyib. Bunun, doğma Vətən sevgili hər kəsdə hədsiz ağrı doğuran anti-Azərbaycan nəticəsi isə, artıq, göz qabağındadır.

        Belə olmasaydı, sözsüz ki, Azərbaycan — Ermənistan sərhədlərini özünün qırmızı xətti hesab edən İranın molla rejimi, ölkəmizə qarşı münasibətdə bütün qırmızı xətləri keçməzdi. Bu, İran İslam Respublikası ilə, Azərbaycan Respublikası arasında bütün müstəvilərdəki münasibətlərin getdikcə gərginləşməsinə dəlalət edən danılması mümkünsüz və sübutuna ehtiyac olmayan əsas faktdır. Bu da bir həqiqətdir ki, mövcud gərginliyin durmadan davam edib artması, öz mənbəyini, şovinist xislətli farsların azərbaycanlılara, ümumən götürdükdə, türk etnosuna qarşı tarixi və genetik düşmənçiliyindən götürüb. Açıq-aşkar müşahidə olunan bu gərginlik, əslində, şovinist fars rejiminin, son iki əsrdən çox bir müddətdə, davamlı olaraq, Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı, müxtəlif adlar altında, öz aləminə və düşüncə tərzinə uyğun törətdiyi bütün mümkün təzyiq və təhdidlərə, provokasiyalara güclənmiş Azərbaycan dövlətinin hazırkı adekvat sərt cavabının nəticəsidir.

       Doğrudan da, İranın molla rejimi Azərbaycana və azərbaycanlılara qarşı həmişə düşmən münasibət sərgiləyib. Bu, bu rejimin, elə, İran əhalisinin yarıdan çoxunu təşkil edən 40 milyondan çox soydaşımıza qarşı münasibətindən də, həmişə aydın görünüb. Elə, biz də, həmişə onu demişik ki, bu qədər azərbaycanlının etnik-mədəni hüquqlarını şovinistcəsinə tapdalamaq faşizmdən başqa bir şey deyil. Heç şübhəsiz, qardaş dedikləri ermənilərlə, molla xislətli fars məmurlarını birləşdirən başlıca cəhətlərdən biri də, elə, budur!” — Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, araztv.com-ın əməkdaşları ilə söhbətində, hədsiz təəssüf doğuran bu sözləri ürək yanğısıyla dedi.

          Həmsöhbətimiz dönə-dönə xüsusi olaraq onu vurğuladı ki, fars molla rejiminin bu riyakar əməllərinə etiraz olaraq, illərdi, rəhbəri olduğu təşkilatın çoxsaylı üzvləri ilə, İranın paytaxt Bakıdakı Səfirliyinin binası qarşısında etiraz aksiyaları keçiriblər. Lakin bu rejimə qarşı haqlı sözlərini tam olaraq, sərbəst deməyə, hakimiyyət dairələrindəki bəzi yüksək çinli məmurlar tərəfindən imkan verilməyib: “Həmişə təzyiq və təhdidlərə məruz qalmışıq. Hətta həbslə də bizi hədələyiblər. Bunun təsdiqi olaraq, illər öncə çəkilmiş və sizə təqdim edəcəyim bir video-görüntüyə baxmağınız kifayətdir (Həmsöhbətimizin təqdim etdiyi bu video-görüntünü, araztv.com-ın dəyərli oxucularının da diqqətinə çatdırırıq — red.).

Belə olmasaydı, molla rejiminin başında duranlar öz layiqli cavablarını və paylarını çoxdan almışdılar. Çox təəssüflər ki, öz içimizdə olanlar tərəfindən buna imkan verilmədi.

        İndi isə, onların özləri, İrana qarşıdırlar. Hətta ölkə başçısının özü də, öz çıxışlarında, İranı bu riyakar əməllərinə görə, ciddi tənqid atəşinə tutur. Elə, götürək, Ermənistanın baş naziri Paşinyanın baş tutan məlum Tehran səfərindən sonra, möhtərəm Prezidentin dediklərini. İran prezidenti İbrahim Rəisinin Paşinyanla görüşüb-öpüşərək, müxtəlif məsələlərlə bağlı danışıqlar aparması  zamanı yol verdiyi xoşagəlməz davranışlarına görə, möhtərəm Prezidentimiz onu ciddi şəkildə suçladı. Noyabrın 8-də İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı: “Məscidləri dağıdanı müsəlman ölkələrinin rəhbərləri qucaqlayıb, öpə bilər?!” — deməklə, sərt münasibətini ortaya qoydu.

       Ən əsası odur ki, möhtərəm Prezident Türk Dövlətləri Təşkilatının (TDT-nin) sədrini qəbul edərkən, Cənubi Azərbaycanda yaşayan 40 milyon nəfərdən çox soydaşımıza Azərbaycan dövlətinin arxa duracağını qəti şəkildə deməsi, eləcə də, Özbəkistanda keçirilən TDT-nin Sammitində, Tehran dövlətinin riyakar rəhbərliyinə, azərbaycanlıların hüquqlarının müdafiəsinin vaxtının çatdığı barədə açıqlamalar yönəltməsi, İranın molla rejiminin rəhbərliyini əsaslı şəkildə təşvişə saldı. Bütün bunlara görə, möhtərəm Prezidentimizə öz dərin minnətdarlığımızı çatdırırıq!

         Elə, belə də olmalıydı!
       
         Axı, xüsusilə son 30 ildə – Ermənistan — Azərbaycan münaqişəsi başlayandan, hətta olkə başçısının da öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, İranın molla rejimi açıq şəkildə işğalçı Ermənistanın və erməni separatçılarının yanında durdu və onları müdafiə etdi. Ona görə də, həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı Ermənistanı ərzaqla, yanacaqla, silah-sursatla təmin edən İranın əllərində də, 10 minlərlə şəhidimizin qanı var! Şuşanın işğalında belə, İran günahkardır. Ən əsası odur ki, bunu təkcə biz yox, dünyanın yüksək nüfuz və vicdan sahibi tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, hərbi şərhçiləri, mütəxəssisləri də deyir, bizim media vasitələrimiz kimi, ayrı-ayrı ölkələrin mətbu orqanları da yazırlar. Doğrudan da, 1992-ci ilin may ayının 8-də, danışıqlar adı ilə, Azərbaycan rəhbərliyini Tehrana aparıb, ölkəni başsız qoyub, elə həmin gün Şuşanın ermənilər tərəfindən işğalına şərait yaratdığına görə, İranın fars molla rejimi günahkardır.       

        Ümumiyyətlə götürdükdə, açıq-aydın görmək olur ki, İranın qonşuluğunda olan heç bir müsəlman ölkəsi ilə dost, müttəfiq olmayan şövinist fars rejimi, onlara qarşı hər şeyi əksinə edir. “Kor-kor, gör-gördür!” ki, dünya müsəlmanlarına qənim kəsilən bu riyakar rejimin müttəfiqləri, müsəlman ölkələrinə düşmən dövlətlərdir. Axı, bütün müsəlman ölkələri içində terror qruplaşmaları yaradıb, hər yerdə terrorla məşğul olan, öz ölkəsi daxilində isə, açıq-aşkar öz vətəndaşlarına cəllad kəsilən İranı, bizə islam ölkəsi kimi tanıtdırmaq istəyən aşağı zehniyyət sahibləri, nəyə əsaslanaraq, ona, dünyanın müsəlman əhalisinə qeyrətdən və ya şərəfdən dərs keçə biləcək müsəlman ölkəsi deyə bilirlər?! 

         İran İslam Respublikası ilə, Azərbaycan Respublikası arasında bütün müstəvilərdəki münasibətlərin getdikcə gərginləşməsi göz qabağındadır. Sözsüz ki, mövcud gərginliyin durmadan davam edib artması, öz mənbəyini, şovinist xislətli farsların azərbaycanlılara, ümumən götürdükdə, türk etnosuna qarşı tarixi və genetik düşmənçiliyindən götürüb. Açıq-aşkar müşahidə olunan bu gərginlik, əslində, şovinist fars rejiminin, son iki əsrdən çox bir müddətdə, davamlı olaraq, Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı törətdiyi bütün mümkün təzyiq və təhdidlərə, güclənmiş Azərbaycan dövlətinin adekvat cavabının nəticəsidir!”.
        
            Beynəlxalq Diaspor Mərkəzinin tanınmış rəhbəri söhbət zamanı onu da xüsusi olaraq qeyd etdi ki, özü kimi, rəhbərlik etdiyi təşkilatın hədsiz Vətən sevgili çoxsaylı üzvləri də, fars molla rejiminin törətdiklərini açıq-aşkar müşahidə edirlər. Məhz buna görə və gördüklərinə layiqli cavab olaraq, ən əsası isə, əsrlər boyu parçalanmış Böyük Vətənimizi, xalqımızı zülmdən və əsarətdən xilas etmək naminə, gecə-gündüz mübarizə aparmağı özlərinin həyat amalına çeviriblər. Daha doğrusu, vicdan və qeyrətlərinin tələbi qarşısında, buna çoxdan məhkumdurlar!
        
          “Ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində və bu işğalın az qala 30 il müddətində qüvvədə saxlanılmasında xüsusi rolu olan fars molla rejimi, hətta 44 günlük Vətən Müharibəsindən sonra da, Azərbaycana qarşı düşmənçiliyindən əl çəkmədi. Daha önə gedərək, işğalçı Ermənistanı özünün qırmızı xətti kimi bəyan edib, nəhayət, Qərbi Zəngəzurda — Qafanda, daşnak qardaşları əhatəsində öz konsulluğunu da açdı. Beləcə, Azərbaycana qarşı qatı düşmənçilik mübarizəsində açıq müstəviyə keçdi. Elə, dövlətimizə qarşı açıq-aydın siyasi-diplomatik, hərbi,.. sahələrdə qatı düşmənçilik nümayiş etdirməsi, ölkəmizin əl-qolunu daha geniş açmasının başlıca səbəbinə çevrildi.        
      
        Siyasi müstəvidə fars rejiminin belə riyakar və saxtakar davranışı, onun gələcək dövlət taleyini, birbaşa, Azərbaycandan və azərbaycanlı əhalisindən asılı vəziyyətə salır. İstənilən ictimai rəydən üstün olan praqmatik siyasət də bunu deyir. Elə, son zamanlar fars molla rejiminin daha ciddi şəkildə “əl-ayağa düşməsi” də, buna görədir. Bir də ki, “əl və ayağa düşmək”, tarixən, bu rejimin xislətinə uyğun vərdişi kimi xatırlanır.

       Heç şübhəsiz, Zəngəzur dəhlizinin açılmasına, Ermənistanla sərhədlərin Azərbaycanın istədiyi kimi delimitasiyasına və demarkasiyasına, “Sülh Müqaviləsi”nə mane olmaq iqtidarında olmayan İranın özü də yaxşı bilir ki, İran tezliklə param-parça olacaq. Çünki Cənubi Azərbaycanın istiqlalı tarixi zərurətdir! Bütöv Azərbaycan Dövlətinin yaxın gələcəkdə mütləq qurulacağı bir reallıq və inkarolunmaz həqiqətdir. Və bu, həm də yaşayacağımız yeni tariximiz olacaq! Axı, bütün dünyaya da bəllidir ki, farsların indiki davranışı, onların gələcəkdə mövcud olacaq bir dövlətlərinin taleyini, çoxdan, Azərbaycan xalqının istəyindən asılı vəziyyətə salıb.

        İki aydan çoxdur İranda səngiməyən məlum iğtişaşlar da, artıq, birbaşa, siyasi müstəviyə keçib və oradakı çox ağır yaşam tərzində olan yerli xalqların, işsizlikdən və acınacaqlı durumlarından hədsiz əzab-əziyyət çəkən gənclər təbəqəsinin istiqlal tələbləri, milli azadlıq hərəkatı çağırışları qarşısıalınmaz həddi ötüb. Buna sübut kimi, İran əhalisinin böyük əksəriyyətinin —  bizim soydaşlarımızın yaşam durumlarını göstərmək kifayətdir. Bütün bunlar da ona bir işarədir ki, İranda baş verənlər qiyam yox, birbaşa, fars molla rejiminin törətdiyi zülmlərin partlayış nöqtəsinə çatmasının bir reallıq göstəricisidir.

         Cənubi Azərbaycan əhalisinin və xüsusən də, inqilablar beşiyi Təbrizin bu proseslərdə daha öncül sıra alması, İran dövləti üçün, çox böyük təhlükəyə çevrilib. Buna baxmayaraq, bu riyakar rejim, hələ də özünün aqressiv ritorikalarından və  təhdidlərindən əl çəkməyib. Açıq-aşkar müşahidə olunur ki, Cənubi Azərbaycan əhalisi Azərbaycan Respublikasına birləşmək, yaxud da özlərini müstəqil elan etmək üçün, sosial şəbəkələr üzərindən ümid dolu müraciətlərini ortaya qoyur.

          Bir sözlə, İrandakı məlum iğtişaşların ən başlıca səbəbi də, fars molla rejiminin riyakarlığı və saxtakarlığından irəli gəlib. Konkret desək, artıq bu gün içindən çürüyüb, üfunət verən və getməyə məhkum bu riyakar rejim özünün öz xalqına və Azərbaycana qarşı törətdiyi ağır cinayətlərinin, terrorçu və işğalçı Ermənistanı birmənalı şəkildə müdafiə etməsinin bədəlini ödəyir. İranın fars molla rejiminin özü də yaxşı bilir ki, İran xalqları öz azadlıqlarına qovuşmalıdır. Bu, tarixin hökmüdür!” — deyə, İsmayıl Ağayev, əvvəlcə hədsiz təəssüflər doğuran bu söhbətimizi, sonda xoş təsir bağışlayan bu sözlərlə başa çatdırdı.

Fərhad Məmmədov,
araztv.com xəbər portalının xüsusi müxbiri.    

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir