Hər kəsə məlumdur ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər bir əsrdən də çoxdur ki, davam etməkdədir. Diqqət yetirək ki, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd olunur: “Tarixin müxtəlif vaxtlarında “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədilə erməni millətçiləri, havadarlarının köməkliyi sayəsində on minlərlə azərbaycanlını etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, yaşayış məntəqələrini dağıtmış, yandırmış, maddi və mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları və s. yerlə-yeksan etmişlər”. Bəli, erməni vəhşilikləri 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində bir daha sübuta yetirildi. Yəni, işğalçı ölkənin silahlı qüvvələri məğlubiyyətə düçar olduqlarından, onlar döyüş bölgələrindən xeyli aralı məsafədə yaşayan mülki şəxslərin yaşayış evlərini, bir çox obyektləri və s. raketlə, topla və digər dağıdıcı silahlarla darmadağın etdilər. Erməni işğalçılarının bu yöndə atdıqları addımlar nəticəsində yaşayış evi darmadağın olunmuş şəxslərdən biri də, Ağdam rayonu, Çəmənli kənd sakini Məmmədov Ədalət Həsi oğludur. Hal-hazırda da adı çəkilən bu şəxs olmazın durumla üz-üzə qalmaqdadır. Ona görə də o, üz-üzə qaldığı problemlə bağlı dövlət qurumlarından heç bir köməklik göstərilmədiyini dərk etdikdən sonra, redaksiyamıza müraciət etmək zorunda qalır. Ədalət Məmmədov redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir:
“Mən Birinci Qarabağ müharibəsi veteranıyam. Ötən ilin 27 sentyabrında erməni işğalçılarına qarşı həyata keçirilən Vətən müharibəsi zamanı, düşmən ölkənin silahlı qüvvələri tərəfindən 08 oktyabr 2020-ci il tarixdə atılan raket zərbəsi yaşadığımız evə böyük ziyan vurdu. Bir sözlə, yaşadığımız ev və içindəki əşyalar tamamilə yararsız vəziyyətə düşdü. Həmin vaxt qardaşım İlham Məmmədov ayağından ağır yaralandı. Hal-hazırda qarşıdan soyuq qış fəsli gəlir. Özüm əsəb xəstəsiyəm, həyat yoldaşım isə ağır xəstədir. Maddi imkansızlıq ucbatından vəsait əldə edib ermənilərin darmadağın etdikləri yaşayış evimizi qaydaya sala bilmirəm, dövlət qurumlarına yazdığım şikayət ərizələrimə, müraciətlərimə isə əhəmiyyət verilmir. Bugünə kimi Ağdam rayon İcra Hakimiyyəti və digər dövlət qurumları tərəfindən nə bizə, nə də ki, qardaşıma hər hansı formada köməklik göstərilməyib. Qeyd edim ki, yaşadığımız evə dəymiş ziyanın düzgün hesablanmasınının həyata keçirilməsinə köməklik göstərilməsi məqsədilə, bu ilin əvvəllərində ölkə rəhbəri İlham Əliyev cənablarının ünvanına göndərdiyim teleqrama 09 mart 2021-ci il tarixdə Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyevin imzası ilə təsdiq olunmuş cavab məktubu verilmişdir. Məktubda bildirilir: “Vətən müharibəsi zamanı ziyan çəkmiş evlərə baxış keçirilməsini Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya həyata keçirir. Sizin fərdi yaşayış evinizə dəymiş ziyanın düzgün qiymətləndirilməsi üçün NK-nə müraciət olunmuşdur”.
Azərbaycan Resublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yazmış olduğum ərizəmə isə, 29 iyun 2021-ci il tarixdə yenə də Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyevin imzası ilə təsdiq olunmuş cavab məktubu verilmişdir. Bu məktubda isə qeyd olunur ki, “Azərbaycan Resublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Resublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə imzaladığı Sərəncamın 1.1 bəndində nəzərdə tutulduğu qaydada dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində, 1.2 bəndində nəzərdə tutulmuş qaydada isə, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində vəsait ödənilsin. Sizin fərdi yaşayış evinizə komissiya tərəfindən baxış keçirilmiş, ziyan çəkdiyi müəyyən olunduğu üçün komissiya tərəfindən akt da tərtib olunmuşdur. Tərtib olunmuş Akta əsasən sizin evdə bərpa işlərinin aparılması nəzərdə tutulmuş və sizə 1000 manat məbləğində vəsait ödənilmişdir”. Bəli, indiyə kimi mənə belə bir cavablar verilsə də, hansısa dövlət qurumundan əməli addımın atılmasının şahidi ola bilmirəm. Evimiz darmadağın olunub, qarşıdan qış fəsli gəlir, havalar soyuyur. Bizə qarşı bəslənilən ögey münasibətin varlığını heç cür başa düşə bilmirəm”.
Qeyd edək ki, KİV nümayəndəsi olaraq Ədalət Məmmədovun redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi əsasında zərərçəkən şəxsə məxsus yaşayış evində olduq, real mənzərəni öz gözlərimizlə gördük, müəyyən çəkilişlər həyata keçirdik və belə bir qənaətə gəldik ki, bu şəxsə və ailə üzvlərinə qarşı göstərilən biganəlik, əslində dövlətimizə, bütövlükdə xalqımıza qarşı xəyanət kimi qiymətləndirilməlidir. Sual oluna bilər ki, aidiyyatı dövlət qurumları, ələlxüsus RİH-nin rəhbərliyi bu şəxsə və onun ailə üzvlərinə qarşı niyə tələbkarlıq nümayiş etdirmirlər? Görəsən Ədalət Məmmədov nə vaxta qədər gözləməlidir ki, belə bir olayla bağlı cavabdehlik daşıyan şəxslər isti kreslolarından ayağa duracaqlar və onun üz-üzə qaldığı problemi həll etmək haqda qərar qəbul edəcəklər?
[bt_youtube url=”‘https://www.youtube.com/embed/uC8f7POcjXs’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
[bt_youtube url=”‘https://www.youtube.com/embed/Gq9vPterh9E'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Mövzuya qayıdacağıq
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.