Dərdin yollarını çəkib uzatdım…” — PAŞA TALIBLI

WhatsApp Image 2021 08 21 at 01.01.28

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblı çağdaş poeziyamızın “80-cilər” ədəbi nəslinin istedadlı mənsublarındandır. Hələ o dövrdən müasirləri içində fəallıq göstərib, aktiv olub və hazırkı çağımıza qədər keçməkeşli yaradıcılıq yolu qət edib…

O, uzun müddətdir ki, Rusiya Federasiyasında, Volqoqrad şəhərində yaşayır. Doğma Vətəndən uzaq olsa da, ölkədəki ədəbi prosesi mütəmadi olaraq izləyir, dövrü nəşrlərimizdə öz yaradıcılığı ilə çıxışlar edir.
araztv.com-ın dəyərli oxucularına çox hörmətli Paşa bəyin bir neçə şeirini təqdim edirik:

*
…Gecənin məhrəm üzünə
gün olan bilir mən kiməm.
…baxdığı güzgülər göynən
tən olan bilir mən kiməm.

…biləndə göy enib…gedən,
əyninə geyinib gedən,
özündən geniyib gedən-
gen olan bilir mən kiməm.

…bilməyənlər atam, bilməz!
Fəryadam mən, dadam…bilməz.
…mən kiməm hər adam bilməz,
mən olan bilir mən kiməm.

*
Eh, mən bilə-bilə dərdi böyütdüm…
Kim hara çıxıbdı balaca dərdnən?!
…şairlər də dərdin dahiləridi,
şairlər tarixdə qalacaq dərdnən.

Mən dərddən çıxıram evdən eşiyə…
…nə dünya quzudu, nə mən göyərti!
…dərdi səpələdim dilimin üstə—
dilimin üstündə çəmən göyərdi!

…dərdin yollarını çəkib uzatdım,
dərdin dağlarını çapmışam daha!
Bu dərd deyilənlə məzələnirəm,
ömrün məzəsini tapmışam daha!

…yeraltı yolların işığı dərddi!
Tikilir bu saray, qalaça dərdnən.
…şairlər də dərdin dahiləridi,
şairlər tarixdə qalacaq dərdnən!

*
…bu torpaqda bir şair də mən idim-
ömürlülər- yüzillilər yurdunda.
…bu torpaqda bir şair də mən idim-
Nizamilər, Füzulilər yurdunda.

…Nizamilər, Füzulilər yurdudu-
beş verəndə bir borc alır şairi.
…bu torpaqda bir şair də mən idim-
canım-gözüm, bir Borçalı şairi!

Dediyimi heç danmıram… danım da!
Kimin başı zirvələrə tən idi?
…adlı-sanlı şairlərin içində,
ətli-qanlı bir şair də mən idim.

Paşa TALIBLI,
Rusiya Federasiyası, Volqoqrad şəhəri

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir