“RBC” Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin analitiklərinə istinadən Azərbaycan və Ermənistan arasında hərbi münaqişənin kəskinləşmə ehtimalından xəbər verir. Özü də Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü getdikcə daha çox nəzərə çarpır. Dağlıq Qarabağla bağlı Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin kəskinləşməsi qaçılmazdır. Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin ekspertləri “Tufan gözləntisi: Cənubi Qafqaz” adlı hesabatda bu qənaətə gəliblər.
Eskpertlər hesab edir ki, münaqişənin kəskinləşməsinin bir neçə səbəbi ola bilər: Azərbaycanın texniki üstünlüyü, neft qiymətinin artma ehtimalı, demoqrafik disbalans, həmçinin ermənilərin işğal etdiyi Qarabağ bölgəsinə aid olmayan Azərbaycan torpaqlarının hüquqi müstəvidə öz əksini tapmaması.
Neftin gücü
Qarabağ münaqişəsindən (1991-1994-cü illər) sonra onilliklər boyu bir tərəfdə Azərbaycan, digər tərəfdə Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikası (DQR) arasında qüvvələr balansı qorunub saxlanıb. 1990-cı illər Amerikanın Azərbaycana silah tədarükünə embarqo qoyması və Rusiyanın Ermənistanı dəstəkləməsi Cənubi Qafqaz regionunda qüvvələr nisbətini tarazlaşdırıb.
Mərkəzin ekspertləri hesab edir ki, neftin qiyməti 2000-ci illərdə kəskin qalxdıqdan sonra qüvvələr nisbəti zəngin neft hasilatı sənayesinə malik Azərbaycanın xeyrinə dəyişib. Ölkənin artan gəlirləri hərbi xərcləri çoxaltmağa və ordunu genişləndirməyə imkan verib. Hesabatda deyilir ki, əgər 2001-ci ildə ölkənin hərbi büdcəsi 300 milyon dollar təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 3,7 milyard dollara çataraq Ermənistanın dövlət büdcəsinə bərabər olub. “SIRPI” təşkilatının məlumatına əsasən, Azərbaycanın hərbi xərcləri 2001-ci ildə təxminən 300 milyon dollar, 2013-cü ildə təxminən 2,8 milyard dollar təşkil edib, 2015-ci ildə isə bu göstərici 3 milyard dollara çatıb. “Military Balance” təşkilatının hesabatına əsasən, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin say tərkibi 126 min nəfərə çatıb. “İdarə şöbələri, prezident qvardiyası və müxtəlif hərbiləşdirilmiş birləşmələrin, həmçinin mülki heyət nəzərə alınmaqla, Azərbaycanda əli silahlı insanların ümumi sayı 250 min nəfərdən az deyil”,- mərkəzin hesabatında deyilir.
Ermənistan Silahlı Qüvvələri 2002-ci ildən bəri 45 min nəfər təşkil edir. Dağlıq Qarabağ ordusunun say tərkibi 20 min nəfərdir ki, onların yarısı Ermənistandan olan çağırışçılardır.
Neft gəlirləri Azərbaycan ordusunun geniş miqyaslı, eyni zamanda kifayət qədər xaotik silahlanmasına imkan yaradıb. Çoxlu sayda müasir tanklar, zirehli döyüş maşınları, zenit-raket kompleksləri, təyyarələr, helikopterlər, tank əleyhinə idarə olunan raketlər, artilleriya sistemləri, müşahidə qurğuları, pilotsuz uçuş aparatları əldə olunub. Əsas tədarükçü kimi İsrail, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə və Rusiya çıxış edib. Bakının yeni imkanları aprel döyüşləri zamanı nümayiş etdirilib. Toqquşmalar müasir texnika ilə təchiz olunan Azərbaycan ordusunun gecə hərbi əməliyyatlarında üstünlüyə malik olduğunu göstərib.
Azərbaycanın güclənməsi Rusiyanın reaksiyasına səbəb olub. Sonuncu 2013-cü ildən Ermənistana silah tədarükünü artırıb. 2016-cı ilin fevralında silah əldə etmək üçün Ermənistana 200 milyon dollar məbləğində kredit təqdim olunub. Tədarükə “Smerç” yaylım atəşli reaktiv sistem və bu sistemlər üçün nəzərdə tutulan raketlər, daşına bilən zenit raket kompleksi, radiotexniki kəşfiyyat vasitələri, “TOC-1A” alov saçan sistemlər, yüngül və atıcı silahlar daxil edilib. Bundan başqa, aprel döyüşlərindən sonra Yerevan fərdi gecəgörmə cihazları və teplovizorlar, hərəkət ötürücüləri, lazer kəşfiyyat qurğuları və pilotsuz cihazlar əldə edib.
Hərçənd neft qiymətinin aşağı düşməsi ilə Azərbaycanın hərbi xərcləri də azalmağa başlayıb. Qeyd edək ki, 2015-ci ildən ölkənin hərbi xərcləri ildə 1,55-1,7 milyard dollar təşkil edib. Bu da orta və uzunmüddətli perspektivdə Ermənistan tərəfi üçün əlçatan görünmür. Ötən il Ermənistanın hərbi xərcləri 440 milyon dollar təşkil edib. 2016-cı ildə bu göstərici 436 milyon dollar olub.
Demoqrafik böhran
Sovet dövründə Azərbaycan SSR-in və Ermənistan SSR-in əhalisi müqayisə edilə bilən sürətlə artıb. Lakin 1993-cü ildən vəziyyət dəyişib.
Azərbaycan əhalisi fəal emiqrasiyaya baxmayaraq, ildə 1-2,5% artmağa davam edir. Doğum səviyyəsinin aşağı düşməsi və kütləvi emiqrasiyaya görə Ermənistan əhalisi, xüsusilə gənclərin arasında kəskin azalma müşahidə edilir. 1993-1995-ci illərdə əhalinin sayı ildə 3% azalıb. Ermənistan əhalisinin sayının əvvəldən az olduğunu nəzərə alsaq, bu, demoqrafik disbalansın artmasına gətirib çıxarıb.
1993-cü ildə Ermənistan və DQR əhalisinin sayı 3,6 milyon nəfər, Azərbaycanın isə 7,44 milyon nəfər olub. 2000-ci ildə müvafiq olaraq 3,37 milyon və 8 milyon, 2014-cü ildə isə 3,15 milyon və 9,5 milyon nəfər təşkil edib. Hesabat müəllifləri qeyd edir ki, Azərbaycan əhalisinin yaş strukturunda hərbi xidmətə yararlı gənclər üstünlük təşkil edir, halbuki Ermənistan əhalisi qocalır. 2016-cı ildə Azərbaycanda hərbi xidmətə çağırılanların sayı 800 min nəfər, Ermənistanda isə 225 min nəfər olub.
Bildirilir ki, demoqrafik tendensiya dəyişməsə, Ermənistan əhalisi 2050-ci ilə qədər 2,7 milyon nəfərə qədər azala bilər. Eyni zamanda, BMT-nin proqnozlarına əsasən, Azərbaycan əhalisi həmin müddətədək 11 milyon nəfərə çata bilər.
Sosial problemlər
Məruzədə deyilir ki, Bakı, həmçinin demoqrafik artımın da səbəb olduğu sosial gərginliklə üzləşir. İş tapa bilməyən əyalət gənclərinin şəhərlərə axın etməsi ciddi daxili siyasi risk amilinə çevrilib.
Ermənistanın nümayiş etdirdiyi istənilən zəiflik Bakının Dağlıq Qarabağda yeni hərbi əməliyyatlara başlamasına səbəb ola bilər. Və bu, sürətli hücum olsa, Bakı qələbə qazana bilər.
Analitiklər hesab edirlər ki, hələlik bu münaqişənin hüquqi həllinə ümid etmək lazım gəlmir. “Qarabağın mənsubiyyət məsələsi ilə bağlı müzakirə zamanı Azərbaycan tərəfi keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin tərkibinə daxil olmayan ərazilərin geri qaytarılmasını şərt kimi irəli sürür. Bununla belə, yalnız Ağdam və Füzuli rayonlarının qaytarılması Ermənistanın müdafiəsinin dayanıqlığını xeyli zəiflədə, Laçın və ya Kəlbəcər rayonlarının geri qaytarılması isə onu tamamilə sarsıda bilər”, – məruzə müəllifləri qeyd edir.
“Qarabağın faktiki statusu beynəlxalq səviyyədə leqallaşdırılmayıb. Ermənistan tərəfi isə müqayisə edilməz iqtisadi və demoqrafik resurslarla Azərbaycanla silah yarışına girib”, – hərbi ekspertlər belə bir qənaətə gəlib.
Rusiya amili
Mərkəzin direktoru Konstantin Makiyenko bildirir ki, bu gün Rusiya diplomatiyası qiymətli tərəfdaş və qaçılmaz müttəfiqi ilə münasibətlərdə balansın saxlanması kimi mürəkkəb tapşırığı həll edir.
O, qeyd edir ki, Rusiya Suriya münaqişəsində iştirak edir, həmçinin Donbasda mümkün təxribatları da nəzərə almaq lazımdır. “Rusiyanın resurslarının da bir həddi var. Belə bir vəziyyətdə Moskvaya üçüncü münaqişə ocağı gərək deyil. Bununla yanaşı, bütün postsovet tarixi göstərir ki, Rusiya Zaqafqaziyadakı böhranlara laqeyd yanaşa bilməz”,- Makiyenko hesab edir. Ona görə hadisələrin bu şəkildə inkişaf etməsinə,”viranedici, siyasi cəhətdən arzu edilməz və ümumiyyətlə yalnız ən son tədbir kimi hərbi müdaxiləyə” icazə vermək olmaz.
Federasiya Şurası Komitəsi sədrinin beynəlxalq məsələlər üzrə birinci müavini Vladimir Cabarov “RBC”-ya açıqlamasında bildirib ki, münaqişə indiyədək tənzimlənmədiyi üçün onun aktiv mərhələyə keçid təhlükəsi mövcuddur. Onun sözlərinə görə, bu cür məsələlərin danışıqlar masası arxasında həll edilməsi üçün Rusiya əlindən gələni edir. “Bununla yanaşı hesab edirəm ki, bu münaqişənin həllini gələcək nəsillərin ixtiyarına vermək lazımdır. Hazırda vəziyyətdən çıxış yolu tapmaq çox çətindir, çünki heç bir tərəf güzəştə getmək istəmir”, – Cabarov deyib.
araz.az xəbər portalı.