Sosial şəbəkələrə ötürülən və araztv.com xəbər portalının redaksiyasına gəlib çatan bu şəkil də, fars rejiminin maraqlarının qoruyucusu olan, dəhşət dolu cəza və edamlarıyla dünyada “məşhurlaşan” İran türmələrinin birində gizli çəkilib. Kədər, qəm, dəhşət,.. dolu bir edam səhnəsidir!
Az sonra edam olunacağını bilsə də, boynuna kəndir keçirilən bu gənc əlində tutduğu qabdakı suyu son damlasınadək ləzzətlə başına çəkir. Çünki az öncə onun son arzusu yerinə yetirilib cəlladları tərəfindən. Yəni, cəlladları edama başlamazdan bir az əvvəl: “Son istəyin nədir?” — deyə, ŞAİR, İCTİMAİ FƏAL RAMİN HÜSEYNƏ sual verirlər. Raminsə demir ki, bəsdirin insan haqlarını pozdunuz, ölkəni taladınız, törədilən qanunsuzluqlara göz yumdunuz — bunları yığışdırın! Onsuz da, yaxşı bilirdi ki, cəlladları tərəfindən bu xahişə əməl olunmayacaqdı. Elə, buna görə də, sadəcə su istəyir…
…Beləcə, bir qab suyu ləzzətlə başına çəkdikdən sonra, əbədiyyətə qovuşan daha bir mübariz soydaşımızın yarımçıq qalan ömrü tarixə yazılır.
Görəsən, Raminin günahı nə oldu?! Qısa bir ömür yaşayan bu gənc, doğrudanmı, dara çəkilməyə səbəb bağışlanmaz bir günah işlətdi?! Xeyr!!! Sadəcə, hər zaman, hər yerdə öz Ana Vətənindəki — Cənubi Azərbaycandakı həqiqəti vəsf edirdi öz şeirlərində. Bir də ki, solçu və müxalif idi! Bu isə, İran hakimiyyəti tərəfindən bağışlanması mümkünsüz bir səbəbdir! Bunu təkcə biz yox, bütün dünya bilir!
VƏTƏNOĞLU.
araz.az xəbər portalı.