İran SEPAH-ının “Teleqram” kanalında Ermənistanın müdafiəsi ilə bağlı gedən məlumata BAO-nun ETİBAZ BƏYANATI

WhatsApp Image 2022 03 30 at 01.29.21

Bütöv Azərbaycan Ocaqları (BAO) SEPAH-ın — İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi “Teleqram” kanalında gedən və sırf olaraq Ermənistanın müdafiəsinə yönələn bir məlumata kəskin etiraz ifadəsi olan Bəyanatla çıxış edib. BAO-dan araztv.com-ın redaksiyasına da verilən həmin Bəyanatın mətni aşağıdakı kimidir:

“BÜTÖV AZƏRBAYCAN OCAQLARININ
BƏYANATI

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Teleqram” kanalında belə bir məlumat getmişdir ki, guya, “Ermənistana istənilən hərbi müdaxilə İran Silahlı Qüvvələrinin reaksiyası ilə qarşılaşacaq. İran İslam Respublikası qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinə dözməyəcəyini dəfələrlə bəyan edib”.
Öncə, onu qeyd etmək istərdik ki, bu Bəyanatın özündə təxribat xarakterli məqamlar vardır. 30 ildir Azərbaycan torpaqlarının 20 faizindən çoxunun erməni işğalı altında olduğu vaxtda, bir dəfə də səsini çıxarmayan qonşu İran dövlət rəsmilərini, bu gün narahat edən nədir?! Əgər, bu, Azərbaycan Silahlı Qüvvələrinin son günlərdə öz ərazilərimizdə bəzi yerdəyişmələr aparmasıyla bağlıdırsa, əlbəttə, gülüş doğurur. Çünki burada hər hansı dövlət sərhədlərinin dəyişdirilməsindən söhbət gedə bilməz, biz BMT tərəfindən tanınmış dövlət sərhədlərimiz daxilində hərəkət edirik.
İkincisi, Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının imzaladığı 10 noyabr, 2020-ci il tarixli rəsmi Müqavilənin şərtlərinin həyata keçirilməsi məqsədi ilə, öz dövlət sərhədləri çərçivəsində hər hansı əməliyyat aparmaq üçün, Azərbaycan tərəfi heç bir dövlətdən icazə almaq öhdəliyi götürməyib. Tam əksinə, 44 günlük II Qarabağ savaşında məğlub olan Ermənistan dövləti həmin Müqavilədə üzərinə götürdüyü öhdəliklərə əməl etməli, erməni terrorçularını Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalıdır. Əks halda, Azərbaycan bölgənin terrorçu qruplaşmalardan və silahlı dəstələrdən təmizlənməsi əməliyyatını özü həyata keçirmək məcburiyyətində qalacaq.
Yeri gəlmişkən, onu da qeyd edək ki, hazırda Krımda və Donbasda, ümumilikdə Ukraynada hansı savaş gedirsə, Qarabağda da o savaş gedir. Bu, xeyirlə şərin savaşıdır.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, özünü Azərbaycanın ən yaxın qonşusu və müttəfiqi saydığını dəfələrlə bildirən, guya dünya şiə müsəlmanlarının himayəçisi rolunda çıxış edən İran İslam Respublikası dövlət rəsmilərinin nəzərinə çatdırmaq istərdik ki, Azərbaycan xalqının öz tarixi ərazilərini bərpa etmək və o ərazilərdə istədiyi dövləti qurmaq hüququ vardır. Bu hüququ heç kim əlimizdən ala bilməz.

BÜTÖV AZƏRBAYCAN OCAQLARI.
Bakı şəhəri, 29 mart, 2022-ci il”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir