Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev nəvəsinin toyu ilə bağlı yeni açıqlama yayıb.
Akademik bu dəfə onun barəsində fikirlər səsləndirən deputatlara, qəzet redaktorları və partiya sədrlərinə səslənib, onları məhkəməyə verməklə hədələyib.
R.Mehdiyevin dını çəkdiyi politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında onun Azərbaycanda siyasi islahatları tormozlayan fiqur olduğunu deyib:“Ramiz Mehdiyev məhkəməylə hədələdiyi insanlar içərisində mənim də adımı çəkib.
O, mətbuatda onun haqqında dediyim fikirlərdən narazı qalıb. Keçmiş məmur son yazısında Rusiyaya bağlı olmadığını, büllur kimi təmiz işlədiyini, az qala ölkədə əsas islahatçı olduğunu təlqin etməyə çalışıb. Cənab Mehdiyev, Ermənistana tonlarla hərbi texnika daşıyan Rusiya ilə strateji münasibətlər haqqında neçə-neçə yazınızı oxumuşam. Azərbaycanda siyasi islahatları tormozlayan fiqur olmusunuz. İrəli sürdüyünüz kadrların rayonlarda hansı oyunlardan çıxdığı göz qabağındadır, icra başçılarının rüşvətlərini yığıb-yığışdırmaq olmur. Yeri gəlmişkən, məmur maaşı ilə Novxanıda lüks villaların hansı pulla alınması da maraqlıdır. Bir də ki, dövlətçi olduğunu iddia edən məmur toy biabırçılığından (qanunsuzluğundan) sonra dövlətinin adına zərər gəlməsin deyə özü istefa verərdi. Siz isə Elmlər Akademiyasının saytından öz şəxsi məqsədləriniz üçün istifadə edirsiniz. Deyəsən, dövrünüzün bitməsiylə barışa bilmirsiniz, ancaq Sizin eranız bitib”.
Vilayət Muxtar
Cebhe.info
araz.az xəbər portalı.