Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, orada yaşayan soydaşlarımızın həyatı təhlükə altındadır.
Məlum olduğu kimi, zamanında Nadir şahın təşəbbüsü ilə Qarabağ, Urmiya və Həmədan bölgələrindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdiriliblər.
Araşdırma materiallarında, rəsmi sənədlərdə onlar “qızılbaş”, “Azərbaycan türkləri” kimi təqdim olunurlar.
Aldığımız məlumata görə, Əfqanıstanda yaşayan Azərbaycan Türklərinin mədəniyyət fəalları, 50-yə qədər şair və yazıçısı Taliban təhlükəsi ilə üz-üzədir.
Bu günlərdə Əfqanıstanda yaşayan Azərbaycan türkləri sosial şəbəkələr vasitəsi ilə video paylaşaraq Azərbaycan dövlətindən Əfqanıstanda Taliban təhlükəsi ilə üz-üzə qalan soydaşlarımıza kömək edilməsini xahiş edirlər.
Soydaşlarımız, həmçinin ölkəmizdə ana dilləri olan Azərbaycan Türkcəsini, tarixi Vətənləri olan Azərbaycanın tarixini və mədəniyyətini öyrənmək arzusundadırlar. Buna görə də, onlar üçün təqaüd proqramının təşkilinə ehtiyac vardır.
Aldığımız məlumata görə, Özbəkistan və Tacikistan Özbək Türklərini və tacikləri ölkədən çıxarıblar. Azərbaycan Türkləri isə, hələ də Taliban təhlükəsi altında yaşamağa məhkum qalıblar.
Fikrimizcə, Azərbaycan dövləti soydaşlarımıza sahib çıxmalıdır.
Eldəniz ABBASLI,
Bütöv Azərbaycan Ocaqları (BAO) Mətbuat Xidmətinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru.
Bakı, 07 aprel 2022-ci il.
araz.az xəbər portalı.