
araztv.com xəbər verir ki, konfransı giriş sözü ilə açan AQC və QAİ sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlamış, konfransın keçirilməsinin təşkilatçısı olan Qərbi Azərbaycan İcması Qadınlar Şurasının bütün üzvlərinə, Şuranın sədri, Əməkdar mədəniyyət işçisi, şairə-publisist Telli xanım Pənahqızıya təşəkkür etmişdir.
Əziz Ələkbərli yazıçı Fərman Kərimzadənin yaradıcılığı və şəxsiyyəti barədə ümumi məlumat verdikdən sonra sözü AQC və QAİ Qadınlar Şurasının sədri Telli Pənahqızıya vermişdir.
Daha sonra filologiya elmləri doktoru, professor Almaz Ülvi (Binnətova) Fərman Kərimzadə yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişdir.
Məruzədən sonra konfrans iştirakçılarının çıxışları dinlənilmişdir. Millət vəkili Hikmət Babaoğlu Fərman Kərimzadə yaradıcılığına Qərbi Azərbaycan İcmasının diqqətini yüksək qiymətləndirmiş, sovet dövründə milli düşüncəli Azərbaycan gəncliyinin formalaşmasında Fərman Kərimzadə əsərlərinin əhəmiyyətli rol oynadığını və gələcəkdə də oynayacağına tamamilə əmin olduğunu bildirmişdir.
Konfransın işinə Türkiyənin İqdır şəhərindən qoşulan İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar əslən İrəvanın Sərdarabad mahalının Canfida kəndindən olduğunu və Fərman Kərimzadə kimi, onun ata-babalarının da eyni deportasiya və soyqırımı taleyi yaşadıqlarını söyləmişdir. O, İqdırlılar arasında Fərman Kərimzadənin “Qarlı aşırım” əsərinin geniş yayıldığını, Abbasqulu bəyin, Kərbəlayı İsmayılın, Qəmlonun qohum-əqrəbalarının indi də bu bölgədə yaşadıqlarını bildirmişdir.
Tədbirə qoşulan Şeyx Əbdül Mahmudov Fərman Kərimzadənin kinematoqrafiya sahəsindəki fəaliyyətindən, “Axırıncı aşırım” filminin çəkilişi ilə bağlı xatirələrindən bəhs etmiş, konostudiyada onunla işlədiyi illəri ömrünün ən əziz illəri hesab etdiyini söyləmişdir. O, Fərman Kərimzadə, Alim Qasımov və başqaları ilə birgə Vedibasar mahalına səfərlərindən danışmışdır.
Konfransın işində iştirak edən folklorşünas alim Əli Şamil 1988-ci il hadisələrini xatırladaraq, həmin ilin mayında Vedibasar mahalının Şirazlı kəndinə erməni daşnaklarının hücumundan sonra Fərman Kərimzadənin rayona gedib, hadisələrin şahidlərini götürüb Bakıya, Moskvaya apardığını xatırlatmış, yazıçının həmin dövrdə necə həyəcanlı günlər yaşadığı barədə bəhs etmişdir.
Daha sonra Azadə Novruzova, Binnət Əsgər, Sona Çərkəz, Şəmsiyyə Mustafayeva Fərman Kərimzadənin şəxsiyyəti və əsərləri barədə çıxış etmiş, təkliflərini vermiş, yazıçının 85 illik yubiley tədbirlərini il boyu davam etdirməyin zəruriliyini qeyd etmişlər.
Tədbirin sonunda yazıçı Fərman Kərimzadənin qızı Qəmər Kərimzadə çıxış etmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirmişdir.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.