YAP siyasi partiya kimi şöhrətini getdikcə daha da artırır

 be1df9a5163732943461558767711074468 1

Bu günlərdə 29 illik yubileyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyasının yaranması və bu müddətdə Azərbaycan xalqı və dövləti üçün gördüyü işlər olduqca əhəmiyyətlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda gedən mürəkkəb ictimai-siyasi prosesler elə gərginləşmişdi ki, nə hadisələrin arxasınca sürünən hakimiyyət orqanları, nə də yeni yaranan siyasi təşkilatlar Azərbaycanı düşdüyü ağır durumdan xilas etmək iqtidarında deyildilər. Ölkədəki xaos, hakimiyyətsizlik tarixi zərurət nəticəsində əldə edilmiş müstəqilliyimizi itirmək təhlükəsi doğururdu. Ölkə siyasi böhran içərisində boğulurdu. Belə bir vaxtda Azərbaycana elə bir siyasi lider və təşkilat lazım idi ki, xalqı öz arxasınca aparmaq qüdrətinə malik olsun, ölkəni düşdüyü faciəli durumdan xilas edə bilsin. Həmin lider Heydər Əliyev, təşkilat isə onun yaratdığı Yeni Azərbaycan Partiyası oldu. O zaman Azərbaycanın ziyalıları, xalqın taleyindən narahat olan insanların hamısının ümid yeri kimi nəzərləri Naxçıvana dikilmişdi. Çünki, xalq bilirdi ki, Azərbaycanın belə ağır və məşəqqətli zamanlarında ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət, lider lazımdır. 1992-ci il oktyabrın 16-da  91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti “Səs” qəzetində dərc olundu. Əslində həmin müraciəti 91 ziyalı yox, minlərlə insan imzalamağa hazır idi. Azərbaycan əhalisinin böyük bir qrupu müxtəlif formalarda bu müraciəti etmişdi – Heydər Əliyevə teleqram vurmaqla, məktub yazmaqla, yanına getməklə və s. Nəhayət ulu öndərimiz bütün bu müraciətlərə və ziyalıların məktubuna cavab verərək partiyanın yaradılmasına razılıq verdi, bununla da Azərbaycan Respublikasının gələcək taleyini müəyyənləşdirmiş oldu. Partiyanın yaradılmasında və ümumiyyətlə, tarixində bu razılıq taleyüklü hadisə oldu. Sonralar ulu öndərimiz o günləri xatırlayaraq deyirdi: “Bu barədə çoxları gəlib mənə müraciətlər edirdi, günlərlə Naxçıvanda vaxt keçirirdilər, mənimlə danışıqlar aparırdılar, belə bir partiyanın yaradılması barədə təkliflər verirdilər. Bu təklifi qəbul etmək üçün o vaxtlar imkan və şərait yox idi. Lakin proseslər, eləcə də tək Bakıdan deyil, Azərbaycanın bir çox şəhərlərindən, rayonlarından mənə, Naxçıvana ardı- arası kəsilmədən gələn məktublar elə bir şəraitə gətirib çıxardı ki, mən Yeni Azərbaycan Partiyasının yaranmasına razılıq verdim”.

Bakı şəhərində YAP-ın təsis konfransının təşkilinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Azərbaycan rayon və şəhərlərindən 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda partiyanın proqram və nizamnəsi qəbul edildi və zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu.

YAP yaranandan sonra Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha mütəşəkkil xarakter aldı. Bir çox sanballı aksiyalar təşkil edildi. Yaş senzinin ləğv olunması ilə əlaqədar partiya üzvləri mitinq və nümayişlər keçirdilər. YAP-ın siyasəti parlament vasitəsilə bəyan edilməyə başlandı. Əlbəttə təzyiqlər davam edirdi. Partiyanın mövqeyini başa düşən və onunla razılaşan deputatların heç də hamısından köməklik görülmürdü, çoxları parlamentdə öz fikirlərini açıb deməkdən boyun qaçırırdı. Lakin belə hallar işin ümumi gedişinə əsaslı təsir göstərə bilməzdi.

Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatına məhz Heydar Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil idi. Qısa bir müddətdə Azərbaycanın əksər bölgələrində partiyanın yerli təşkilatları yaradıldı.

Xalqın təkidi və təzyiqi nəticəsində o zamankı iqtidar qərara aldı ki, vəziyyəti düzəltməkdən ötrü Heydər Əliyev Bakıya dəvət edilsin və bu işləri görmək üçün ona yüksək səlahiyyətlər verilsin.

1993- cü il iyunun 15-də Heydər Əliyevin üzərinə böyük missiya qoyuldu. O, siyasi hakimiyyətə qayıtdı və Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin ilin oktyabr ayının 3-də isə Azərbaycan Respublikasının prezidenti seçildi. Bununla da Azərbaycan tarixində yeni bir dövr başlandı.

Heydər Əliyevin ölkəmizin qurtuluşu naminə həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticələri qısa bir müddətdə öz bəhrəsini verdi. Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, xaos, anarxiya halları, vətəndaş müharibəsi təhlükəsi aradan götrüldü, qanunsuz silahlı dəstələt ləğv edildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar oldu. Dövlət aparatının çevik fəaliyyəti nəticəsində iqtisadiyyatda müsbət dəyişikliklər əldə olundu və inflyasiyanın qarşısı alındı. Azərbaycan tarixinə “Əsrin müqaviləsi” kimi daxil olan neft kontraktı bağlandı. Lokomotiv rolu oynayan bu kontrakt ölkə iqitisadiyyatının digər sahələrini də öz ardınca inkişafa apardı.

Ulu öndərin məqsədyönlü siyasəti xalqın gələcəyə inamını artırdı, dövlətçiliyimizi möhkəmləndirdi. Onun fəaliyyəti cəmiyyət üzvlərinin dövlət rəhbərinə olan inamını bir daha artırmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi siyasi xəttin düzgün olduğunu sübut etdi.

Heydər Əliyev ömrünün sonunadək Azərbaycanı yüksəltmək, inkişaf etdirmək naminə əlindən gələni əsirgəmədi. Bu gün ümumilli liderimizin yolunu onun siyasi məktəbinin layiqli davamçısı, dünya miqyasında tanınmış siyasətçi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ləyaqətlə davam etdirir. 2003-cü il oktyabrın 15-də tarixi bir seçim edən Azərbaycan xalqı demokratik, şəffaf, ədalətli seçkilərdə bu şərəfli missiyanı İlham Əliyevə həvalə etdi. Bununla da xalqımız sabitliyə, tərəqqiyə və sivil dünyaya inteqrasiyanın güclənməsinə tərəfdar olduğunu bir daha təsdiqlədi. Beləliklə, Azərbaycan özünün demokratik prinsiplərə sədaqətini bütün dünyaya yenidən bəyan etdi.

2003-cü ilin 15 oktyabr günü tarixi bir hadisəyə çevrildi. Azərbaycan xalqı etimad göstərdiyi liderə, beynəlxalq aləmdə kamil siyasətçi, təcrübəli diplomat, səriştəli dövlət xadimi kimi tanınan bir şəxsiyyətə səs verməklə ölkəmizi böyük tərəqqiyə aparan yolun Heydər Əliyev yolunun davam etdirilməsinin möhkəm əsasını qoydu.

Heydər Əliyev özünün mənalı, keşməkeşli həyatı və çoxcəhətli fəaliyyəti ilə görkəmli, müdrik və mahir bir siyasətçi kimi İlham Əliyev üçün ən böyük məktəb olmuşdur. Məhz Heydər Əliyev siyasi meydanda İlham Əliyevin ən qüdrətli müəllimi kimi onu formalaşdırmışdır. Ümumilikdə İlham Əliyev yeni tipli bir siyasi lider kimi dünya miqyasında özünü təsdiq etmiş Heydər Əliyev siyasət məktəbinin görkəmli yetirməsi, real və uğurlu bəhrəsidir.

İlham Əliyevin Yeni Azərbaycan Partiyası sıralarına qoşulması, hər şeydən əvvəl, bu partiyanın yeni enerji və ideyalarla daha da zənginləşməsinə xidmət etmişdir. Minlərlə gənc İlham Əliyevin ardıcılı olmaq üçün özünün taleyini həmişəlik olaraq Yeni Azərbaycan Partiyasına bağlamışdır. İlham Əliyev başlanğıc mərhələdə Yeni Azərbaycan Partiyasında yeni nəsil gəncliyin lideri kimi çıxış etmişdir. Bununla belə, Yeni Azərbaycan Partiyasında Heydər Əliyev kimi qüdrətli siyasi xadimin rəhbərliyi ilə müavin, birinci müavin kimi keçdiyi mənalı yol onun özünün də siyasi təcrübəsinin daha da zənginləşməsinə münasib şərait yaratmışdır.

Hazırda ölkəmizin Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri kimi zəngin ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə ciddi əhəmiyyət verir. İndiki mərhələdə Yeni Azərbaycan Partiyası yenə də Azərbaycan siyasi mühitinin ən mütəşəkkül, aparıcı qüvvəsi kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi imicinin qorunub mühafizə olunmasına, daha da genişləndirilməsinə ciddi diqqət yetirilir. Buna görədir ki, haqlı olaraq bu partiya yeniləşən Azərbaycanın yeni tipli, yetkin siyasi partiyası kimi şöhrətini nəinki qoruyub saxlayır, getdikcə daha da artırır. İlham Əliyev XXI əsrdə beynəlxalq miqyasda meydana çıxmış görkəmli siyasi şəxsiyyətlərdən biri kimi özünün liderlik potensialını, Müzəffər Ali Baş Komandan kimi rəhbəriliyi ilə Azərbaycan ordusunun 44 günlük böyük zəfərini bütün dünyaya bəyan etmişdir. Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrinin təmsilçilərinin Yeni Azərbaycan Partiyasına axını xalqın yeni dövrün görkəmli dövlət xadimi və siyasi lideri İlham Əliyevə olan böyük inamını dolğun şəkildə ifadə edir.

Zahid CƏFƏROV,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, Hüquq üzrə elmlər doktoru, YAP Yasamal rayon təşkilatının “Z.Xəlilov 23 (BDU)” ərazi partiya təşkilatının sədri.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir