Nəsir Əhmədli: “Tanrının yazdığı qismət müzakirə olunmur. Taleyimdən çox razıyam”
İyulun 1-i müasir Azərbaycan jurnalistikasının formalaşmasında və inkişafında önəmli xidmətləri olan Əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Nəsir Əhmədlinin 75 yaşı tamam olub.
O, 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 75 illik yubileyi münasibəti ilə sevimli müəllimimizi təbrik etmək, həm də yaşadığı ömür tarixçəsinə nəzər salmaq üçün dəyərli ziyalı ilə əlaqə saxlayıb, ad günü təəssüratlarını bölüşdük.
Qeyd edək ki, Jurnalistika fakültəsində uzun illərdir pedaqoq olaraq fəaliyyət göstərən N.Əhmədli 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 12 kitabın müəllifidir. 4 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 6 elmlər namizədinin rəsmi opponenti olub.
O, “Media açarı-2006”, Ali Media Mükafatı, müxtəlif diplom və Fəxri Fərmanlarla təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.
Acılı-şirinli xatirələrini bizimlə bölüşən tanınmış ziyalının əməkdaşımızla söhbətini təqdim edirik.
– Nəsir müəllim, uşaqlıq illərinizi necə xatırlayırsınız? Keçmiş günlərinizi tez-tezmi vərəqləyirsiniz? Yoxsa, xaraktercə xatirələri sevən biri deyilsiniz?
– Tez-tez xatırlamasam da, unutmuram.
Mən isti yay günündə buludsuz səmalardan
Qurğuşun yağışları yağanda doğulmuşam.
Körpələrin sevdiyi şirniyyat əvəzinə
Anamın axıtdığı yaşlarda boğulmuşam…
Bu, doğrudan, belədir. Əri və böyük oğlu cəbhədə vuruşan, 3, 6 və 9 yaşlı üç uşaqla qazma daxmada yaşayan, daha bir körpəni dünyaya gətirən tənha bir ana təsəvvür edin… Müharibədən sonrakı illərim isə çox ağır keçib. Məktəbə ayaqyalın getdiyim vaxtlar olub.
– Necə oldu jurnalistikanı seçdiniz? Uşaqlıq arzusu, yoxsa təsadüf ?
– Orta məktəbdə oxuyanda riyaziyyatı çox sevirdim. Hamı elə bilirdi, gələcəkdə riyaziyyatçı olacam. VIII sinifdə oxuyanda əlimə Həsən bəy Zərdabi haqqında bir kitab keçdi. Səhv eləmirəmsə, müəllifi Zakir Məmmədov idi. Həmin kitab mənim yolumu müəyyənləşdirdi. Qəti qərara gəldim: jurnalist olacam. Rayon və respublika qəzetlərində xırda yazılarla çıxış etməyə başladım.
– Bu arzuya asanmı çatdınız?
– Yox! Mən orta məktəbi bitirəndə (1959) qərar çıxdı ki, azı 2 illik iş stajı olmayanlar jurnalistika ixtisasına gələ bilməzlər. Kolxozda işlədim, fəhlə oldum, əsgərliyə getdim. Beləcə, 7 il keçdi. Sonra BDU-nun jurnalistika fakültəsinə qəbul olundum. Qurtaranda AzTV-də işlədim. 1975-ci ildə fakültəyə elmi-pedaqoji işə dəvət olundum. 42 ildir, burada çalışıram. Baş laborantlıqdan professorluğa qədər gərgin və şərəfli bir yol keçmişəm.
– Siz bu gün media sahəsində çalışan çoxsaylı jurnalistlərin müəllimi olmusunuz. Keçmiş tələbələrinizin sizə münasibətindən razısınız?
– Onlar mənim “qızıl fondum”dur. Arxam, dayağımdırlar. Hər biri ilə fəxr edirəm, qürur duyuram.
– Həqiqətən, yolu jurnalistika fakültəsindən keçmiş bütün tələbələr sizi bir pedaqoq və əziz insan kimi çox istəyirlər. Oxuduğum illərdə bunun əyani şahidi oldum, heç sizdən narazı tələbə görmədim… Bu, nədən irəli gəlir? Sirrinizi deyin…
– Bir dəfə “Facebook” səhifəmdə yazmışdım: “Mən dünyanın ən varlı insanıyam. Var-dövlətim keçmiş, indiki və gələcək tələbələrimdir”. Mən tələbələrimə yalnız tələbə kimi deyil, daha çox dostlarım, gələcək həmkarlarım kimi baxıram. Bizim müəllimlərimizin çoxu belədir. Jurnalistika fakültəsi halallıq məktəbidir. Halallıq olan yerdə narazılıq olmur.
– Bir az da mətbuatla bağlı fikirlərinizi öyrənək. Ölkədə medianın durumunu necə dəyərləndirirsiniz?
– Media cəmiyyətin, zəmanənin güzgüsüdür. Cəmiyyət necədirsə, media da elədir. Cəmiyyətin təbəqələri olduğu kimi, medianın da təbəqələri var: yuxarı, orta və aşağı. Bu, təbii haldır.
– Bəzən baş redaktorlar iddia edirlər ki, Jurnalistika fakültəsi tələbələrə heç nə öyrədə bilmir.
Praktikaya gələnlərin hamısı naşı olur. Sizcə, belələri nə dərəcədə haqlıdırlar?
– Haqlı deyillər. Azərbaycanda jurnalist kadrları hazırlığının 90 ilə yaxın tarixi və zəngin ənənəsi var. Bu fakültənin Prezident Aparatında, ayrı-ayrı nazirliklərdə, aparıcı informasiya vasitələrində, rayon qəzetlərində və başqa yerlərdə çalışan, hər yerdə üzümüzü ağ edən yüzlərlə məzununun adını çəkə bilərəm. Tibb Universitetini bitirmiş məzuna birdən-birə cərrah bıçağı vermirlər. Peşəkarlıq iş prosesində, təcrübə nəticəsində yaranır.
– Bunu “Jurnalistika fakültəsində hər şey qaydasındadır, heç bir problem yoxdur” iddiası kimi qəbul edə bilərikmi?
– Qətiyyən! Hər bir sahə kimi, bizim fakültə də problemsiz deyil. Qəbul qaydalarından tutmuş dövlət imtahanına qədər bütün mərhələlərin təkmilləşdirilməsinə ehtiyac var. İndi bunları sadalamaqla vaxt almaq istəmirəm. İnşallah, bir gün bu barədə ayrıca söhbətləşərik.
– İnşallah. Bildiyim qədər, siz şeir də yazırsınız. Daha çox hansı mövzulara üz tutursunuz, kimə ünvanlayırsınız ürək sözlərinizi?
– Əsl şeir hansısa ilahi bir qüvvənin diktəsi ilə yazılır, mövzunu da, ünvanı da o qüvvə verir. Son qoşmalarımdan birini nümunə kimi vermək istəyirəm:
Nəfəsim təngiyib tükənən yerdə
Havasız dünyama hava sən oldun!
Mən dözə bilməzdim o boyda dərdə,
Dözülməz dərdimə dəva sən oldun!
Yaxşı ki, zər qismət oldu zərgərə,
Qoymadın Məcnuntək düşəm düzlərə.
Qələmimdən çıxan bütün sözlərə
Yaraşıq sən oldun, məna sən oldun!
Talenin hökmünnən düşmüşdüm taxtdan,
Bir ömür yaşayıb ölmüşdüm çoxdan.
Tək sənin eşqinlə var oldum yoxdan,
İkinci ömrümə ana sən oldun!
– Qayıdaq yubileyinizə. Ən çox sizi nə təəssüfləndirir, ömrünüzün hansısa mərhələsindən giley-güzarınız varmı ki, kaş o günləri yaşamamış olardım?
– Yox. Tanrının yazdığı qismət müzakirə olunmur. Taleyimdən çox razıyam.
– 75 illik yubileyinizi kimlərlə, necə keçirtdiniz?
– İyulun 1-i şənbə günü idi. Tovuzdan və Qazaxdan olan dostlarım zəng elədilər ki, filan yerdəyik, dur gəl buraya. Getdim. Sazlı-sözlü gözəl bir məclis oldu. Aşıq dostlarım – Azər Xanlaroğlu, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı – bizi feyziyab etdilər. Ertəsi gün yenə həmin yerdə ailə üzvlərimlə və yenə həmin aşıqlarla bir yerdə olduq. Ayın 3-də fakültəmizin kollektivi möhtəşəm bir məclislə məni sevindirdi. Tədbirlər davam edir. Universitetdən, Mətbuat Şurasından gözləntilərim var.
– Günlərin, həftələrin, ayların və illərin biri-birini əvəzləyib yaş üstünə yaş gətirməsi və ya qocalıq sizi bədbin notlara kökləmir ki?
– Mən son dərəcə nikbin insanam. Həyatın inkişaf dialektikasını bildiyim üçün hər şeyi təbii qəbul edirəm.
– Tərəzinin gözünə qoysaq, 75 ildə əldə etdikləriniz ağır gələr, yoxsa reallaşmayan arzularınız?
– Tanrı insanı yaradarkən ona müəyyən missiya tapşırır, həmin missiyanı yerinə yetirəcək qədər ömür və enerji verir. Ona görə də tərəziyə ehtiyac qalmır.
– Təşəkkür edirəm, Nəsir müəllim. Bir daha da ad gününüzü təbrik edir, “Şərq” qəzeti adından sizə can sağlığı və uğurlar arzulayırıq!
– Mən də fürsətdən bəhrələnərək məni təbrik edən və müəyyən səbəblərdən edə bilməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun!
Söhbətləşdi: Şəymən
sherg.az / 2017-07-07
[bt_quote style=”default” width=”0″]Redaksiyadan: Bu təbrikə “ARAZ” Media Qrupunun kollektivi adından mən də qoşuluram. Nəsir bəy mənim də sevimli müəllimim olub. Bütün səmimi təbriklər halalı olsun! O, hər cür təbrikə layiq halal elm adamıdır. İyulun 1-də 76 yaşını qeyd edəcək Nəsir müəllimi qabaqcadan səmimi qəlbdən təbrik edirik. Sağlam yaşa, YÜZ yaşa NƏSİR BƏY! Bizim Sizin kimi halal insanlara, saf elm adamlarına hələ çox ehtiyacımız var![/bt_quote]
araz.az xəbər portalı.