Tədris ilinin yaxınlaşması ilə bağlı olaraq xarici ölkələrə təhsil almaq üçün üz tutan tələbələrin sayı artır. Bəllidir ki, onlar digər ölkələrə uçmaq üçün hava yollarına üz tutmalı olurlar.
Son illərdə də bir sıra vətəndaşlar Azərbaycan Hava Yolları QSC-nin (AZAL) qiymətlərinin yüksək olmasından narazılıqlarını dilə gətirirlər. Şikayətlərə baxmayaraq biletlərin qiymətində hər hansı bir qiymət endirimi baş verməyib. Hava yolları ilə uçuş biletlərinin baha olması həm də tələbələrin büdcəsinə ziyan vurur. Digər ölkələrdə, məsələn, Türkiyədə oxuyan tələbələr üçün xüsusi endirim paketi tətbiq edilir. Belə ki, tələbələr daha az vəsait ödəyərək uçuş bileti ala bilirlər. Bəs, AZAL təhsil üçün xaricə yollanan tələbələrə hər hansı endirim paketi tətbiq edirmi?
Məsələ ilə bağlı AZAL-ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da sorğumuz cavabsız qaldı.
Təhsil almaq üçün xaricə üz tutan tələbələr də uçuş biletlərinin baha olduğundan öz narazılıqlarını bildiriblər.
Məsələnin Milli Məclisdə dəfələrlə qaldırıldığını bildirən millət vəkili Fazil Mustafa Ednews-a açıqlamasında bu məsələnin həll olunmasına bir ümid olmadığını vurğulayıb.
“Ümumiyyətlə bizdə endirim paketi yoxdur, əksinə qaldırım paketləri var. Nə vaxt tələbələri düşünüblər ki? Heç onların tələbələrdən xəbəri də yoxdur. Tələbələrin çətinliyini düşünmək əvəzinə nə qədər daha çox pul qoparmağı düşünürlər. Bu məsələ Milli Məclisdə neçə dəfə qaldırılıb. Nə vaxtsa həll olunacağına ümidimiz də yoxdur”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.