Bəs deyirdilər 1 yanvardan ləğv olunub? – Kitab satışından hələ də 18 faiz ƏDV tutulur…

kitabŞahbaz Xuduoğlu: “Vergi Məcələsinə edilən dəyişikliyə əsasən kitablar ƏDV-dən azad olunsa da, 4 aydır biz ƏDV ödəyirik”

Milli Məclisin 3 dekabr 2021-ci il tarixli iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsinin III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildiyi məluymdur.

Sözügedən dəyişikliklər siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq. 2022-ci il yanvar ayının 1-dən Vergilər Məcəlləsinə əsasən, kitablar ƏDV-dən azad edilsə də, lakin hələ də kitaba görə nəşriyyatlar 18 faiz vergi ödəyirlər. Naşirlər deyirlər ki, kitablar ƏDV-dən azad edilib, amma onlar 4-cü aydır ki, 18 faiz ƏDV ödəyirlər.

  • “Vergilər Nazirliyi də deyir ki, bizə göstəriş gəlməyib, ƏDV-ni ödəməyə davam etməlisiniz”

“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu “Bakı-Xəbər”ə bildirdi ki, yanvar ayının 1-dən Vergilər Məcəlləsinə əsasən kitablar ƏDV-dən azad olunmalı, 18% ƏDV həm kağız, həm də kitab istehsalı və satışı üzərindən götürülməli idi. Baş verənlərin qanunazidd olduğunu vurğulayan Ş.Xudoğlunun sözlərinə görə, aidiyyəti dövlət qurumları dəyişikliyin tələblərinə əməl etmək istəmir: “Məsələ burasındadır ki, birincisi, Prezidentin fərmanı ilə qəbul olunmuş qanun arasında ziddiyyət var. Ziddiyyət ondan ibarətdir ki, qanunda yanvar ayının 1-dən dəyişikliyin qüvvəyə mindiyi bildirilir. Bu birmənalı şəkildə belədir. İkinci bir məsələ bunun qarşısını ala bilməz. Amma Prezidentin fərmanında deyilir ki, 3 ay ərzində bununla bağlı xüsusi təlimat hazırlansın. Bu təlimatı isə Nazirlər Kabineti hazırlamalıdır. Üç ay keçməsinə baxmayaraq Nazirlər Kabineti hər hansı bir təlimat hazırlamayıb. Mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət etmişəm, amma hələ bir cavab yoxdur. Bu gün qəzet üçün gətirilən kağızlar da, kitablar da, kitab kağızı da, kitaba aid nə varsa hamısı ƏDV-yə cəlb olunur. Amma qanuna görə, bu sahə ƏDV-dən azad olunmalıdır və 18 faiz ƏDV tutulmamalıdır. Amma indiki halda biz kitab satırıq, amma kitab mağazaları 18 faiz ƏDV-ni ödəmək məcbiriyyətindədir. Biz xaricdən mal gətiririk, gömürükdən deyirlər ki, bizə yeni təlimat gəlməyib, köhnə qayda ilə işləyirik. Yeni qanunu göstərəndə də deyirlər ki, bizlik deyil, bizim rəhbərlik “köhnə qayda ilə işləyin deyir”. Yəni biz hüquqi ölkədə yaşayırıq və qanunun aliliyi hər bir dövlət orqanı tərəfindən qorunmalıdır. Əgər buna dövlət orqanı əməl etmirsə onda hər hansı bir vətəndaşdan bunu ummaq olmur”.

Məsələyə Vergilər Nazirliyinin reaksiyasına gəlincə, Ş.Xuduoğlu bildirdi ki, bu nazirliyə də müraciət olunub, lakin müsbət cavab alınmayıb. Nəşr evinin mühasibatlığının müvafiq  əməkdaşlarının nazirliklə mütəmadi olaraq əlaqədə olduğunu vurğulayan Ş.Xuduoğlunun sözlərinə görə, onlar da yeni təlimat yoxdur,  köhnə qaydada ödəməlisiniz deyirlər: “Vergilər Nazirliyi də deyir ki, bizə göstəriş gəlməyib, ƏDV-ni ödəməyə davam etməlisiniz. Belə bir absurd vəziyyətdəyik. Bu gün köçürmə yolu ilə satdığımız hər bir kitaba ƏDV ödəyirik, ödəmək məcburiyyətindəyik. Çünki başqa variant yoxdur”.

“Bu ölkənin kitab sənayesi ilə bağlı bir məsələ olduğu üçün digər naşirlərlə bir araya gəlib hansısa addımlar atmaq, müraciət etmək niyyətiniz varmı?” sualına Ş.Xuduoğlunun cavabı belə oldu: “Mənim kimi həmkarlarım da çıxılmaz durumdadır. Mən naşirlərə bir araya gəlib bu məsələni müzakirə etmək üçün müraciət etmişəm. Amma hələ gözləyirəm. Bu məsələni təxirə də salmaq olmaz. Yəni biz bu məsələyə diqqət ayırmayınca o uzanıb gedir. Bu belə qala bilməz. Tələb etməliyik ki, qanun qüvvəyə minsin, qanunla biz ƏDV-dən azad olumuşuq və bu azad olunma məsələsi də təsdiq olunmalıdır. Vergi Məcələsinə edilən dəyişikliyə əsasən kitablar ƏDV-dən azad olunsa da, lakin 4 aydır ki, biz ƏDV ödəyirik. Biz əlavə olaraq 18 faiz pul ödəyirik. Bu da gömrüklə başqa məsələlərlə birgə 42 faiz edir. Gömrük bizdən gətirdiyimiz kağıza görə 42 faiz həm rüsum, həm də vergi alır. Belə olduğu halda biz necə kitab çap edib bazara çıxaraq? Söhbət təkcə bizim nəşriyyatdan yox, bütün nəşriyyatlardan gedir. Mən Nazirlər Kabineti ilə yanaşı İqtisadiyyat Nazirliyinə də müraciət etmişəm. Bu müraciətləri intensivləşdirib mütəmadi olaraq rəsmi qurumlara sorğular göndəririk. Addımlarımız bundan ibarətdir ki, qanunun qüvvəyə minməsi üçün müraciətlər edək və bizdən ƏDV tutulmasın. Başqa tələbimiz yoxdur. Qanun var, sadəcə qanuna dövlət qurumları əməl etməlidir. Bizim istəyimiz budur”- deyə Ş.Xuduoğlu bildirdi.

İradə SARIYEVA

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir