

Cənab Prezident sovet rejiminin antiazərbaycan və ermənipərəst mahiyyətini də ortaya qoydu: “1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Bu da böyük ədalətsizlik idi. Onu da deməliyəm ki, o vaxt Zəngəzuru bizdən alanda indiki Ermənistan ərazisində yerləşən Zəngəzur indiki sərhədlərdə olmayıb, daha az ərazini əhatə edib. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər”.
Və bu proses 1969-cu ilə – Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayana qədər davam edib. 1921-ci ilin Qars müqaviləsində Azərbaycan-Ermənistan sərhədləri son dərəcə dəqiqliklə müəyyən edilsə də, “Böyük Ermənistan” virusu ilə xəstələndirilib, zombiləşdirilmiş bir topluma çevrilən ermənilər addım-addım ərazilərimizə soxulublar.
Cənab Prezident, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı erməni vəhşiliyinin növbəti mərhələsi kimi, 1948-1953-cü illər deportasiyası üzərində də dayandı: “1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Onlar, dağ yerlərində yaşamağa öyrəşmiş insanlar Aran zonasına köçürüldü, özü də o vaxt orada heç kim yaşamırdı – nə su var idi, nə yaşamaq üçün şərait var idi – bir çoxları da orada həlak oldular”.
Prezident İlham Əliyev Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən soydaşlarımızın deportasiyasının sonuncu – 1988-ci il mərhələsi üzərində də dayandı, bunu sovet hakimiyyəti tərəfindən xalqımıza qarşı törədilmiş cinayət və ədalətsizlik aktı kimi qiymətləndirdi.
Bəli, cənab Prezident hər çıxışında erməni faşizminin mahiyyəti, xalqımıza qarşı törətdiyi saysız-hesabsız cinayətlər barədə öz sözünü deyir, Qərbi Azərbaycan torpaqlarımızdan zaman-zaman qovulmuş soydaşlarımızın tarixi-siyasi-hüquqi-mənəvi haqqını yüksək kürsülərdən bildirir, gələcək nəsillər üçün mesajlarını verir, “biz mütləq o torpaqlara qayıdacağıq”, – deyir. Təəssüf ki, biz bu mövqeyin davam və inkişaf etdirilməsini bir çox dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində görmürük. Təəccüblüdür, nədən? Qoy bu suala da yüksək vəzifəli məmurlarımız, nazirlərimiz, komitə sədrlərimiz, idarə rəislərimiz cavab versin.
Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı.
araz.az xəbər portalı.