“Şagirdlərin cəzalandırılması məktəbə, müəllimə qarşı aqressiya yaradacaq” – Elm və Təhsil Nazirliyi tənqid edildi

kamran66“Mövcud dəyişiklik, yəni şagirdlərin cəzalandırılması onlarda məktəbə, müəllimə qarşı aqressiya yaradacaq, məktəbə, müəllimə qarşı birləşməyə sövq edəcək, nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olacaqlar. Məktəb və müəllim də daim bu cəbhədə döyüşməli olacaq. Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulacaq, nəhayət məktəb, müəllim haqlı olsa belə, çoxluq qalib gələcək. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi yenə də ən mənasız və qısa yolu seçərək son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir. Bilirsiniz, təhsil dərk edilən həqiqətdir, deyəsən, bəziləri bunu dərk etmir. Bu yolla şagirdi təhsilə cəlb etmək, bu cəza metodu ilə məktəblərdə nizam-intizam qurmaq olmaz. Bu cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər”.

araztv.com   Pravda.az-a istinadən bildirir ki, bu sözləri  təhsil eksperti Kamran Əsədov məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək yeni inzibati tədbirlər barədə danışarkən deyib.

Ekspert bildirib ki, sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim-şagird münasibətləri də o cür qurulmalıdır: “Görünən budur ki, bəzi rəsmilərin məktəbşünaslıqdan anlayışı yoxdur. Şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər, lakin bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir. Səbrlə, təmkinlə, qayğı göstərərək onu ələ almaq, düzgün tərbiyələndirmək lazımdır. Sinifdə nizam-intizam, davranış problemi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir. Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür. Nizam-intizam sinifdə səssizliyin hökm sürməsi demək deyil, şagirdlərin diqqətinin dərsə cəlb olunması deməkdir. Dərsi pozan, məktəbin normal gedişinə maneə olan şagirdləri cəzalandırmaqdan çəkinməyi dünya təcrübəsi tələb edir. Hər bir şagird uğur qazana bilər, müəllimin vəzifəsi ona uğur qazanmağın yolunu göstərməkdir. Bütün insanlar kimi uşaqlar da zəhmət tələb edən, xüsusilə, öhdəsindən gəlmək çətin olan işi görməyə can atmırlar. Şagirdə “sən bunu bacaracaqsan” fikrini təlqin etmək onu dərsə cəlb etməyin ən yaxşı yoludur. Şagirdin səhvinə görə heç bir zaman onu lağa qoymayın, danlamayın, əksinə, onda tərifləyə biləcəyiniz xüsusiyyətlər axtarın. Əlbəttə, bu, o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur. Müəllimlik 45 dəqiqə müddətdə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil. Şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışın, dərsin planını qurarkən onları nəzərə alın. Əgər şagirdlərin daxili aləminə bələd olsanız, onları tez ələ alar, dərsə maraqlandıra bilərsiniz”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir