AZƏRBAYCAN RUSİYA İLƏ BİR İTTİFAQDA OLA BİLMƏZ – Biz tarixi faciələrimizi, eləcə də 20 yanvar, Qarabağ şəhidlərini nə tez unutduq?!

Qudret HesenquliyevBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin aprelin 1-də keçirilən İctimai Televiziyada namizədlər üçün ayrılmış pulsuz efir vaxtı səsləndirdiyi fikirlər ictimaiyyət arasında haqlı olaraq etraz doğurub.

Xatırladaq ki, həmin debatda Azərbaycan hökumətinin xarici siyasəti müzakirə olunub. “Təəssüf ki, biz Dağlıq Qarabağ probleminin həlli üçün ciddi beynəlxalq dəstəyi ala bilməmişik”, – deyə çıxışını davam etdirən prezidentliyə namizəd Q.Həsənqiliyev prezident seçiləcəyi təqdirdə “biz Dağlı Qarabağ probleminin həlli üçün danışıqları Ermənistanla yox, Rusiya ilə aparacağıq”, vurğulayıb: “Bu konfliktin arxasında Rusiya dayanıb. İndiki bizim iqtidar bunu etiraf etməsə də, ad çəkməsə də, söyləyirlər ki, başqa xarici dövlətlər bu məsələyə müdaxilə etməsə, biz bir həftə və yaxud bir ay ərzində öz torpaqlarımızı azad edə bilərik”.

Əslində, bu fikirləri ilə deputat həm də Azərbaycan hökumətinin xarici siyasətini ifşa edib. Bu çıxışdan aydın olur ki, hazırkı iqtidarın əvəzinə, prezidentliyə namizəd Rusiya ilə danışıqların nəticə vermədiyini etiraf edir və bu məsələnin arxasında birbaşa Kremlin durduğunu açıqlayır.

Şübhəsiz, Azərbaycan cəmiyyətində kiçikdən böyüyə hər kəsə bəllidir ki, Dağlıq Qarabağ problemi Rusiyanın yaratdığı problemdir və regionda təsir gücünü saxlamaq üçün Rusiya bu münaqişənin həll ediməsini istəmir. Təəssüflə qeyd etməliyik ki, bütün bunlara rəğmən Azərbaycan iqtidarı Rusiya ilə münasibətlərdə çox ehtiyatlı davranır və heç vaxt bu məsələdə Moskvanı ittiham etmir.

“Danışıqlar Rusya ilə aparılmalıdır”, – deyən Q. Həsənquliyev isə çıxışında bir az da irəli gedərək Azərbaycanı yenidən Rusiya ilə birliyə səsləyir: “Biz Rusiyadan tələb etməliyik sən Azərbaycandan nə istəyirsən ki, qarşılığında imkan verəsən ki, böyük dağıntılarsız, itkilərisiz biz bu problemi sülh yolu ilə həll edək. Ermənistan bizim qonşumuzdur və biz əbədi olaraq onunla bir yerdə yaşamalıyıq. Əgər bu sülh qarşılığında Rusya Azərbaycandan tələb edəcəksə ki biz Kollektiv Təhlükəsizlik Müqaviləsinə, Avrasiya Birliyinə, Gömrük İttifaqına üzv olaq böyük məmuniyyətlə mən buna gedəcəm və hesab edirəm ki, siz də bunu dəstəkləməlisiniz”.

Maraqlıdır ki, Rusiyaya bu qədər güzşətə getməyin nəyi “tələb” oldu?! Həsənquliyev ondansa “Rusiyadan xahiş, minnət edərik” desəydi, daha doğru olardı. Nə vaxtdan ölkənin müstəqilliyindən vaz keçib, Rusiyanın kəndirini yenidən Azərbaycanın boğazına dolamaq tələb olub, bizim xəbərimiz yoxdur! Görəsən, fələyin çarxı tərsinə dönərək Q.Həsənquliyev prezident olardısa, Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqavilsi Təşkilatına (KTMT) və yaxud Avrasiya İttifaqına hansı məntiqlə üzv olardı? Hansı ki, KTMT-nin baş katibi erməni əsilli Yuri Xaçaturovdur. Belə çıxır ki, dağıntılarsız, itkilərisiz Dağlıq Qarabağ probleminin həll edilməsi naminə bütün Azərbaycanın müstəqilliyindən vaz keçməliyik?! Axı, Azərbaycan müstəqillik əldə etmək üçün nələrdən keçməyib. Yəni biz tarixi facilərimizi, 20 yanvar şəhidlərini, Qarabağ uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidləri belə tez unutduq?!

Azərbaycan hələ də Rusiyanın təzyiqlərinə məruz qalır

“Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Azərbaycanı iki yerə bölən Çar Rusiyasının və İranın Azərbaycana bəlallar yaşatması hər kəsə bəllidir. Sonradan XX əsrin əvvələrində “Qızıl ordu”nun Azərbaycana soxulması və müstəqil Azərbaycanı Sovet İmperiyasının tərkibinə daxil etməklə, 70 il Moskvanın Azərbaycana “ağalıq” etməsi bizə nə verdi ki, biz yenə də Rusiya ilə bir ittifaqda olaq? Sovet İmperiyası möcud olduğu illərdə Azərbaycan xalqı imperiya tərkibində həmişə aşağılanıb. Ruslar, gürcülər, ermənilər necə deyərlər, ortada yeyib, qıraqda gəzib. Demək olar ki, heç vaxt Azərbaycan xalqına dəyər verilməyib. Məsələn, Azərbaycanlı əsgərlər imperiyanın hərbi hissələrində özbəklər kimi ancaq tikintidə çalışıb. Azərbaycanlı qadınlar pambıq tarlalarında işləməkdən qadınlıq hissiyyatını itirib, ölkəmiz beş illik planları ödəməkdə həmişə öncül sıralarda olub. Sovet imeriyasının Azərbaycana və azərbaycanlılara münasibəti yalnız belə olub: azərbaycanlılar işləsin, ruslar, gürcülər, ermənilər yesin-içsin, kef çəksin. Hələ 37-ci il repressiya qurbanlarını demirəm. Bilərəkdən 39 min azərbaycanlı ziyalı məhv edilib.

Bütün bunlar bəs deyilmiş kimi, Azərbaycan müstəqillik əldə etsə də, yenə bu gün də ölkəmiz Rusiyanın təzyiqlərinə məruz qalır. Bunu bir neçə gün öncə prezidentin köməkçisi Əli Həsənovun açıqlaması da sübut edir. Hansı ki, Ə.Həsənov bəzi dövlətlərin Azərbaycandan əvəzsiz pay istəməsini ciddi şəkildə bəyan etdi. PA rəsmisi bu açıqlamada Rusiyanın birbaşa adını açıqlamasa da, bu, hərkəsə məlum faktdır ki, Azərbaycandan əvəzsiz pay istəyən ilk növbədə Moskvadır.

Maraqlıdır ki, müstəqil Azərbaycanın mövcud olduğu müddətdə belə Azərbaycanı rahat buraxmayan Rusiya ilə Avrasiya İtifaqında və yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında necə bir yerdə olmaq olar?!

“Bütöv Azərbaycan sevdalısı” Rusiya sevdalısına necə çevrildi?

Məsələnin diqqət çəkən digər tərəfi isə də odur ki, Azərbaycanı Rusiyanın qucağına sürükləmək istəyən Q.Həsənquliyev unudur ki, o, özü də Sovet İmperiyasına qarşı mübarizə apararaq Milli Azadlıq Hərəkatının iştirakçısı olub və bu gün də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. Adından da göründüyü kimi, prezdientliyə namizədin sədrlik etdiyi partiya Bütöv Azərbaycan ideyasını əsas tutub və bu ideyanın daşıyıcısıdır. Necə olur ki, birdən-birə “Bütöv Azərbaycan sevdalısı” bir şəxs dönüb “Rusiya sevdalısı” oldu? Maraqlıdır ki, özünü Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin davamçısı hesab edən və onun şəklini otağında saxlayan şəxs indi Rusiya sevdalısı olub. Axı, Elçibəy heç vaxt Rusiyanı sevməyib, həmişə bütöv Azərbaycan arzusunda olub. Elçibəyin bütöv Azərbaycan arzusunu yerinə yetirmək istəyində olan davamçılar yoxdursa, bu ideyanın sadəcə partiyanın adında mövcud olması nəyi dəyişir ki?! Əslində, Azərbaycanın Rusiyanın qucağına sürüklənməsi kimi təkliflərin ifadə olunması Elçibəyin ruhuna hörmətsizlikdir.

Gör, nə qədər həyasız olasan ki, torpaqları işğal altında olan dövlətə deyəsən ki, təcavüzkara güzəştə get. Onlara nə güşətə getməliyəm? Torpağımı verməliyəm?”, – bu fikiləri isə elə həmin debatda Sosial Demokrat Partiyasını sədri, prezidentliyə namizəd Araz Əlizadə səsləndirib. Hansı ki, bu fikir Azərbaycanın sülh qarşılığında Rusiyaya güzşətə getməsini istəyən Qüdrət Həsənquliyevə cavabdır. Baxmayaraq ki, Qüdrət Həsənquliyevdən fərqli olaraq Araz Əlziadənin sədri olduğu pariyanın adında “Bütöv Azərbaycan” sözü yoxdur, nə də o ideyanın daşıyıcısı deyil, hətta sosialist təfəkkürlü bir şəxsdir.

Həmin debatda demək olar ki, Qüdrət Həsənquliyevdən başqa, Azərbaycanın xarici siyasəti haqqında danışan namizədlərin hamısı ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyinə önəm verib. Hətta Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olmasından təəssüf hissi keçiriblər və Azərbaycanın Türkiyə ilə hərbi birlikdə olmasını arzu ediblər.

Azərbaycanla Türkiyənin bir hərbi birlikdə olması daha çox arzuolunandır

ADP sədri Sərdar Cəlaloğlu isə açıq-aşkar bəyan edib ki, bizim ənənəvi düşmənimiz Rusiyadır: “Rusiya bizi işğal, ilhaq edib. Bu gün də torpaqlarımızı azad etməyimizə mane olan Rusiyadır. Rusiyanın qoltuğuna girməklə, biz hər şeyimzi itirərik. Ona görə də mən başqalarından fərqli olaraq, belə hesab edirəm ki, “bir milət iki dövlət” şüarı artıq dəyişdirilməlidir. “Biz bir millət bir dövlət” şüarı irəli sürürük. Mən prezident olaramsa, türk konfederasiyasının yaradılmasına nail olacam və Türkiyə ilə Azərbaycan vahid bir xarici siyasət aparacaq, dostumu, düşmənimiz eyni olacaq”.

Əslində, Sərdar bəy haqlı olaraq Türkiyə -Azərbaycan birliyinə nail olunmasını istəyir. Çünki Azərbaycanla Türkiyənin bir hərbi birlikdə olması daha çox arzuolunandır. Ona görə ki, bu, Azərbaycanı daim təzyiqə, işğala məruz qoyan Rusiya üçün ağır bir zərbə olardı.

Artıq Türkiyənin regiondakı mövqeyi də onu deməyə əsas verir ki, Rusiya Türkiyə ilə hesablaşmağa məcbur bir durumdadır. Rusiyanın “Skripal işi”indən sonra beynəlxalq aləmdən müəyyən qədər təcrid olunması və Türkiyənin Yaxın Şərqdə apardığı uğurlu hərbi əməliyyatlar Kremli məcbur edir ki, Türkiyə ilə birgə siyasət yürütsün. O baxımdan da Türkiyə ilə Azərbaycan bir hərbi blokda olarsa, təbii ki, bu, Rusiyanın Azərbaycan siyasətinə mütləq öz təsirini göstərəcək və Rusiyanı Azərbaycana qarşı addımlarında ehtiyatlı olmağa vadar edəcək. Elə ona görə də Sərdar bəy və digər namizədlər, hansı ki, Azərbaycanın Türkiyə ilə bir birlikdə təmsil olunmasını istəyirlər, onların bu istəkləri daha çox arzuolunandır.

Yaxşı olar ki, kiçik məqsədlərinizə görə “Bütöv Azərbaycan” ideyasını qurban verməyəsiniz

Əksər namizədlərin Azərbaycanın Türkiyə ilə münsibətlərinin daha da sıxlaşmasına önəm verməsi, yalnız BAXCP sədrinin Azərbaycanın Rusiyanı qucağına sürükləməsindən beləbir sual yaranır ki, niyə “Bütöv Azərbaycan sevdalısı” birdən-birə dönüb Rusiya yanlısı oldu? Yəni Q.Həsənquliyevin bu maraqları nəyə hesablanmış addımdır? Çox güman ki, bu hakimiyyət daxilində olan ruspərəst qüvvələrin, yəni “5-ci kolon” nümayandələrinin arzu və istəkləridir ki, Azərbaycan yenidən Rusiya ilə bir birlikdə təmsil olunsun. Artıq bu barədə iddialar da var ki, növbəti parlament seçkilərində ana müxalifət ünvanının Q. Həsənquliyevə verilməsi planlaşdırılır və bu səbəbdən də Həsənquliyev yükəsk çinli ruspərəsət məmurun arzu və istəklərini ifadə edərək, Azərbaycanı yenidən Rusiyanın əsasərtinə sürükləmək məqsədi güdür ki, o da öz məqsədinə nail olsun. Amma Q. Həsənquliyev unudur ki, kiçik məqsədləri üçün Bütöv Azərbaycan ideyasına və davamçısı olduğu mərhum prezident Əbülfəz Elçibəyə, eyni zamanda Azərbaycan xalqına xəyanət edir. Azərbaycan heç vaxt Rusiya ilə bir birlikdə və yaxud ittifaqda ola bilməz. Çünki Rusiya Azərbaycanın əbədi düşmənidir. Nə də Q.Həsənquliyevə xalq imkan verməz ki, prezident olasa, “siz də bunu dəstəkləməlisiniz” deyə xalqı Rusiyaya güzəştə getməyə məcbur etsin. Ona görə də, yaxşı olar ki, kiçik məqsədlərinizə görə “Bütöv Azərbaycan” ideyasını qurban verməyəsiniz, cənab Həsənquliyev.

Şamo EMİN, Hurriyyet.org

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir