Cəbrayıl RTŞ-dən yayımlanan yazıya mövqe bildirildi

WhatsApp Image 2022 04 18 at 16.49.35Hörmətli oxucular! Bildirirmək istəyirik ki, 19 aprel 2022-ci il tarixdə araztv.com xəbər portalında Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri və bu şöbənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri ilə bağlı tənqidi məqalə yayımlanmışdır. Həmin məqalə ilə bağlı RTŞ-nin rəhbərliyindən mövqe bildirildi və onu hər kəsin diqqətinə çatdırırıq. “Mən Qurbanov Zamiq Mətləb oğlu olaraq, 01 oktyabr 2018-ci il tarixdə Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşam və bu gün də həmin vəzifəni daşımaqdayam. Qeyd edim ki, 15 sentyabr 2005-ci ildə ilk dəfə pedoqoji sahədə əmək fəaliyyətinə başladım və ötən illər ərzində xeyli təcrübə qazanmağa da nail oldum. Bundan əlavə, fəaliyyət göstərdiyim müddət ərzində istedadlı və bacarıqlı bir pedaqoq olaraq, hər zaman öz potensialımı ortaya qoymağa çalışdım. Təəssüf hissi ilə qeyd edim ki, bu gün bəzi “qara qüvvələr”in sifarişi əsasında, ayrı-ayrı media qurumlarında Cəbrayıl rayon Təhsil Şöbəsinin fəaliyyəti ilə bağlı heç bir əsası olmayan, real faktlara söykənməyən əsassız yazılar yayımlanır. Bu cür addımlar işgüzar nüfuzumuza xələl gətirməklə bərabər, eyni zamanda müəyyən çevrələrdə bizim fəaliyyətimizi şübhə altına alan fikirlərin formalaşmasına da səbəb olur. Məsələn,19 aprel 2022-ci il tarixdə araztv.com saytında “Cəbrayılda təhsil sistemini BAZARA ÇEVİRİBLƏR – İTTİHAM VAR!” başlıqlı yazı yayımlanıb. Qeyd edim ki, Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri olaraq, barəmizdə yayımlanmış bu yazıda qeyd olunanları həm əsassız, həm də böhtan xarakterli yazı hesab edirik. Çünki, bu yazıda qeyd olunub ki, guya mən şəxsi mənafeyim naminə yerli məmurlarla əlbir oluram və vətəndaş narazılığına səbəb olan addımlar atıram. Əslində bu ən böyük şərdir, analoqu olmayan böhtandır. Bildirim ki, mən RTŞ-nin müdiri olaraq hər zaman ümummilli mənafeyimizi hər şeydən ustün tutmağa çalışmışam. Yayımlanan yazıda o da qeyd olunub ki, guya Cəbrayılın təhsil müəssisələrində hər ay lazımi məbləğdə “haqq-hesab” yığılır, hətta “şəhid pulu” adı altında vəsait də toplanır. Bu cür yazıları oxuduqca, sanki öz-özünə təəssüf hissi keçirməli olursan. Yazıda başqa bir məqamda qeyd olunub ki, guya mən sabiq şöbə müdiri Validə Həsənovanın kadrıyam və bu gün onun planları əsasında fəaliyyətimi davam etdirirəm. Əslində bu heç də belə deyil. Çünki, mən kifayət qədər yaş həddinə çatan və lazımi iş təcrübəsinə malik olan vəzifə sahibiyəm. O halda sual oluna bilər ki, mən nəyə görə kiminsə diktəsi ilə oturub durmalıyam, yaxud da idarəçiliyi kənar şəxslərin planları əsasında həyata keçirməliyəm?
Qeyd olunan başlıq altında yayımlanan yazıda o da bildirilir ki, hazırda Cəbrayıl təhsilindəki problemlər aşıb-daşır, əmələ gələn giley-güzarlar günbəgün artmaqda davam edir. Bundan əlavə yazıda o da vurğulanır ki, rayonun məktəblərində yaşanan dözülməz şəraitsizlik, müəllimlərlə direktorlar arasındakı qeyri-səmimi mühitin varlığı, valideyn narazılıqları və s. ümumi tədris prosesinə özünün mənfi təsirini göstərir, təhsil şöbəsinin müdiri işinin öhdəsindən layiqincə gəlməyi bacarmır. Bu cür açıqlamalar cəfəngiyyatdan başqa bir şey deyil. Çünki, mənim fəaliyyətim hər zaman rəhbərlik tərəfindən lazımınca qiymətləndirilib və ötən illər ərzində əldə etdiyimiz uğurlar da bunu təsdiq edir. Daha usandırıcı hallardan biri də, guya hər ay müəllimlərin maaşlarından 1%-i tutulsun, müəllimlər ərizə yazmağa məcbur edilsinlər, toplanan vəsaitlər RİH-nin büdcədənkənar fonduna köçürülsün deyə, bu yöndə tapşırıq verməyimdir. Bütün bunları nəyə əsaslanıb yazıblar, hələ də bu suala cavab tapmağa çətinlik çəkirəm. Çünki, Cəbrayılın təhsil müəssisələrində heç vaxt belə bir addımlar atılmayıb.
Yazıda başqa bir məqam da vurğulanıb ki, guya Cəbrayıl RTŞ ilə, RİH birgə qanunsuzluq əməlləri törədirlər və belə bir əməllər Ali Baş Komandana, Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı şantaj hərəkətlərdir. Müəllif yazını yayımlayarkən o halın varlığını unudur ki, bu gün ölkəmizdə şəhid ailələrinə, kimsəsizlərə, müharibə əlillərinə lazımi dövlət qayğısı göstərilir və ölkə başçısı bu kimi məsələlərə hər zaman önəm verir və daim diqqətində də saxlayır. Bundan əlavə, yazıda o da qeyd olunub ki, şöbə müdiri olaraq mən guya ki, təhsil müəssisələrini lazımi səviyyədə idarə etməkdə maraqlı görünmürəm, hər şeyi öz mənafeyimə qurban verirəm, məktəbli formalarının satışına göz dikirəm, nəticədə, cəmiyyət arasında təhsilin və müəllimlərin nüfuzu heçə endirib bir çox biabırçılıqların əmələ gəlməsinə səbəb oluram. Heç cür başa düşmək olmur ki, müəllif belə bir düşüncələrini, belə bir yanaşmasını nəyə, hansı fakta əsaslanaraq ictimaiyyətin diqqətinə çatdırır?
Sonda onu qeyd edirəm ki, 19 aprel 2022-ci il tarixdə araztv.com saytında yayımlanmış “Cəbrayılda təhsil sistemini BAZARA ÇEVİRİBLƏR – İTTİHAM VAR!” başlıqlı yazıda, barəmizdə yazılanların hər birini tammamilə təkzib edirik. Çünki, ünvanımıza səslənən ittihamların, qara yaxmaların heç bir hüququ əsası yoxdur və rəhbərlik etdiyim sahənin durumu haqda, TN-nin rəsmiləri yetərincə məlumata malikdirlər. Odur ki, hər bir media qurumunun nümayəndəsindən xahiş edirəm ki, yayımlanan yazılarda real faktlara əsaslansaq, o halda əldə edəcəyimiz uğurlar da daha çox olacaq”.

Yeri gəlmişkən, redaksiya adından onu da bildiririk ki, bu yazımıza münasibətində rayon təhsili rəhbərinin qeyd etdiklərindən belə bir nəticəyə gəlmək olur ki, Cəbrayıl RTŞ-nin fəaliyyətini şübhə altına almağa əsas yoxdur. Elə, bununla bağlı apardığımız digər bir jurnalist araşdırması zamanı ortaya çıxan bəzi qaranlıq məqamlar, bizim də qismən şübhəli qalmağımıza əsas verdi.
Ümumiyyətlə, ölkəmizin təhsil sistemindəki mövcud durum, bu sahədəki problemlər geniş ictimaiyyətin, eləcə də mətbuatın daim diqqətdə saxlayaraq, müzakirə etdikləri vacib məsələlərdən birinə çevrilib. Ona görə, bu sahədəki problemli məsələlərin mahiyyəti öz-özlüyündə aktuallıq kəsb edib həmişə. Bu səbəbdən, Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdirinin fəaliyyəti, bu şöbənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindəki real durum barədə, xeyli vaxtdır araztv.com-ın redaksiyasına da vaxtaşırı məlumatlar çatdırılmaqdadır. Bir media qurumu olaraq, belə məlumatlar daim diqqətimizi cəlb etdiyindən, hətta bir-neçə gün bundan öncə, bu Təhsil Şöbəsinin fəaliyyəti barəsində olan həmin tənqidi yazını da yayımladıq. Amma, bu, heç də o demək deyil ki, bu şöbəyə və onun rəhbərinə qarşı hansısa formada qərəzçilik nümayiş etdirməyi qarşımıza məqsəd qoymuşuq: Əsla, yox! Məhz buna görə də, həmin tənqidi yazımızdan sonra ortada qalan bəzi qaranlıq məqamlara aydınlıq gətirmək üçün, tərəfimizdən araşdırmamızı davam etdirməyə, əsl həqiqətləri tam olaraq üzə çıxarmağa qəti qərar verdik. Araşdırma zamanı bunu edə bildik və məlum oldu ki, öncədən də qeyd etdiyimiz kimi, ortadakı həmin qaranlıq məqamlar ətrafında üzə çıxardığımız faktlar məyusedici çox şeylərdən xəbər verir. Di gəl ki, münasibətdə göstərilənlər və araşdırmalar zamanı müəyyən etdiklərimiz onu deməyə əsas verir ki, 01 oktyabr 2018-ci il tarixdə Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan Zamiq Qurbanov 15 sentyabr 2005-ci ildən pedoqoji sahədə əmək fəaliyyətinə başlayıb və bu önəmli vəzifəni tutmaq üçün, pedaqoji sahədə çalışmaqla, imicini yüksəldən bir mütəxəssis kimi mərhələ-mərhələ yollardan keçib. Bu da, onun, lazımi idarəçilik təcrübəsinə malik potensial sahibi gənc kadr kimi yetişməsinə böyük imkanlar yaradıb. Yəni, hal-hazırda şöbə müdiri vəzifəsini daşıyan bu gənc kadr, Azərbaycanın təhsil sistemində sınanılmış və iş fəaliyyəti göz önündə olan vəzifə sahiblərindən biri hesab olunur. Lakin bu barədə bu deyilənlər, redaksiyamıza daxil olan məlumatlarda göstərilənlərlə və araşdırmalar zamanı üzə çıxardığımız real faktlarla, eləcə də xeyli sayda şikayətçinin ürək ağrısıyla öz şikayətlərində xüsusi olaraq vurğuladıqları ilə uyğunluq təşkil etmir. Onda belə çıxır ki, bu vəzifə sahibi ilə bağlı araztv.com-ın redaksiyasına çatdırlan məlumatlar, hansısa “qara qüvvələr”in qısqanclıq hissindən qaynaqlanıb. Məhz buna görə də, bu mövzu ətrafında başladığımız digər bir jurnalist araşdırması zamanı ortaya çıxaracağımız həqiqətləri, tam təfsilatı ilə, dəyərli oxucularımızın da diqqətinə çatdıracağıq.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir