Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısı keçirildi.
Bu Zirvə Toplantısının yekun Bəyanatı da qəbul edildi. Sözü gedən Bəyanatda, 44 günlük Vətən Müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi barədə məlumat qeyd edilməklə, həm də bu sənəddə “Zəngəzur dəhlizi” termini beynəlxalq anlayış kimi işlədildi.
Nəzərə alsaq ki, İƏT-in üç üzvü — Qazaxıstan, Qırğızıstan və Tacikistan, Rusiyanın patronajında olan KTMK, Avrasiya İqtisadi və Gömrük Birliyinin üzvləri kimi, Ermənistanın rəsmi müttəfiqlərinin də yekdilliklə qəbul etdiyi Bəyanatı imzalayıblar, onda, bu sənədin Ermənistana və onun təhrikçilərinə növbəti siyasi-diplomatik zərbə olması göz qabağındadır. Yeri gəlmişkən, bu təşkilata Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və İran üzvdürlər. Bu toplantıda İran Prezidenti İbrahim Rəisi də iştirak edirdi. Və Bəyanatın bu şəkildə qəbul edilməsinə maneçilik edilsə də, çoxluq qarşısında İran da bu Bəyanata imza atmalı oldu.
Aşqabaddakı zirvə görüşündə Azərbaycan Prezidenti ilə bir sıra görüşlər keçirilib. Bildiyimiz kimi, ölkəmizin rəhbəri İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Görüş, böyük ehtimalla, İran tərəfinin təşəbbüsü ilə baş tutub. Bu qənaəti, İbrahim Rəisinin İlham Əliyevi gözləməsi kadrları da təsdiq edir.
Bəli, bir neçə ay çəkən İran — Azərbaycan gərginliyi, İranın geri addım atması ilə nəticələndi. Yəni, İran Azərbaycanın tələb və şərtlərini yerinə yetirməli oldu. İranın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi,
toxunulmamazlığı barədə qətnamələr, qərarlar qəbul edib. Baxmayaraq ki, İran Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edib. Ancaq İran mütləq çoxluğa tabe olaraq, təklif olunan sənədlərə imza atmaqla öz riyakar siyasətini pərdələməyə çalışıb. O ki, qaldı İranın dövlət başçılarının Azərbaycanla bağlı hər çıxışlarında: “Azərbaycanın dövlət müstəqilliyin ilk tanıyanlardan biri də İran olub!” — kəlməsini səsləndirmələrinə, sözsüz ki, İran Azərbaycanın müstəqilliyinin ilk günlərindən “fars şiəsi” kartından istifadə edib. Bu da, onun, Azərbaycanı öz təsiri altına çəkmək istəyindən irəli gəlib həmişə. Konkret desək, dini mənsubiyyəti irəli, milli kimliyi arxa plana keçirməklə, Güney Azərbaycanın istiqlalını əngəlləmək və Azərbaycanın bütövləşməsinə mane olmaq niyyəti daşıyıb. İƏT-in Aşqabad Zirvə Toplantısı bir daha onu göstərdi ki, Azərbaycan dövləti öz xarici siyasətini elə qura bilib ki, düşmən dövlətlər də Azərbaycanı dəstəkləmək məcburiyyətinə salınır. Necə ki, İran, Rusiya, Fransa, ABŞ və digərləri kimi. BMT Təhlükəsizlik Şurasında, Avropa Birliyində və onun müvafiq təşkilatlarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, KTMT-də və sair beynəlxalq təşkilatlarda da düşmənlərinin etirazlarına və cəhdlərinə baxmayaraq, Azərbaycan öz istədiyini alır. Sözsüz ki, Qarabağ məsələsinin yekun həlli ilə, Xankəndinin və onun ətrafının da Azərbaycan yurisdiksiyasına qayıtmasının, Zəngəzur dəhlizinin açılışının da şahidi olacağıq.
Vüqar DADAŞOV,
hüquqşünas,MCP SŞ-nin üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.