“Rusiya Azərbaycana qarşı aqressiyasını sakitləşdirməlidir. Rusiyanın Ukraynadakı uğursuzluğunu günahkarı Azərbaycan deyil. Dünya tərəfindən qınaq obyektinə çevrilən Rusiya küncə qısılıb, Azərbaycanı da təhdid etməklə daxili publikaya hesablanmış addımlar atır. Bir növ, hələ də güclü olduğunu göstərmək üçün Azərbaycana dişini qıcayır. İstənilən halda, Azərbaycanın həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi lazım olan addımları atıb”.
araztv.com Pravda.az-a istinadən bildirir ki, bunu politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, digər nazirliklər kimi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də sərbəst bəyanat vermək hüququna malikdir, yəni müvafiq nazirlik Rusiyanın saytlarının ölkədə bloklanması barədə göstəriş verə bilər: “Onsuz da Rusiyanın Azərbaycana qarşı bu qərəzli münasibəti beynəlmiləl xarakter alıb. Dünəndən etibarən “Euronews” bu məsələni gündəmə gətirib. Rusiya Müdafiə Nazirliyi yenə ikiüzlü siyasət həyata keçirir, “Dağlıq Qarabağ” ifadəsi işlədir. Rusiya Ukraynadakı uğursuzluğunu Azərbaycanla sığortalamaq istəyir, amma bu, alınan deyil. Onlar beynəlxalq hüquqa hörmət etmir və başa düşmür ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. İndi Azərbaycan meydanda tək deyil, bizim yanımızda Türkiyə, Pakistan və İsrail var. Ümumiyyətlə, indiki reallıqda Rusiyanın Azərbaycanı təhdid etməsi əsassızdır, bütün şərtlər Azərbaycanın xeyrinədir. İstənilən səhv addım onun ziyanına işləyə bilər, çünki Rusiyanın Fars körfəzinə, Qara dənizə, Aralıq dənizinə çıxışı yalnız Azərbaycan üzərindən mümkündür. Əgər yollarını bağlamaq istəyirsə, buyursun… Rusiya ağıllı addımlar atmalıdır, onsuz da sanksiyalar dövləti çökdürür. Təəssüf ki, şovinizm güclənib və dözülməz həddə çatıb. Üstəlik, Rusiyada Azərbaycan saytları bloklanıb. Qarşılıqlı addımlar atılmalıdır, Azərbaycanda yayımlanan Rusiya kanalları bloklanmalı, saytlara girişə qadağa qoyulmalıdır. Başa düşə bilmirəm ki, nəyi gözləyirik?! Adekvat cavablar verilməlidir. Hər şeyi yuxarılardan gözləmək lazım deyil, aiddiyyatı qurumların operativ fəaliyyət nümayiş etdirməlidirlər”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.