Azərbaycan xalqının təqvimində bayramlar az deyil. Amma onların arasında mayın 10 – u xüsusi anlam daşıyır. Məhz həmin gün xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev dünyaya göz açmışdır. H. Əliyevin Azərbaycan tarixində yeri nə qədər önəmlidirsə, onun doğum tarixi də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılır. Elə məhz bunun üçün də xalqımız mayın 10 – u tarixini hər il xüsusi cosqu ilə bayram edir, Ulu Öndər məhəbbətlə yad edilir, hər yerdə tədbirlər keçirilir.
Bu il də 95 illiyi qeyd olunan dahi səxsiyyət Heydər Əliyevə həsr olunmuş tədbirlərdən biri Bakının Yasamal rayonunda yerləşən şəhid Arif Hüseynzadə adına 20 saylı məktəb – liseydə düzənlənmişdi. Əsasən 7c sinf şagirdlərinin və onların sinif rəhbəri Üzülfət Umayevanın təşkilatçılığı ilə ərsəyə gələn tədbirə şagirdlər xüsusi ruh yüksəkliyi və coşqu ilə hazırlaşmışdılar.
Ulu öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər, fotoalbomlar, eksponatlar, şagirdlərin hazırladıqları əl işləri, çəkdikləri rəsmlər, düzəltdikləri süvenirlər və sairdən ibarət sərgi tədbir salonunu xususilə rövnəqləndirirdi.
Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında yuxarı sinif oğlanlarının salona marşla daxil olmaları ilə başladı. Sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ardınca, tədbir açıq elan olundu.
Şagirdlər Dahi Şəxsiyyətə həsr olunmuş şeirlər, kompozisiyalar, mahnılar və rəqslərlə maraqlı çıxışlar etdilər : “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”, ” Azərbaycan oğluyam”, “Heydər baba”, ” Qurban olum, Azərbaycan” mahnıları, ” Naz eləmə” və qaval rəqsləri, ” Heydər baba”, ” Ürəyimdəsən”,
“Ulu bir sərkərdə, Ulu bir öndər” şeirləri, ” Onu zaman seçib”, “Axtarır səni” kompozisiyaları tədbirə xüsusi rəng qatdı.
Sonda məktəbin direktoru Səadət Veysova çıxış etdi. O, Ümummilli Liderin müdrik siyasəti, uzaqgörənliyi, Azərbaycan xalqı üçün gördüyü işlərdən, onun kursunun layiqli davamçısı olan İlham Əliyev cənablarının ölkəyə uğurla rəhbərlik etməsindən qürurla söz açdı.
Səadət müəllimə tədbirin təşkilatçısı Üzülfət Umayevaya, tədbirə belə coşqu ilə hazırlaşan şagirdlərə öz dərin təşəkkürlərini bildirməyi da unutmadı.
Yekunda sərgi nümayiş olundu və xatirə şəkilləri çəkildi.
Nüşabə Əhməd
araz.az xəbər portalı.