Bəllidir ki, 2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı həyata keçirilən əks –hücum əməliyyatları 44 gün ərzində davam etdi və sonda Vətən müharibəsi Azərbaycan tərəfinin parlaq qələbəsi ilə nəticələndi. Söz yox ki, biz bu qələbəyə danışıqlar masası arxasında deyil, döyüş meydanlarında nail ola bildik Bəli, biz bu Qələbəni döyüş meydanlarında şəhidlər qurban verməklə əldə etdik. O şəhidləri ki, onların hər biri “Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir! Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətəni sevmək təkcə torpağını sevmək demək deyil, eyni zamanda Vətənin hər bir sərvətinin qədrini bilmək deməkdir” deyib silaha sarıldılar və yağı düşmənin tapdaq altında saxladığı torpaqları azad etmək üçün qanlarından, canlarından keçdilər. Ona görə də 2020-ci ilin 27 sentyabrı xalqımızın, XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik müasir Azərbaycanımızın ən şanlı, ən parlaq zəfər səhifəsinin başlanğıcı oldu. Son otuz ilə yaxın müddət ərzində daha da azğınlaşaraq çirkin əməllərindən əl çəkməyən, fürsət düşdükcə minbir təxribata və hər cür fitnəkarlığa əl atan, işğalçılıq siyasəti yürüdən, havadarlarına arxalanaraq dədə-baba torpaqlarımızda “Böyük Ermənistan” yaratmağa çalışan ermənilər, növbəti dəfə işğalçılıq niyyətlərini həyata keçirməyə çalışsalar da, bu dəfə də alınmadı! Çünki, müzəffər Azərbaycan Ordusu düşmənə elə bir sarsıdıcı zərbələrini endirdi ki, bu dəfə onlar bizim nəyə qabil olduğumuzu əməlli-başlıca “dərk etməli oldular” .
Söz yox ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli iradəsi, yenilməzliyi, siyasi hazırlığı və s. Vətən müharibəsində parlaq qələbələr əldə etməyimizə imkan verdi. Bu və digər məsələlərlə bağlı əməkdaşımızın suallarını cavablandıran Cəlilabad rayonu, Privolnoye kənd sakini, Vətən müharibəsi şəhidi İbarət Əkbərovun atası Faiq Mətləb oğlu Əkbərov bildirir ki, “Prezident İlham Əliyevin bütün şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, bu gün də xalqımız tərəfindən lazımınca qiymətləndirilir. Şəhid ailələrinə dövlət büdcəsindən verilən təqaüdlər, birdəfəlik maddi yardımlar və s. bir daha onu sübut etdi ki, ölkə rəhbəri olduqca diqqətcil şəxsdir. Ona görə də düşünürəm ki, Vətən müharibəsinin başladığı ilk günün səhər saatlarında oğlum İbarət Əkbərovun da olduğu bölüyün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətindən hücuma keçməsi, az sonra Alxanlı kəndinin azad olunması uğrunda ölüm-dirim savaşına başlamaları diqqətdə saxlanılacaq. Qeyd edim ki, həmin əməliyyatlarda oğlum “BMP-1” piyadaların döyüş maşınını idarə edir. O, ilk əvvəl sürücü-mexanik vəzifəsində çalışsa da, rəhbərlik onun olduqca bacarıqlı olduğunu görür və çox keçmir ki, İbarəti baş sürücü-mexanik vəzifəsinə təyin edir. Yəni, onu qeyd etmək istəyirəm ki, bu bölük ilk döyüş əməliyyatlarında iştirak edən bölüklərdən olur və müharibənin ilk günündə bölüyə məxsus keçidaçan trakror ermənilər tərəfindən vurulur. Ona görə də, bölüyün döyüşkən qüvvələri minaların təmizlənmədiyi ərazilərdən keçməli olurlar. Döyüş əməliyyatlarının 2-ci günündə, yəni 28 sentyabrda nankor ermənilər Alxanlı kəndində İbarətin idarə etdiyi “BMP-1” piyadaların döyüş maşınını idarəolunan raket qurğusu ilə vururlar. Həmin vaxt bölük komandiri Dəniz Aslan ağır yaralanır və o, baş-beyin travması alır. Bölük komandirini döyüş maşınından İbarət və zirehli texnikanın tuşlayıcısı çıxarırlar. O, xəstəxanaya yerləşdirilsə də, baş-beyin travması və müəyyən yanıq xəsarətləri alan İbarət isə, zirehli texnikanın tuşlayıcısı ilə birlikdə döyüş əməliyyatlarını davam etdirir.
Oktyabrın 2-i günü oğlum əlindən yaralanır. Əlindən aldığı yaraya görə İbarəti hospitala yerləşdirsələr də, o, beş gündən sonra geri qayıdır və oktyabrın 7-də yenidən döyüş əməliyyatlarında iştirak edir. 12 oktyabr günü keçirilən döyüş əməliyyatlarının birində yağı düşmənin atdığı “AQS-30” dəzgahlı qumbarası oğlumun boyun nahiyəsinə dəyir. O, ağır bədən xəsarətləri alır və həmin gün də şəhid olur. İbarət ölümündən sonra “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunur. Hal-hazırda bir şəhid atası olaraq istərdim ki, oğlumun adı əbədləşdirilsin. Yəni, yaşadığımız ərazidəki təhsil müəssisələrindən birinə, yaxud da hansısa küçəyə və s. oğlum İbarətin adı verilsin. Əgər bu yöndə addım atılarsa, o halda biz də bir şəhid valideyini olaraq özümüzdə müəyyən qədər təsəlli taparıq. Bildirim ki, oğlum MAXE vəzifəsində çalışsa da, o, müharibənin ilk günlərindən qaynar nöqtədə döyüşür və kifayət qədər fədəkarlıqlar da göstərir. Yəni, qeyd etdiklərimi İbarətin döyüş yoldaşları, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantları, bölük komandirləri olmuş Dəniz Aslan və Ceyhun Müzəffərov da təsdiq edə bilərlər. Hər iki şəxs müharibədə ciddi xəsarət aldıqlarından xeyli müddətdir ki, ordu sıralarından təxris olunublar. Biz ümidvarıq ki, şəhid övladımızın adının əbədləşdirilməsi yöndə lazımi addımlar atılacaq”.
Bəli, bu bir şəhid atasının əsas istəyi, başlıca arzusudur. İnanırıq ki, şəhid atası Faiq Əkbərovun bu yöndə istəyi çox yaxın vaxtlarda öz həllini tapacaq. Çünki, şəhid İbarət Əkbərovun müharibənin ilk günündən keçdiyi döyüş yolları, göstərdiyi qəhrəmanlıqları və s. məhz onun adının əbədləşdirilməsinə tam əsaslar verir. Yəqin ki, o halda Şəhidin valideyinləri, əzizləri, digər yaxınları və s. küskün qəlblərinin sızıltılarına azacıq da olsa əlac edib, gələcəyə olan ümidlərini heç də itirməyəcəklər.
Kamal MİRZƏ.
araz.az xəbər portalı.