Baş redaktor: “Utopik eksperimentlər həyata keçirməyə meylli deyil”
“Ölkənin təhsil sektoru ilə bağlı neqativ xəbərlərin son dönəmlər sistemli xarakter alması, bəzi “cəfakeşlərin” ifrat canfəşanlığı adamın təsəvvüründə istər-istəməz müəyyən şübhələr yaradır, bu cansıxıcı havadan mütəşəkkil, çirkli, məkrli kampaniyanın qoxusu gəlir”.
araztv.com xəbər verir ki, bu barədə “525-ci qəzet”in baş redaktoru, AYB katibi Rəşad Məcid öz Facebook səhifəsində yazıb. Rəşad Məcid daha sonra sözlərinə belə davam edib:
“Təhsilin inkişafını hansısa şəxsi maraq güdmədən, ürəkdən arzulayan insanların narahatlığı təbii və anlaşılandır. Amma neçə illərdən bəri üst-üstə qalanmış qüsurların hamısını aparıb gənc nazirə bağlamaq haqsızlıq, sadə bir ailədən çıxmış, öz savadı, bacarığı sayəsində nazir pilləsinə yüksəlmiş bir məmuru açıq, birbaşa, səmimi fikirlərinə görə hədəfə almaq, onu bütün çatışmazlıqların baiskarı qismində qələmə vermək ədalətsizlikdir.
Belə baxanda, nazir bu vəzifəyə vur-tut ilyarım əvvəl təyinat alıb. Yəqin razılaşarsınız ki, kimdənsə təhsil sektoru kimi ağır və məsuliyyətli, həm də kifayət qədər problemli bir sahəni bu müddətdə hər birimizin arzuladığı səviyyəyə gətirməyi istəmək məntiqdən uzaq və absurd olardı. Bir yandan da, bu ilyarım ərzindəki fəaliyyətinə, ayrı-ayrı çıxış və müsahibələrinə diqqət yetirəndə açıqca görünür ki, nazir təhsil sahəsindəki mövcud vəziyyətdən yetərincə məlumatlıdır və ən əsası da xoşniyyətlidir. İctimai rəydə guya problemləri, çatışmazlıqları aradan qaldırmaq görüntüsü yaratmaq xatirinə hansısa radikal və utopik eksperimentlər həyata keçirməyə, bu dalğada yaxşını da pisin gözünə qatıb olan-qalan müsbət tendensiyaları da uçurub dağıtmağa meylli deyil. Reallıqları bilir və ona uyğun olaraq da təmkinlə davranaraq nəzərdə tutulmuş islahatları mərhələ-mərhələ, səbrlə gerçəkləşdirməyə çalışır.
Söz var, “xəstə tələsər, armud vaxtında yetişər”. Əgər doğrudan da ölkəmizin təhsil sistemində nələrinsə yaxşıya doğru dəyişməsini ürəkdən istəyiriksə, gənc və aydın düşüncəli nazirə nəfəs dərməyə, nəzərdə tutduğu islahatları həyata keçirməyə vaxt və imkan verməliyik. Yoxsa ki, sizdən, bizdən – hamımızdan biri olan, sadə, aydın bioqrafiyaya malik bir adamı addımbaşı qaralamaq pisniyyət qrupların dəyirmanına su tökməkdən başqa bir şey deyil.
Səbrli, ədalətli və təmkinli olmaqda fayda var!..”
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.